Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
00.00.0000 124


Milli Məclisdə Azərbaycanda mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cəzaların sərtləşdirilməsi müzakirə olunub. 
APA-nın məlumatına görə, bu gün keçirilən plenar iclasda bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
 
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəlləyə edilən dəyişikliyə əsasən mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycanın ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir (əvvəl xəbərdarlıq edilərək 15-40 manatadək cərimə nəzərdə tutulurdu).
 
Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə isə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
 
Digər dəyişikliyə əsasən mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimələnir. Eyni zamanda yuxarıda qeyd olunan xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə olunur.
 
Dəyişiklikdə edilən qeydə uyğun olaraq bu maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
 
Layihələr səsə qoyularaq qəbul olunub.