Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
AZƏRBAYCANDA APARILAN MƏHKƏMƏ İSLAHATLARI BÜTÜN AVROPADA ÖRNƏK KİMİ DƏYƏRLƏNDİRİLİR
20.12.2011 830
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda Avropa Şurasının müvafiq qurumlarının Azərbaycanda aparılan məhkəmə islahatları ilə bağlı hesabatları müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, son illər ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatları, o cümlədən hakimliyə namizədlərin seçim prosesi nüfuzlu beynəlxalq təşkilatların da diqqətini cəlb etmişdir.
Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaratmış və qrup üzvləri Azərbaycana səfər etməklə hakimliyə namizədlərin seçimini bilavasitə izləmişlər.
Çoxmərhələli seçim prosesini, o cümlədən bütün namizədlərin vahid auditoriyada, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə imtahanlar verməsini, sualların və nəticələrin həmin auditoriyada aşkarlanmasını, imtahan prosesinin bütün mərhələlərinin internet vasitəsilə canlı yayımlanmasını yüksək dəyərləndirən avropalı ekspertlər, seçim prosedurları ilə bağlı yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə də çoxsaylı görüşlər keçirərək müzakirələr aparmış, milli qanunvericiliyimizi təhlil etmişlər.
Məsələ ilə bağlı CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda bu sahədə Azərbaycanda formalaşmış institusional qurumların fəaliyyətinin və hakimlərin seçilminin mütərəqqi Avropa standartlarına cavab verdiyi vurğulanmış və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilmişdir.
Avropa Şurasının 47 üzv-dövlətlərindən olan nümayəndələrin iştirakı ilə Komissiyanın bu ayın 7-8-də keçirilmiş iclasında Azərbaycanla bağlı hazırlanmış hesabat geniş müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi ilə bağlı məsələ üzrə xüsusi qərar qəbul olunaraq Azərbaycanın müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir.
Həmin iclasda həmçinin, ölkəmizdə məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması, habelə müasir informasiya və kommunikasiya şəbəkəsinin tətbiqi ilə bağlı görülən genişmiqyaslı işlər böyük marağa səbəb olmuş, bu sahədə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül dövlət olduğu vurğulanmışdır. Eyni zamanda hakimlərin tədrisinə və maarifləndirmə işinin aparılmasına, o cümlədən bütün Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEJ-in əhatəli hesabatlarının ana dilinə tərcümə edilərək nəşrini təmin edən ilk dövlət olduğumuz xüsusi təqdir edilmişdir.
Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilmiş və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilmişdir.
Məhkəmə-Hüquq Şurasının iclasında ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən mütərəqqi məhkəmə islahatlarının bütün Avropada müsbət təcrübə kimi yayılması ölkəmizin böyük uğuru və müstəqilliyimizin 20-ci ildönümünə layiqli töhfə kimi dəyərləndirilmiş, həyata keçirilən məhkəmə islahatlarının bundan sonra da intensiv davam edəcəyi vurğulanmışdır.
İclasda həmçinin, vəzifələrini layiqincə yerninə yetirdiklərinə görə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş bir qrup hakimə həmin medallar təntənəli təqdim olunmuşdur.
Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək əsası ümummilli liderimiz tərəfindən qoyulmuş hüquqi islahatların uğurla davam etdirilməsində dövlət başçısına layiqli yardımçı olmaq üçün bütün səylərin səfərbər edilməsinin vacibliyini bildirmiş, bir qrup hakimin dövlət təltifinə layiq bilinməsinin böyük etimad olmaqla yanaşı, yüksək məsuliyyət hissi yaratdığını qeyd etmişdir.
Dövlət təltifinə layiq bilinmiş hakimlər çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, ədalət mühakiməsinin ləyaqətlə həyata keçirilməsi üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Mənbə: http://jlc.gov.az/view_index.php?id=197