Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
NMR-nın Vəkillər Kollegiyası sədrinin MÜRACİƏTİ
19.05.2017 1530
 

Bu ilin may ayında mətbuatda Naxçıvan şəhərində yeni "hüquq firması"nın (“SHD” şirkətinin Azərbaycan ofisinin) fəaliyyətə başlaması ilə bağlı məlumatlar yayılmışdır. Həmçinin mətbuatda qeyd olunduğu kimi “SHD” şirkətinin Azərbaycan ofisinin (Naxçıvan şəhərində) “Reyhan” şadlıq sarayında açılış mərasimi də keçirilmişdi.

Bununla əlaqədar, “lawreform.az” portalı NMR Vəkillər Kollegiyasının sədrinin aşağıdakı müraciətini hüquq ictimaiyyətinin diqqətinə təqdim edir:

“15.05.2017-ci il tarixdə NAXÇIVANXƏBƏRLƏRİ.com internet saytında SHD hüquq firması kimi təqdim olunan bir “qurum” un rəsmi açılış mərasimi ilə bağlı məlumat verilmişdir. Bu qurumun Naxçıvan Muxtar Respublikasında qansunsuz fəaliyyət göstərdiyini bildirərək, aşağıdakı əsasları diqqətinizə çatdırırıq. 

Əvvəla, SHD Türkiyə Respublikasında hüquq firması kimi deyil, zərər - məsləhət və tibbi assistent xidmətləri həyata keçirir. Həmin qurumun öz saytında yerləşən məlumatlara əsasən SHD zərər çəkmiş (xəsarət almış) insanlara siğorta və təzminat ödənilməsi sahəsində məsləhət verməklə, habelə tibbi assistent xidmətləri göstərməklə məşğul olur. Onların hər hansı vəkillik fəaliyyəti və ya hüquqi yardım göstərmək səlahiyyətləri yoxdur (hətta onun qurucu rəhbəri olan Akaltun Memed Ömər oğlu Türkiyədə belə həkimlik və vəkillik fəaliyyəti ilə məşğul olmur, onun ortağı Azərbaycanlı Etibar və Gülparə adlı şəxslər belə nə ölkəmizdə, nə də ki, Türkiyədə vəkillik və həkimlik fəaliyyəti ilə məşğul olurlar). Ona görə də SHD Türkiyə Respublikasında fəaliyyət dairəsinə aid olmayan bir funksiyanı başqa bir ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirə bilməz! 

İkincisi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyindən aldığımız məlumata əsasən 15.05.2017-ci il tarixdə rəsmi açılışı olan bu “qurum” vergi və DSMF qeydiyyatından keçməmiş və qanunsuz olaraq sahibkarlıq fəaliyyət (və ya hüquq xidmətləri) göstərir. 

Üçüncüsü, Türkiyə Respublikasında Vəkillik statusu daşıyan vəkillər Azərbaycan Respublikasında vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Azərbaycan Respublikasında vəkillik fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası vətəndaşları Vəkillər Kollegiyasının üzvü olmaqla, fərdi qaydada və ya vəkillik qurumunun tərkibində (vergi və DSMF qeydiyyatından keçməklə) fəaliyyət göstərə bilərlər (“Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunun 5-ci madəsinin V hissəsi). Əks təqdirdə vəkil adından qanunsuz istifadə edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə, dələduzluğa, qanunsuz sahibkarlığa və vergi ödəməkdən yayınmaya görə Cinayət Məcəlləsinin 178, 192 və 213-cü maddələri ilə məsuliyyətə səbəb olur.

Hazırda Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər Hüquq Məsləhətxanasının (vəkillik qurumunun) vəkilləri və 5 nəfər fərdi qaydada fəaliyyət göstərən vəkil vergi və DSMF qeydiyyatından keçməklə fəaliyyət göstərir. Bunlardan heç biri (o cümlədən Azərbaycan Respublikasında Vəkillər Kollegiyasının digər üzvləri) “SHD şirkətinin Azərbaycan ofisi”ndə fəaliyyət göstərmirlər. O ki qaldı, Türkiyə Respublikası vəkillərinin Azərbaycan Respublikasında (o cümlədən Naxçıvan Muxtar Respublikasıda) vəkilik fəaliyyətinə, bununla bağlı Azərbaycan Respublikasının “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunun 26-cı (Əcnəbilər tərəfindən hüquqi yardımın göstərilməsi) maddəsinə görə, Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər tərəfindən hüquqi yardım göstərilməsi yalnız əcnəbinin mənsub olduğu dövlətin qanunları və ya beynəlxalq hüquq normalarının tətbiqinə dair verilən məsləhət və rəylərlə məhdudlaşır. Habelə Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər mülki işlər, cinayət işləri, inzibati və iqtisadi mübahisələrə dair işlər, inzibati xətalar haqqında işlər üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılıqlı münasibətlər əsasında buraxılır.

Dördüncüsü, “açılış mərasimi”ndə qeyd olunmuşdur ki, ofisdə həmçinin, iki həkim ilə fəaliyyət göstərir. Yeri gəlmişkən, həkimlərin fəaliyyət göstərmələri üçün (insan sağlamlığı ilə əlaqəli xidmət oldğu üçün) xüsusi lisenziya tələb olunur ki, bu lisenziya da, həmin qurum tərəfindən alınmamışdır.

Naxçıvan şəhərində qanunsuz fəaliyyət göstərən “SHD şirkətinin Azərbaycan ofisi” qanunsuz fəaliyyəti ilə insanları aldatmaq və külli miqdarda əsassız qazanc əldə etməklə yanaşı, vətəndaşlarda çaşqınlıq yaradacaq və Muxtar Respublikada qanunvericiliyə uyğun formada hüquqi yardım göstərən vəkillərə münasibətdə inamsızlığın yaranmasına da səbəb olacaqdır. Məhz bu məqsədlə tərəfimizdən müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.

Qeyd olunanlara əsasən, 15.05.2017-ci il tarixdə NAXÇIVANXƏBƏRLƏRİ.com internet saytında 15.05.2017-ci il tarixdə yayımlanmış “Naxçıvan şəhərində yeni hüquq firmasının (SHD şirkətinin Azərbaycan ofisinin) fəaliyyətə başlaması” ilə əlaqədar məlumatla bağlı təkzibin verilməsini, xəbərin saytdan çıxarılmasını və bu müraciətin yayımlanmasını xahiş edirik.”


Tural Hüseynov
NMR-nın Vəkillər Kollegiyasının sədri

(c) AHİM