Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
"DQR"in statusuna Avropa Məhkəməsinin münasibəti - YENİ
05.04.2017 3020


“Məlum olduğu kimi, bir qrup azərbaycanlı hüquq müdafiəçisi ötən ilin aprel ayında Ermənistanın hərbi təxribatının qurbanı olmuş 700-dən çox Azərbaycan vətəndaşının adından Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət etmişdilər. Ermənistan tərəfi isə yenə də dünya ictimaiyyətini aldatmaq üçün cılız və təxribat xarakterli addım atıb.” Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov bununla bağlı məlumat verib. O, müsahibə zamanı ermənilərin növbəti dəfə yalanı həqiqət kimi təqdim etmək cəhdlərinin iflasa uğradığını bildirib.

“Ondan başlayaq ki, tanınmayan və separatçı “Dağlıq Qarabağ Respublikası” (“DQR”) prezidentinin hüquq məsələləri üzrə müşaviri Emil Babayan Avropa Məhkəməsinin sədrinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, məhkəmə prosesində “DQR”in iştirakı üçün şərait yaradılsın. O, göndərdiyi məktubda Montevideo Konvensiyasına istinad edərək bəyan edir ki, guya, marionet “Dağlıq Qarabağ Respublikası”nın bütün müstəqil dövlətlərə xas atributları və müstəqil məhkəməsi mövcuddur.

Qeyd edim ki, 1933-cü ildə qəbul edilən Montevideo Konvensiyasında müstəqil ölkənin formalaşması üçün dörd prinsip əsas götürülüb:
1.     Daimi əhali
2.     Müəyyən olunmuş daimi ərazi
3.     Hökumət
4.     Digər suveren ölkələrlə əlaqələrə girmək qabiliyyəti

Qısa olaraq Konvensiyanın müddəalarına nəzər salaq.

Daimi əhali dedikdə müəyyən olunmuş ərazidəavtoxton əhalinin yaşaması nəzərdə tutulur. Bu mənada işğaldan sonra həmin ərazilərə süni şəkildə köçürülən ermənilər Dağlıq Qarabağın daimi əhalisi sayıla bilməz. Dağlıq Qarabağın yerli və tarixi əhalisi ordan güclə qovulan, qətlə yetirilmiş azərbaycanlılardır.

Dağlıq Qarabağı BMT və digər nüfuzlu beynəlxalq qurumlar yekdilliklə Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edib.  Hətta bununla bağlı BMT-nin Ermənistanın işğal olunmuş torpaqları dərhal azad etməsini nəzərdə tutan dörd qətnaməsi mövcuddur. De jure o, deməkdir ki, qondarma “DQR”  hər hansı  hüquqi əraziyə də malik deyildir.

Bu rejimə məxsus hökumət də yoxdur. Hamıya məlumdur ki, satellit quruluşun qanunverici və icraedici hakimiyyətləri İrəvan kuluarlarında formalaşır. Bunun bariz nümunəsi elə həmin Babayanın vaxtıilə Ermənistanın ədliyyə nazirinin müavini, baş prokurorun müavini, eləcə də Yüksək Rütbəli Məmurların Etik Davranışları üzrə Komissiyanın sədri vəzifələrində çalışmasıdır. Bu fakt kifayət edir ki, qondarma rejimin necə bir hökümətə malik olduğunu görəsən.
Konvensiyanın sonuncu müddəasına gəlincə, qeyd olunmalıdır ki, Ermənistan və onun nəzarətində olan  qondarma respublika öz işğalçı siyasətləri ucbatından regionda faktiki normal ölkələrarası münasibətlərdən təcrid ediliblər. Belə olan halda qondarma “DQR” heç bir ölkə ilə diplomatik və ya digər münasibətlər qura bilməz.

Montevideo Konvensiyasının bütün müddəalarının analizi onu göstərir ki, qondarma rejim razılaşmanın heç bir tələbləri ilə uzlaşmış. Bu da qondarma rejimin suveren dövlət kimi beynəlxalq arenada çıxış etməsini qeyri-qanuni və mümkünsüz edir.

Strasburq Məhkəməsinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın məhkəmədə iştirakı ilə bağlı müraciətinə rədd cavabı verməsi isə heç də təsadüfi deyil. Bu onu göstərir ki, separatçıların hər hansı  müstəqil ölkə və məhkəməsindən söhbət belə gedə bilməz. Ümumiyyətlə, həmin məhkəmə bir çox qərarlarında bu cür qondarma “respublika”lara olan birmənalı hüquqi mövqeyini dəfələrlə açıqlayıb, onların qeyri-legitim hesab edib.

Parodoks ondan ibarətdir ki, yüksək rütbəli məmur, ixtisasca hüquqşünas olan Babayan bu elementar həqiqətlər haqqında məlumatsızdır.

Maraqlıdır ki, Emil Babayanın özü də müraciətində qeyd edir ki, qondarma” DQR” heç bir ölkə tərəfindən tanınmayıb. Görünür,  Babayan və onun havadarları Avropa Məhkməsinin onların sorğusuna müsbət cavab verərək qondarma rejimin legitimliyini qəbul edəcəyinə ümid edirdilər. Amma Avropa Məhkəməsinin cavabı bir daha göstərdi ki, “DQR” adlı bir quruluş yoxdur və onun legitimliyinin tanınmasına yönəlik bütün cəhdlər iflasa uğrayacaq.”

Sonda tanınmış hüquqşünas bunları qeyd etdi. “Hər bir halda Avropa Məhkəmə iki danılmaz faktı bir daha təsdiqlədi:
Əvvəla, Qondarma “DQR”-nı  heç vaxt dünya ictimaiyyəti müstəqil ölkə kimi qəbul etməyəcək. İkinicis, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.”

(c) haqqin.az