Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Məhkəmələr Maliyyə Nəzarəti Palatasının qərarlarını ləğv edə bilməyəcəklər
30.03.2017 988


Martın 29-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitə sədri Əli Hüseynli iclasda yeddi qanun layihəsinə baxılacağını deyib. Əvvəlcə paket şəklində təqdim olunmuş İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələrə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub. Bu qanun layihələrinə edilən təkliflərin iqtisadi və hüquqi mahiyyəti barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. Bildirib ki, bütövlükdə dəyişikliklərin məğzi ödəmə qabiliyyətini itirmiş və yaxud itirmək astanasında olan bankların problemlərinin həllini təmin edəcək yeni hüquqi, administrativ çərçivəni müəyyən etməkdir. Bu təkliflər “Banklar haqqında” Qanunda ediləcək dəyişikliklərin prosessual nöqteyi-nəzərdən dəstəklənməsinə xidmət edəcək. R.Aslanlı qeyd edib ki, məsələnin mahiyyəti bankların ictimai fondları idarə edən təsisatlar olmasıdır. “İnsanlar, bizneslər, həm də kvazidövlət təşkilatları öz vəsaitlərini banklarda saxlayırlar. Banklar həmin vəsaitləri öz adlarından cəlb edib yerləşdirdiyinə görə bu vəsaitlərin mütəmadi olaraq müəyyən riskləri var. Bu riskləri idarə etmək üçün banklar kapital vəsaitlərə malik olmalıdırlar. Hər zaman bu tələblər qorunmur. Qorunmamağın səbəbləri kənar və daxili amillərlə bağlı ola bilər. Bunun qarşısını almaq üçün bankların fəaliyyətinə hərtərəfli nəzarət edilir. Bank fəaliyyətinə xüsusi icazələr, lisenziyalar verilir. Bank fəaliyyətinin hər sahəsi nəzarət orqanları tərəfindən tənzimlənir”, - deyə o bildirib.
 
Komitə sədri Əli Hüseynli qeyd edib ki, İnzibati Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə yeni maddə əlavə edilib. Bu maddədə qeyd olunur ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banka müvəqqəti inzibatçı təyin edilməsi, bankın lisenziyasının ləğvi və bankın resolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz.
 
Daha sonra iclasda Miqrasiya, Cinayət və Mülki Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib. Miqrasiya Məcəlləsinə 19-1-ci maddə əlavə edilib. Əlavəyə əsasən Azərbaycan Respublikasına viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 19-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) miqrasiya kartını doldurmalı və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər. İclasda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb.

(c) "Azərbaycan" qəzeti