.jpg)
Fatma Həsənova,
Bakı şəhər sakini
Cavab: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına əsasən, Bakı şəhəri üzrə Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayon icra hakimiyyətlərinə 5 il müddətinə tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər (1.3-cü bənd). Təcrübədə yerli icra hakimiyyətləri bununla bağlı sərəncam qəbul edir və tikintini həyata keçirəcək tikinti şirkəti ilə müqavilə bağlayırlar. Eyni zamanda tikinti şirkəti də köçürüləcək şəxslərlə (vətəndaşlarla) müqavilə bağlayaraq öz aralarındakı münasibətləri tənzimləyirlər. Sözügedən qərarda əlavə 10 faiz sahənin verilməsi ilə bağlı xüsusi göstəriş nəzərdə tutulmayıb. Bununla belə, təcrübədə 10-20 faiz əlavə sahənin verilməsi hallarına rast gəlinir. Tikinti şirkəti ilə bağlanacaq müqavilədə şəxs (vətəndaş) bu şərtin ayrıca göstərilməsini tələb edə bilər.
Söküləcək binada (mənzildə) qeydiyyatda olan şəxslərin ailə tərkibinin nəzərə alınması da 86 nömrəli qərarda öz əksini tapmayıb. Nazirlər Kabineti bununla əlaqədar yalnız qərarın 1.3-cü bəndində “müvafiq mənzillərin ayrılması” ifadəsini göstərməklə kifayətlənib. Bu ifadənin əvvəlki (sökülən) və yeni (inşa edilən) mənzillərin sahələrinin eyni olmasını ifadə etdiyini demək mümkündür. Bir sözlə, qeydiyyatda olan şəxslərin sayı əhəmiyyət kəsb etmir.
Şəxs özəlləşdirilməmiş mənzilin mülkiyyətçisi deyil, kirayəçisidir, mülkiyyətçi isə dövlətdir. Doğrudur, qanunvericiliyə əsasən, özəlləşdirilməsə belə, bu mənzillər de-fakto şəxsin özəl mülkiyyəti sayılır. Şəxs mənzili özəlləşdirdiyi, yəni onun üzərindəki mülkiyət hüququnu de-yure rəsmiləşdirdiyi təqdirdə, onun hüquqi mülkiyyətçisinə çevrilir.
Mənzil Məcəlləsi mülkiyyət və sosial kirayə müqaviləsi əsasında istifadə edilən mənzillərin (binaların) yenidən qurulması ilə bağlı münasibətləri fərqli şəkildə tənzimləyir. Burada qısa şəkildə onu qeyd edə bilərik ki, köhnə binaların sökülməsi və yeni mənzillərin inşa edilməsində məqsəd mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olduğundan sakinlərin hüquqları mənzildən mülkiyyətçi və ya kirayəçi kimi istifadə etmələrindən asılı olmayaraq qorunmalıdır.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi