Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Rusiya KM hansı əsasla Avropa Məhkəməsinin qərarlarının icrasını mübahisələndirə bilir – məsələyə xronoloji baxış
22.04.2016 1911


Məlum olduğu kimi 2015-ci ilin dekabrında “RF-nın Konstitusiya Məhkəməsi haqqında” konstitusiya qanuna edilmiş dəyişikliyə əsasən, artıq Rusiyanın Konstitusiya Məhkəməsi Rusiyaya qarşı Avropa Məhkəməsinin çıxardığı qərarlarının icrasını dayandıra bilər.
 
Ölkəmizin hüquq ictimaiyyəti arasında qeyd olunan dəyişiklik haqqında ilkin məlumatların olmasına baxmayaraq, məsələnin təfsilatını öyrənmək üçün Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, vəkil Anar Bağırova müraciət etmişik. Sorğumuza cavab olaraq Anar Bağırov diqqətimizi aşağıdakı məsələlərə çəkdi:
 
“Məsələ ondan ibarətdir ki, Rusiya 1998-ci ildən etibarən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz ölkəsinə münasibətdə yurisdiksiyasını tanıyır. Hətta bu ölkə Avropa Məhkəməsinə barəsində verilmiş şikayətlərin sayına görə ön sıralardan birini tutur. Rusiyanın Konstitusiya Məhkəməsi haqqında qanuna edilmiş son dəyişikliyin siyasi motivlərini bir kənara qoyaraq qeyd etməliyəm ki, adı çəkilən qanuna dəyişiklik edilməmişdən bir neçə ay əvvəl – 2015-ci ilin iyul ayında Rusiya Konstitusiya Məhkəməsinə dövlət dumasının bir sıra deputatları tərəfindən Avropa Konvensiyasının Rusiya Konstitusiyasına uyğunluğunun şərh edilməsi ilə bağlı sorğu göndərilmişdi. Sorğunun mahiyyəti ondan ibarət idi ki, Rusiya Konstitusiyasının tələbləri ilə ziddiyyət təşkil edirsə, Avropa Məhkəməsinin qərarlarının birmənalı icrası nə dərəcədə qanunidir.
 
A. Konstitusiya Məhkəməsi (KM) deputatların sorğusunu “təmin” edərək öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:
 
1. Əvvəla, KM Konvensiyanın Rusiyanın qanunvericiliyinin mənbəsi olduğunu qəbul edir. Lakin Konvensiya çərçivəsində fəaliyyət göstərən Avropa Məhkəməsinin qərarlarının bəzən Rusiya Konstitusiyası ilə kolliziyada olduğunu qeyd edir. Belə halda Avropa Məhkəməsinin Rusiya dövləti üzərinə qoyduğu qərarlarının icrası Konstitusiyanın tələblərinin pozuntusu ilə müşayiət olunur.
 
2. Konstitusiyanın digər normativ aktlara münasibətdə aliliyi dövlətin suverenliyinin əsas təminat vasitələrindən biridir və beynəlxalq müqavilələrin Rusiya vətəndaşlarının konstitusion hüquqlarının məhdudlaşdırmasının qarşısını alan mexanizmdir.
 
3. Avropa Məhkəməsinin göstərişləri Konstitusiyaya zidd olarsa və bu ziddiyyətin aradan qaldırılmasının yeganə yolu qərarın icra edilməməsindən keçirsə, bu zaman qərarın icra edilməməsi Rusiyanın götürdüyü beynəlxalq öhdəliklərinin icrasından boyun qaçırması kimi dəyərləndirilməməlidir.
 
4. Avropa Məhkəməsi Konvensiyanın maddələrini şərh edərkən bəzən onların obyektiv mənasından daha fərqli çalarlar müəyyən edir ki, belə halda üzv ölkə bu qaydada çıxarılmış qərarın icrasından imtina etməkdə haqlıdır. Bu cür vəziyyətə Konvensiyanın normalarının abstraktlığı da şərait yaradır.
 
5. Konstitusiya daha təkmil hüquqi sənəd olmaqla insanların hüquqlarını Konvensiyadan daha ətraflı müdafiə edir.
 
6. KM öz qərarında Almaniya, İtaliya, Böyük Britaniya və Avstriya KM-lərinin analoji qərarlarının olduğunu vurğulayır.
 
B. Beləliklə, xronologiya üzrə 14 dekabr 2015-ci ildə “RF-nın Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilmişdir. Dəyişiklik aşağıdakılardan ibarətdir:
 
1. Artıq KM beynəlxalq məhkəmələrin qərarlarının icrasına məsul olan dövlət orqanının sorğularına baxmaq hüququ əldə edir. Sorğunun əsası kimi beynəlxalq məhkəmələrin qərarlarının icrasının Konstitusiya uyğun olub-olmaması çıxış edir.
 
2. Həmçinin KM-nin beynəlxalq məhkəmələrin qərarlarının icrasının uyğunluğu barədə analoji qərarları preyudisial əhəmiyyətə malikdir.
 
3. KM dövlət orqanının iddiasını tam və ya qismən təmin edə, habelə beynəxalq məhkəmənin qərarının icrasını dayandıra bilər.
 
C. Daha sonra Rusiyanın KM haqqında qanuna edilmiş dəyişiklikdən ehtiyatlanaraq, həmçinin bu cür təcrübənin qarşısının alınması məqsədilə Avropa Şurası nəzdindəki Venesiya Komissiyası (Hüquq vasitəsilə demokratiya üzrə Avropa Komissiyası) bu ilin 15 martında dəyişikliklər ilə bağlı rəylə çıxış etmişdir. Rəyin məzmunu belədir:
 
1. Rusiya Konstitusiyasının 17-ci maddəsinə əsasən, “Rusiya Federasiyasında insan və vətəndaşların hüquq və azadlıqları beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normaları vasitəsilə tanınır və ona təminat verilir…”. Bu normaya əsasən, Konvensiyanın insan hüquqlarının müdafiəsi üzrə normaları Rusiya Konstitusiyasına münasibətdə universal xarakter daşıyır və əslində Konstitusiya ilə ziddiyyət təşkil etmir.
 
2. Rusiyanın üzvü olduğu Beynəlxalq Müqavilələr haqqında Viyana Konvensiyasının 27-ci maddəsinə əsasən, “üzv ölkənin beynəlxalq müqavilələr əsasında üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirə bilinməməsi milli hüququn tətbiqi üçün əsas deyildir.” Belə olan halda dövlət öz milli qanunvericiliyinə müvafiq dəyişiklik etməli və onu beynəlxalq müqavilələrə uyğunlaşdırmalıdır. Əgər söhbət insan hüquqlarının müdafiəsinə xidmət edən beynəlxalq sənədlərdən gedirsə, hətta bu zaman Konstitusiyaya da dəyişiklik edilməlidir.
 
3. Rusiya KM öz qərarında Avropa Məhkəməsinin ümumi şərhlərinin abstraktlığını qeyd edir, halbuki Konvensiyanın 32-ci maddəsinə uyğun olaraq Avropa Məhkəməsinə Konvensiyanın müddəalarını şərh etmək hüquq verilmişdir, bunu da Rusiya Konvensiyaya qoşulanadək bilirdi. Həmçinin Avropa Məhkəməsinin qərarlarının abstraktlığına gəldikdə isə qeyd olunmalıdır ki, Məhkəmənin təcrübəsində insan hüquqlarına heç bir məhdudiyyət qoymayan, əksinə onların pozulmuş hüquqlarının bərpası ilə bağlı minlərlə qərar mövcuddur.
 
4. Rusiya KM-nin bir sıra Avropa ölkələrinin KM-lərinin analoji qərarlarına diqqət çəkməsi ilə bağlı nəzərə almaq lazımdır ki, həmin ölkələr məsələ ilə bağlı öz daxili qanunvericiliklərinə heç bir dəyişiklik etməmişdir. Habelə Rusiya KM həmin ölkələrin qərarlarının mahiyyətini və motivini diqqətdən kənarda saxlamışdır.
 
5. “RF-nın Konstitusiya Məhkəməsi haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, dövlət orqanının sorğusu əsasında KM-nin bir tərəfli qaydada Avropa Məhkəməsinin qərarının icrasını dayandıra bilməsi və hüququ pozulan şəxsin KM-nin bu cür qərarını mübahisələndirə bilməməsi çəkişmə prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir.”
 
© AHİM