Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Yeni tikililərin altındakı qarajların mənzil mülkiyyətçilərinə satılması qanunidirmi?
24.04.2017 449


Sual:
Məlum olduğu kimi, hazırda ölkəmizdə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərə görə ödənilməli olan ödənişlərin məbləği NK-nin 10.03.2000-ci il tarixli 40 saylı Qərarı və Tarif Şurası tərəfindən müəyyən edilmişdir.
Lakin son illər, xüsusilə Bakı şəhərində tikilmiş çoxmənzilli yüksəkmərtəbəli yaşayış evləri sahibkarların yaratdığı müxtəlif MTK-i tərəfindən inşa edilərək vətəndaşlara satılır. Həmin tikilən evlərin mülkiyyətçiləri – MTK-i mənzilləri almış vətəndaşlara ödənilməli olan aylıq mənzil haqqını öz istədikləri kimi müxtəlif məbləğdə (20 manatdan 100 manatadək) müəyyən edirlər. Hətta istismara dövlət komissiyası tərəfindən qəbul edilmiş binalarda da.
Bu mövcud halla əlaqədar bilmək istərdim: tikintisi başa çatmış və istismara dövlət qəbulu Aktı olan, dövlət mənzil fonduna daxil edilmiş yeni tikili yaşayış binalarındakı mənzillərə qeyd olunan NK-nin 40 saylı Qərarı və Tarif Şurasının müəyyən etdikləri ödəniş dərəcələri şamil olunmamalıdırmı? Dövlət tərəfindən müəyyən olunmuş tariflərdən fərqli (artıq) məbləğdə mənzil haqqı alınması qanunidirmi?
Həmçinin bir qayda olaraq bu binaların altında mənzil sahiblərinin maşınlarını saxlamaq üçün qarajlar tikilir və sonradan onlar ayrılıqda mənzil alanlara əlavə dəyərə satılır. Bu hal qanunidirmi: yoxsa qaraj mənzillə vahid tam yaradaraq onun tərkibinə daxil olan bir hissəsi kimi bir əmlak hesab edilməlidir?
 
Cavab: Azərbaycan Respublikası Mənzil Məcəlləsi (bndan sonra - "Məcəllə") yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə görə haqqın ödəmək vəzifəsi daşıdığını təsbit edir (m. 135.2.4). Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə görə ödəməli haqq dedikdə isə, çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq nəzərdə tutulur (m. 136.2.1). Həmin haqqın miqdarı və ödənilmə qaydası ilə bağlı münasibətləri tənzimləyən göstərişlər "Məcəllə"nin digər maddələrində öz əksini tapmışdır (m. 136.3, 137.4, 137.5, 137.7, 138.5 və s.). Qeyd edilməlidir ki, ilk növbədə, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri binanın idarə edilməsinin üsulu ilə bağlı razılığa gəlməli (m.141.1), bundan sonra, yaşayış sahəsinə görə haqqın miqdarı və ödənilmə qaydası müəyyənləşdirilməlidir. Məsələn, əgər mülkiyyətçilər mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmışlarsa, onda yaşayış sahəsinə görə haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş miqdarda və qaydada ödəyirlər (m. 137.4, 138.5.). Əgər çoxmənzilli bina bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunursa, onda çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər (m. 137.7).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarı ilə bağlı iki önəmli məqamı nəzərə almaq lazımdır: 1. Qərar əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin müəyyənləşdirilməsinə yönəlib. Qərar qəbul olunan tarixdə qüvvədə olmuş 1982-ci il Azərbaycan Respublikası Mənzil Məcəlləsi ictimai mənzil fondu dedikdə, kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələrini nəzərdə tuturdu (m. 4.) Hazırda qüvvədə olan Mənzil Məcəlləsi isə mülkiyyət formasına görə, 3 növ mənzil fondunu nəzərdə tutur: özəl, dövlət və bələdiyyə. 2. Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.
Bu mənada, Qərarla müəyyənləşdirilmiş tariflərin yeni tikili yaşayış binalarındakı mənzillərə birbaşa şamil olunmasını demək mümkün deyildir.
Qarajın mənzillə vahid tam yaradaraq onun tərkibinə daxil olmasını isə demək mümkün deyildir. Belə ki, "Məcəllə"nin 13.3-cü maddəsinə görə, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Təcrübədə, qarajlarla bağlı məsələlər tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir.

Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi