Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Nə üçün yadplanetlilərin təbliği Konvensiyanın pozuntusu kimi qiymətləndirilsin?!
11.05.2017 219


2012-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası hüquqşünaslar, o cümlədən ictimaiyyət arasında mübahisəyə səbəb ola bilmiş bir qərara imza atmışdır.

Məhkəməyə müraciət edən ərizəçi 1977-ci ildə qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçmiş “İsveçrə Raelian Hərəkatı”dır. Təşkilatın əsas qayəsi yadplanetlilərlə əlaqənin qurulmasından ibarətdir.

2001-ci ildə təşkilat Noyşatel Polis Bölməsindən özlərinə aid posterlərin şəhərin müxtəlif yerlərində yerləşdirilməsinə icazə almaq istəmişdir. Posterdə yadplanetlilərin xəyali şəkilləri və “uçan boşqab” rəsmi həkk olunmuşdur. Polis bölməsi posterlərin yerləşdirilməsindən o əsasla imtina etmişdir ki, ümumiyyətlə bu Hərəkatın fəaliyyəti qeyri-əxlaqi və oturuşmuş ictimai qaydaların əksinədir. Əslində Hərəkat siyasi idarəçiliyin “geniokratiya” modelini təbliğ edir. Bu modelə əsasən, siyasi idarəedicilər ən yüksək intellektə sahib şəxslər arasından seçilib təyin olunmalıdırlar, nəinki seçki əsasında. İmtinadan şikayət edən Hərəkatın ərizəsinə baxan Frayburq Kanton Məhkəməsi hesab etmişdir ki, Hərəkat dolayısilə pedofiliyanı və insesti də təbliğ etməkdədir.

Hərəkat hesab etmişdir ki, yerli orqanların qərarı senzuradan başqa, birşey deyildir. 2005-ci ildə inzibati və federal məhkəmələr də polis orqanının qərarını qüvvədə saxlamışdır. Hətta inzibati məhkəmə hesab etmişdir ki, “geniokratiya”nın təbliği müasir cəmiyyətdə ictimai qaydanın və mənəviyyatın əsaslarını sarsıdır. Halbuki, vaxtilə - 1999-cu ildə Hərəkat tərəfindən bu cür posterlərin yerləşdirilməsinə Sürix və Lozan şəhərlərində icazə verilmişdi. Eyni zamanda 2004-cü ildə Delmont Şəhər Bələdiyyə Şurası “Allah mövcud deyil!” yazılı posterin yerləşdirilməsinə icazə verməmişdir.

Beləliklə, ərizəçi əsas etibarilə hesab edir ki, onun Konvensiyanın 9 (vicdan azadlığı) və 10-cu (ifadə azadlığı) maddələri ilə müəyyən olunmuş hüquqları pozulmuşdur. 2006-cı ildə Məhkəmə palatası qeyd olunan maddələrin pozuntusu faktını tapmadığından ərizəçi məsələni Böyük Palatanın müzakirəsinə təqdim etmişdir.

Öz yekun qərarında Böyük Palata hesab edir ki, əvvəla Noyaştel şəhər İnzibati Reqlamentinə əsasən, polisin posterin yerləşdirilməsindən imtina etməsi üçün qanuni əsasları olmuşdu. Əslində polis yalnız posterlərin yerləşdirilməsinə qadağan qoymuşdur, halbuki Hərəkat öz məlumatlarını digər vasitələr ilə yaya bilərdi.

10-cu maddənin şərhi ilə bağlı Məhkəmə ilk dəfə öz presedent praktikasında qeyd etmişdir ki, “ifadə azadlığı”nın məhdudlaşdırılması siyasi xarakterli işlər ilə bağlı daha az məhdudiyyətlərə məruz qalmalıdır, nəinki dini, mənəvi, kommersiya və reklam xarakterli işlər ilə bağlı. Təşkilatın poster vasitəsilə təbliği bir tərəfdən kommersiya xarakterlidir, çünki bununla o, öz Hərəkatına üzvlər cəlb etməyə çalışır. Lakin digər tərəfdən burada hər hansı əmtəənin də satılmasından söz getmir. Həmçinin İsveçrə federal ölkə olduğundan regiondan asılı olaraq, orada bu cür məsələlərə münasibət fərqli ola bilər. Dolayısilə posterlərdə əks olunan məlumatların hüquqla nə dərəcədə uzlaşıb-uzlaşmadığı məsələsi dövlətin öz mülahizəsinə qalmalıdır və Məhkəmə bu məsələyə müdaxilə edə bilməz.

Yekunda məhkəmə 9-cu maddənin ayrıca araşdırılmasına lüzum olmadığını bildirmiş və 10-cu maddənin pozulmadığı qənaətinə gəlmişdir.

Bununla belə, skeptiklər hesab edirlər ki, Avropa Məhkəməsinin bu qərarının arxasında Vatikanın sifarişi durur.

(c) AHİM