Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Eyni əmələ görə iki dəfə cəza verilməsinə AHİM-nin münasibəti - YENİ
29.05.2017 652


Bu günlərdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı protokolunun 4-cü maddəsi ilə bağlı maraqlı bir qərarı ilə gündəmə gəlmişdir.

İşini halları ondan ibarətdir ki, şikayət Məhkəməyə iki fiziki və bir hüquqi şəxs tərəfindən birgə təqdim edilmişdir.  Jón Ásgeir Jóhannesson və Tryggvi Jónsson müvafiq olaraq 1968 və 1955-ci illərdə anadan olmuş İslandiya vətəndaşlarıdır. Onlar London və Reykvyavikdə yaşayırlar. Fjárfestingafélagið Gaumur isə İslandiyada qeydiyyatdan keçmiş hüquqi şəxsdir.

İslandiyanın vergi orqanları tərəfindən aparılmış növbəti təftiş zamanı müəyyən olunmuşdur ki, 1999 və 2002-ci illərdə ərizəçilər vergi ilə bağlı bir sıra əhəmiyyət kəsb edən məsələləri vergi orqanına bəyan etməmişlər. Belə ki, cənab Jóhannesson və cənab Jónssonun hesablarına qeyd olunan dövrdə müvafiq ödənişlər daxil olmuş, o cümlədən cənab Jóhannesson və Fjárfestingafélagið Gaumur şirkəti özlərinin Baugur Group Company şirkətindəki paylarının satışıdan gəlir əldə etmişlər ki, bu barədə məlumatları vergi orqanına bildirməmişlər. Qeyd olunan gəlirlərə cənab Jóhannesson və cənab Jónssonun iş yerlərindən əldə etidkləri bonuslar da daxil idi.

Pozuntu ilə bağlı, vergi orqanı müvafiq illərdə ödənilməmiş vergi məbləğinin üzərinə əlavə 25% həcmində sanksiya da tətbiq etmişdir. Hüquqi şəxs olan ərizəçiyə münasibətdə ödəmə mənbəyində vergi tutmadığı üçün isə əlavə olaraq 10% həcmində sanksiya da müəyyən edilmişdir. Sonradan tərəflərin inzibati qaydada verdiyi şikayətlərə baxmayaraq, vergi orqanının Apellyasiya Şurası 2007-ci ildə sanksiyaları ləğv etməmişdir. Apellyasiya Şurasının qərarı qüvvəyə mindikdən sonra – 2008-ci ilin dekabrında ərizəçilərə qarşı vergi cinayətinin törədilməsi ittihamı ilə cinayət işi də açılmışdır. Sonradan məsələ ilə bağlı Ali Məhkəmə hesab etmişdir ki, başlanılmış cinayət təqibi vergi sanksiyasının tətbiqi ilə əlaqədar ikili cəzalandırılma kimi qiymətləndirilməməlidir. Beləliklə, işə mahiyyəti üzrə baxan Reykyavik Rayon Məhkəməsi hesab etmişdir ki, hər üç ərizəçinin əməlində kobud ehtiyatsızlıqla tördəilmiş cinayət əməlinin tərkibi mövcuddur. Reykyavik Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə 2013-cü ilin fevralında baxan Ali Məhkəmə nəinki aşağı məhkəmənin qərarını qüvvədə saxlamış, hətta cənab Jóhannessonun əməlində 2 yeni cinayət tərkibin olduğunu müəyyən etmişdir. Dolayısilə məhkəmənin qərarı ilə fiziki şəxslər barəsində 12 və 18 ay olmaqla azadlıqldan məhrum etmə, həmçinin müvafiq olaraq 360 və 186 min Avro həcmində cərimə cəzası kəsilmişdir.

Beləliklə, Avropa Məhkəməsinə müraciət edən ərizəçilər hesab etmişlər ki, onlara ikili cəza təyin edilmişdir: a) həm vergidən yayınma ilə bağlı sanksiyalar; b) həm də cinayət işi üzrə pul və azadlıqdan məhrum etmə cəzasının tətbiqi. Ərizəçilərə görə onların Konvensiyanın 7 saylı protokolunun 4-cü maddəsi ilə təsbit olunmuş hüquqları (bir əmələ görə təkrar cəzalandırılmama) kobud surətdə pozulmuşdur.

Avropa Məhkəməsi işə baxarkən hesab etmişdir ki, 3-cü ərizəçinin - Fjárfestingafélagið Gaumur şirkətinin işin aparılmasında maraqlı deyil və onu şikayətini icraatından çıxarmışdır.

İşi nəzərdən keçirən Avropa Məhkəməsi hesab etmişdir ki, a) vergi sanksiyasının tətbiqi ilə bağlı icraat və b) cinayət təqibi öz mahiyyətləri etibarilə cəza xarakterlidir. Habelə hər iki icraatın əsasında duran faktlar mahiyyətləri etibarilə eynidir. Belə ki, ərizəçilərə təyin olunan azadlıqdan məhrum etmə cəzası və vergi sanksiyasının təyin edilməsinin kökündə ərizəçilərin vaxtilə gəlirlərini bəyan etməməsi durur.

Bununla belə, Məhkəmə hesab edir ki, müəyyən şərtlər gözlənilməklə Konvensiya milli dövlətlər üçün bir əmələ görə iki icraatın başlanılmasını qadağan etmir. İcraatlar arasında təkrarlamaların olmaması üçün hər iki icraat mahiyyət və zaman baxımından əlaqəli şəkildə aparılmalıdır.

Avropa Məhkəməsinin qənaətinə görə, bu işdə hər iki icraatın aparılması vaxtı icraatlar arasında zaman və mahiyyət baxımından əlaqə qurulmamışdır, yəni onlar bir icraatda birləşdirilməmiş və ya əlaqələndirilməmişdir. Xüsusilə, iş iki müxtəlif icraatda aparıldığından sübutlar həm polis orqanı, həm də vergi orqanı tərəfindən ayrılıqda toplanılmışdır. Dolayısilə ərizəçilərin məsuliyyət məsələsinə iki müxtəlif orqan tərəfindən ayrılıqda qiymət verilmişdi.

Beləliklə, Avropa Məhkəməsi hesab etmişdir ki, icraatların bu cür aparılması ərizəçilərin Konvensiyanın 7 saylı protokolunun 4-cü maddəsi ilə təsbit olunan hüquqlarını pozur.

Məhkəmənin qərarına əsasən, qeyri-maddi zərər qismində ərizəçilərin hər birinə İslandiya dövləti 5000 Avro, cəmi 15000 Avro həcmində isə məhkəmə xərclərinin ödənilməsi ilə bağlı təzminat ödəməlidir.

(c) AHİM