Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Xuliqanlıq cinayətinin dekriminallaşdırılması insanların hüquqlarının müdafiəsinə mənfi təsir göstərməyəcəkdir
05.06.2017 810


Səhifəmizin oxucularına "Azərbaycan vəkili" jurnalının 12-ci sayıdan çap olunmuş Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Ali Məhkəmənin təqaüddə olan sabiq hakimi Müzəffər Ağazadənin "Xuliqanlıq cinayətləri ilə bağlı bəzi məsələlər barədə" başlıqlı mövqe yazısını təqdim edirik. Qeyd olunmalıdır ki, hörmətli hüquqşünasımız artıq neçənci dəfədir ki, bu cür aktual və çıxış yolları təqdim edən yazıları ilə nəşrin oxucularını məlumatlandırmaqda və onların biliklərinin zənginləşdirilməsinə öz dəyərli töhfəsini verməkdədir. Dəyərli yazısına görə müəllifə redaksiya olaraq öz ehtiramımızı bildiririk!

Statistik məlumatlar göstərir ki, cinayət qanunvericiliyində xuliqanlıq kimi tövsif edilən ictimai təhlükəli əməllər ölkəmizdə çox yayılmış hadisələr sırasına aiddir. Təsadüfi deyildir ki, xuliqanlıq cinayəti kimi qiymətləndirilən əməllər son yüz ilə yaxın müddət ərzində həm qanunverici orqanların, həm də məhkəmə və hüquq-mühafizə orqanlarının necə deyərlər, daim diqqət mərkəzində olmuşdur. Bu müddət ərzində xuliqanlıq cinayətlərinin anlayışı dəfələrlə dəyişikliklərə məruz qalmış, məhkəmələrin ali orqanları bu cinayətlərlə bağlı qanunların məhkəmə-istintaq orqanları tərəfindən tətbiq olunması qaydaları barədə izahlar və şərhlər vermişlər. Bu proses indiki vaxtda da davam etməkdədir.
Bu yazının mövzusu üçün əhəmiyyət kəsb etdiyindən son yüz ilə yaxın müddət ərzində dövlətimizin müxtəlif dönəmlərində qəbul olunan Azərbaycan Respublikasının Cinayət (Cəza) Məcəllələrində xuliqanlıq cinayətinin hansı anlamda başa düşülməsi kimi məqamlara diqqət yetirmək maraqlı olardı.
Xuliqanlıq cinayəti Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9/XII-22-ci ildə qəbul etdiyi Cəza Məcəlləsində
- “açıqdan açığa ayrı-ayrı vətəndaşlara və ya bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə edən, xüsusilə istənilən cür azğınlıqla, həyasızlıqla, kobud söyüş söyməklə və s. yaramaz hərəkətlər” kimi (176-cı maddə),
Azərbaycan SSR MİK və XKS-nin 3/XII-27-ci ildə qəbul etdiyi Cəza Məcəlləsində
- “cəmiyyətə qarşı açıqcasına ehtiramsızlıqla edilmiş yaramaz əməllər” kimi (103-cü maddə),
Azərbaycan SSR Ali Sovetinin 8/XII-60-cı il tarixli Qanunu ilə qəbul etdiyi Cinayət Məsəlləsində
- “ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər, habelə il ərzində xırda xuliqanlıq üçün barəsində inzibati təsir tədbiri görülmüş şəxsin xırda xuliqanlığı” kimi (207-ci maddə),
Azərbaycan Respublikası Milli Məclisinin 30/XII-99-cu il tarixli Qanunu ilə qəbul olunmuş Cinayət Məcəlləsində
- “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi (221-ci maddə) verilmişdir.
Birinci üç Cinayət Məcəlləsində (CM) qüvvədə olduqları dövrdə xuliqanlıq cinayətlərinin anlamında dəfələrlə dəyişikliklər edildiyindən biz yuxarıda müvafiq maddələrin mətninin yalnız son variantını verməli olduq. Qeyd olunmalıdır ki, cəmiyyət həyatının  inkişafının müxtəlif dövrlərində xuliqanlıq cinayətinin anlamı, bu cinayətlər üçün sanksiyalarda dəyişikliklər edilməsi ilə yanaşı bu növ cinayətlər üçün müxtəlif ağırlaşdırıcı tövsif edici əlamətlər də müəyyən edilmiş, yaxud mövcud normalar dəyişdirilmişdir.
Tərkibində olduğumuz Sovet dövləti dağılana qədər başqa müttəfiq respublikalarda olduğu kimi Respublikamızın da cinayət qanununda nəzərdə tutulan xuliqanlıq cinayətinin anlamı mahiyyət etibarılə Rusiya Federasiyası qanunvericiliyindəki normalarda üst-üstə düşürdü. Müstəqillik əldə etdikdən sonra da bu ölkələrin qanunvericiliklərində bir çox oxşar cəhətlər qalmaqdadır. Məsələn, AR CM-nin 221-ci maddəsi 24/V-96-cı ildə qəbul olunmuş RF CM-nin 213-cü maddəsinin ilkin variantının hərfbəhərf tərcüməsi olmuşdur. Lakin qısa müddətdən sonra RF CM-nin 213-cü maddəsi köklü surətdə dəyişikliklərə məruz qalmışdır. (8/XII-03-cü və 24/VII-07-ci il tarixli qanunlarla).
Hazırda RF CM-nin 213-cü maddəsinə görə ictimaiyyətə qarşı açıq-aşkar hörmətsizliklə ifadə olunan, ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən əməllər yalnız o halda xuliqanlıq üstündə cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu əməllər silah və ya silah qismində istifadə olunan predmetlər tətbiq etməklə, yaxud siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya düşməncilik motivi ilə və ya hər hansı sosial qruplar barəsində nifrət zəminində törədilmiş olsun.
Göründüyü kimi son illərdə xuliqanlıq cinayətlərinin anlamı məsələsində həm Azərbaycan Respublikasi, həm də Rusiya Federasiyası qanunvericiliklərində ciddi dəyişikliklər baş vermişdir. Əvvəlki qanunlardan fərqli olaraq AR CM-nin xuliqanlıqdan bəhs edən maddəsində indi xüsusi azğınlıq və ya müstəsna dərəcədə həyasızlıqla fərqlənən hərəkətlərin xuliqanlığın ağırlaşdırıcı tövsifedici əlamətləri kimi qiymətləndirilməsi nəzərdə tutulmur. RF cinayət qanunvericiliyi isə daha irəli gedərək hətta özgə əmlakının məhvi və zədələnməsi, ictimai-kütləvi tədbirlərin pozulması ilə müşayiət olunan ictimai qaydanın kobud surətdə pozulmasını da əgər belə hadisələr zamanı silah və ya silah qismində tətbiq olunan predmetlər tətbiq edilməmişsə, xuliqanlıq hesab etmir. Qeyd olunduğu kimi bunların əvəzinə qanuna xuliqanlıq cinayətinin siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya düşməncilik motivi ilə, və ya hər hansı sosial qruplar barəsində nifrət zəminində törədilməsi kimi yeni əlamətlər daxil edilmişdir. İndi Rusiyada cinayət hadisəsinin xuliqanlıq niyyəti ilə törədilməsi təsdiq olunsa belə bu cür əməllər həyat və ya sağlamlıq əleyhinə cinayətlərdə olduğu kimi ya məsuliyyəti ağırlaşdırıcı tövsifedici əlamət kimi (məsələn RF CM-nin 167-ci maddəsinin 2-ci hissəsi), yaxud da cinayətin motivi və ya obyektiv cəhətindən, hadisənin nəticəsindən asılı olaraq CM-nin müxtəlif fəsillərindəki maddələrlə tövsif olunur.
Oxucular bizə irad tuta bilərlər ki, müstəqil dövlət olduğumuz halda nə üçün belə məsələlərdə bəzən özgə dövlətin qanunlarına istinad etməli oluruq. Məsələ burasındadır ki, bunsuz təhlili fikir söyləmək də çətindir. Çunki, yuxarıda qeyd etdiyimiz kimi, bir çox qanun normalarımız, o cümlədən CM-nin 221-ci maddəsi RF CM-dan götürülmüşdür, daha doğrusu RF CM-nin 213-cü maddəsinin əvvəlki variantının tərcüməsidir. Belə olduqda biz həmin normaların anlamını bir-birindən fərqli şəkildə təsəvvür belə edə bilmərik.
Hazırda qüvvədə olan AR CM-nın xuliqanlıqdan bəhs edən 221-ci maddəsi qüvvədə olduğu 16 il ərzində ciddi dəyişikliyə məruz qalmamışdır. Qeyd etdiyimiz kimi həmin maddənin normaları RF CM-nin 213-cü maddəsinin ilkin variantı ilə üst-üstə düşür.
Təbii ki, qanunların, o cümlədən cinayət qanunvericiliyinin vaxtaşırı dəyişikliklərə uğramasında heç bir qeyri-adilik yoxdur. Dövlət özünün təhlükəsizliyi, ictimai maraqların qorunması, vətəndaşların Konstitusiya ilə müəyyən edilən hüquq və vəzifələrinin daha səmərəli həyata keçirilməsi naminə qanunvericiliyi vaxtaşırı təkmilləşdirməyə borcludur. Mövcud qanunlar cəmiyyətin konkret inkişaf mərhələsində cinayətkarlıqla mübarizə məsələlərində yetərli olmadıqda, yaxud vətəndaşların hüquq və vəzifələrinin effektiv surətdə təmin etmədikdə yeni qanun normaları yaradılmaqla köhnələri qüvvədən salınır.
Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bu proseslər (reformalar) başqa cinayət tərkiblərinə münasibətdə ciddi problemlərlə üzləşməsə də xuliqanlıq anlamına qiymət verilməsi məsələsində oxşar fikir söyləmək çətindir. Cünki xuliqanlıq adlı cinayət tərkibinin anlamı ilə bağlı qanunvericilikdə dəfələrlə dəyişikliklər edilməsinə, qanunun düzgün tətbiqi üçün Ali Məhkəmə və Konstitusiya Məhkəməsi Plenumları tərəfindən izah və şərhlər verilməsinə baxmayaraq bu normanın istintaq-məhkəmə təcrübəsində tətbiqi sahəsində ciddi problemlər hələ də qalmaqdadır.
Bu da səbəbsiz deyildir.
Həm əvvəllər mövcud olmuş, həm də qüvvədə olan cinayət qanunlarındakı xuliqanlıq adlandırılan normaların mətnləri təhlil edilərkən belə nəticə çıxarmaq olar ki, bu cinayət tərkibi əslində başqa cinayət tərkiblərinin elementlərinin hibrid edilməsi yoli ilə süni olaraq yaradılmışdır.
Fikrimizə aydınlıq gətimək üçün AR CM-nin xuliqanlıqdan bəhs edən 221-ci maddəsinin mətninə diqqət yetirmək kifayətdir. Belə ki, həmin maddənin mətnində ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərin elementləri (ictimai qaydanın kobud surətdə pozmaq) ilə yanaşı həyat və sağlamlıq əleyhinə (vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi), mülkiyyət əleyhinə (özgə əmlakının məhv edilməsi və ya zədələnməsi) cinayət kimi tovsif edilə bilən əlamətlər də vardır. CM-nin 221.2-ci maddəsində isə belə cinayətlər üçün məsuliyyəti ağırlaşdıran tövsifedici hal kimi idarəetmə qaydaları əleyhinə olan əlamətlər (ictimai qaydanın pozulması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) kimi əlamətlər də nəzərdə tutulmuşdur. Zahirən ictimai qaydanın pozulması ilə əlaqəsi olmasa da bir sıra hallarda ictimai mənəviyyat,  xüsusilə qadınlara qarşı kobud və nalayiq hərəkətlərin də məhkəmə təcrübəsində xuliqanlıq hadisəsi kimi qiymətləndirilməsini nəzərə alsaq xuliqanlıqla “qohum” cinayət tərkiblərinin dairəsinin kifayət qədər genişliyinin şahidi olarıq. Bu fakt xuliqanlıq adlandırılan cinayət tərkibinin bir sıra hallarda CM-nin başqa fəsillərində (18, 23, 27 və 34-cü fəsillər) nəzərdə tutulan cinayətlərin elementlərindən süni surətdə yaradılması barədəki fikrimizin əsassız olmadığına dəlalət edir.
Yuxarıda qeyd etdik ki, xuliqanlıqdan bəhs edən AR CM-nin 221-ci maddəsinin hazırda qüvvədə olan mətni RF CM-nin  213-cü maddəsinin ilkin (24/VII-07-ci iə qədərki) variantının tərcüməsidir. Deməli xuliqanlıq cinayətinin AR CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulan mahiyyəti RF CM-nin ilkin variantındakı anlamından fərqli şəkildə qəbul edilməsi məntiqə zidd olardı. Lakin təəssüf ki, bu, məhz belədir. Yəni eyni mənbədən qaynaqlanan norma məhkəmələr tərəfindən müxtəlif mənalarda qəbul və təfsir edilir.
Məsələn, hazırda qüvvədə olan AR CM-nin 221-ci maddəsində olduğu kimi RF CM-nin 213-cü maddəsinin ilkin variantında da xuliqanlığın silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədilməsi məsuliyyəti ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərdə tutulurdu. RF CM-nin 213-cü maddəsinin  mətninin əvvəlki variantının qüvvədə olduğu bütün müddətdə həm bizdə, həm də Rusiya Federasiyasında xuliqanlıq hadisəsi vaxtı silahın nümayış etdirilməsi də silah tətbiq edilməsi kimi qəbul edilirdi. RF Cinayət Məcəlləsinin istisnasız olaraq bütün kommentariyalarında bu mövqe dəstəklənmişdir və dəstəklənməkdə davam edir. RF Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq və xuliqanlıq zəmnində törədilən başqa cinayətlərlə bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2007-ci il 15 noyabr tarixli qərarında qeyd olunur ki, xuliqanlıq hadisəsi vaxtı silahın, o cümlədən doldurulmamış, nasaz, istifadəyə yararsız, dekorativ, suvenir, hətta oyuncaq silahın nümayiş etdirilməsi də silah tətbiq etmə kimi qiymətləndirilməlidir . AR Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli qərarında bu məsələyə toxunulmasa da 2011-ci ilə qədər respublikanın məhkəmə təcrübəsi xuliqanlıq hadisələri zamanı silah nümayiş etdirilməsi məsələsində eyni mövqedən çıxış etmişdir.
Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarı qəbul edildikdən sonra bu məsələdə respublika məhkəmələri mövqelərini dəyişməli oldular. Çünki Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilmişdir ki, xuliqanlıq hadisəsi zamanı silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi istisna edir.
Göründüyü kimi eyni məsələ barədə iki yüksək məhkəmə orqanları biri-digəri ilə daban-dabana zidd olan iki mövqə nümayiş etdirmişlər. Hazırda məhkəmələr belə işlərə baxılarkən silahın nümayiş etdirilməsi məsələsində şübhəsiz ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun hərəkət edirlər.
Bizim subyektiv fikrimizə görə bu məsələdə RF Ali Məhkəməsi Plenumunun mövqeyi daha məntiqi görünür. Çünki xuliqanlıq hadisəsi törədilərkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi (tətbiqinə cəhd edilməsi) və ya nümayiş etdirilməsi zərərçəkmişə qarşı təkcə fiziki deyil, həm də psixi təsir vasitələrindəndir. Silahın nümayiş etdirilməsi hüquqa zidd hərəkətlərə yol verən təqsirkar üçün əlavə stimul yaradır, onun özünə inamını artırır, psixi üstünlük əldə etdiyinə arxayınlaşaraq qanunazidd hərəkətlərini davam etdirir. Belə hərəkətlər zərərçəkmişin müqavimət göstərmək əzmini zəiflədir, nəticədə sonuncular başqa şəxslər, bəzi hallarda isə qohumları yanında alçalmış vəziyyətə düşürlər.
Məsələn, təsəvvür edək ki, ictimai yerdə təqsirkar şəxs heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən zərərçəkmişi ailə üzvü yanında ağır təhqir edir, vurur və eyni zamanda odlu silah nümayiş etdirərək tətbiq edəcəyi ilə hədələyir. Təbii ki, belə situasiyalarda nə zərərçəkmiş, nə də hadisə yerində olanlar təqsirkarın əlindəki silahı real olaraq tətbiq edib-etməyəcəyini əvvəlcədən bilə bilməzlər. Məşhur bir məsəl də var ki, dolu olan odlu silah nə vaxtsa atəş açmalıdır. Təbii ki, belə vəziyyətdə zərərçəkmişin düşüncəsi təqsirkarın silahdan atəş aça bilməsi imkanına köklənmiş olur. Göstərilən situasiyada təqsirkarın silahı nümayiş etdirməsi, tətbiq edəcəyi ilə hədələməsi şübhəsiz ki, onun hərəkətlərinə qarşı zərərçəkmişin adekvat tədbirlər görmək, təqsirkara fəal müqavimət göstərmək imkanını azaldır. Mənəvi sarsıntı keçirən zərərçəkmiş, başqaları, xüsusilə qohumları yanında özünü alçalmış hesab edir. Psixoloji üstünlük eldə edən təqsirkar isə məhz silah nümayiş etdirməsi səbəbindən əldə etdiyi üstünlükdən istifadə etməklə əməlini davam etdirir.
Məsələyə bu aspektdən yanaşdıqda hesab edirik ki, xuliqanlıq hadisəsi zamanı silah nümayiş etdirilməsi, zərərçəkmişin bu silahla şifahi sürətdə də olsa hədələnməsi elə də əhəmiyyətsiz məsələ deyildir.
Yuxarıda qeyd etdik ki, xuliqanlıq məfhumunun anlayışı ilə bağlı qanun normaları uzun illər ərzində dəfələrlə dəyişikliklərə məruz qalmış, səlahiyyətli məhkəmə orqanları xuliqanlıqla bağlı qanun normalarının mahiyyəti, təcrübədə tətbiqi sahəsində izahlar və şərhlər vermişlər. Buna baxmayaraq bu növ cinayət hadisələrinin hüquqi tövsifi məsələlərində çatışmazlıqlar, anlaşılmazlıqlar hər zaman olduğu kimi indi də mövcuddur. Bu, xüsusilə xuliqanlıq cinayətlərinin obyektiv cəhətlərinin müəyyənləşdirilməsi məsələlərinə aiddir. Belə bir faktı inkar etmək olmaz ki, bu cinayətlərinin obyektiv cəhətinə qiymət verilməsi məsələsində istintaq-məhkəmə orqanları daha çox səhvə yol verirlər. Məhz bu cinayətlərin obyektiv cəhətlərinin müəyyənləşdirilməsi məsələsində hüquqşünaslar uzun illər ərzində ortaq məxrəcə gələ bilməmişlər və bu da qanun normalarının kamil olmamasına öz təsirini göstərmişdir. Nisbətən yaxın keçmişdə MDB ölkələrindəki cinayət qanunlarında xuliqanlıq cinayətlərində fərqli baxışın nümayiş etdirilməsi onu göstərir ki, bu sahədə, yəni xuliqanlıq cinayətlərinin  mahiyyəti, onun təkmilləşdirilməsi ilə bağlı axtarışlar davam edir. Bu tendensiyanın nə vaxtadək davam edəcəyini, ona nə vaxt nöqtə qoyulacaqını proqnozlaşdırmaq imkan xaricindədir.
Xuliqanlıq adlandırılan hadisələrin mahiyyəti, bu cinayət tərkibini nizama salan normaların tez-tez dəyişdirilməsi, tətbiqi zamanı yaranan çətinlıklər, yuxarı səlahiyyətli məhkəmə orqanlarının  bu cinayət növü ilə bağlı heç də həmişə biri-digəri ilə uzlaşmayan şərhlər və izahlar verməsi bizim fikrimizcə xuliqanlıq cinayətlərinin CM-nin digər fəsilləri ilə nəzərdə tutulan başqa cinayət tərkibləri ilə “genetik bağlılığı” ilə əlaqədardır. Yuxarıda da qeyd etmişdik ki, CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulan norma əslində cinayət qanununun başqa fəsilləri (18, 23, 27, 34) ilə nəzərdə tutulan cinayət tərkibi elementlərinin  bir qapaq altında birləşdirilməsindən ibarətdir.
İstər-istəməz belə bir sual meydana çıxır ki, hazırda xuliqanlıq kimi qəbul edilən cinayət tərkinindən birdəfəlik imtina edilsə qanunvericiliyimiz, umumiyyətlə cəmiyyətimiz nədən məhrum ola bilər?
Fikrimizcə belə dəyişiklik edilməsi nə cinayət qanununun konsepsiyasına, nə də cəzanın məqsədinə neqativ təsir göstərməyəcəkdir. Cinayət qanununda belə bir dəyişiklik baş verərsə hazırda xuliqanlıq kimi qiymətləndirilən ictimai təhlükəli əməllər cinayətin yönəldiyi obyektdən, törədilmə üsulundan, motivindən və nəhayət baş vermiş nəticədən asılı olaraq CM-nin müvafiq fəsillərinin maddələri ilə tövsif ediləcəkdir. Əməlin obyektiv cəhətində xuliqanlıq elementləri olduqda isə bu, müvafiq maddədə məsuliyyəti ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərə alına bilər.
İndinin özündə də CM-nin bəzi maddələrində söylədiyimiz fikirlərlə üst-üstə düşən nümunələr vardır. Məsələn AR CM-nin 120, 126 və 127-ci maddələrində nəzərdə tutulan əməllərin xuliqanlıq zəmnində törədilməsi halı ağırlaşdırıcı tövsif edici hal kimi nəzərdə tutulmuşdur. CM-nin əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətindən bəhs edən 186-cı maddəsində, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərindən bəhs edən 263-cü maddəsində və digər maddələrdə də belə ağırlaşdırıcı tövsif edici əlamətlər nəzərdə tutula bilər.
Cinayət qanununda (CM-nin 263-1-ci maddəsin) yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərdə tutulduğu halda, ağır nəticəli yol-nəqliyyat hadisəsinin məhz xuliqanlıq zəmnində törədilməsi (avtoxuliqanlıq) ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərdə tutulmur. Halbuki, bir sıra yol-nəqliyyat hadisələrinin məhz avtoxuliqanlıq (sürət yarışı) şəklində törədilməsi    nəinki ağır nəticələrə gətirib çıxarır, həm də əhalinin dincliyini nümayişkaranə şəkildə pozan bu hərəkətlərlə cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirilir. Xatırladaq ki, ağır nəticəli olmayan belə əməllər üçün İnzibati Xətalar Məcəlləsində kifayət qədər ciddi tənbeh tədbiri nəzərdə tutulmuşdur. (İXM-nin 511-ci maddəsi)
Bunu da xatırlatmağı lazım bilirik ki, aldığımız məlumata görə dünyanın əksər ölkələrinin cinayət qanunvericiliklərində xuliqanlıq qismindı ayrıca norma yoxdur. Bu faktın özü də həmin növ cinayət tərkibinin qanundan çıxarılmasının vətəndaşların qanunla qorunan hüquqlarının  həyata keçirilməsinə mənfi təsir etməyəcəyinə dəlalət edir.
Əlbəttə yazı müəllifi başa düşür ki, cinayət qanunundan xuliqanlıq adlanan cinayət tərkibinin birdəfəlik çıxarılması yaxın gələcəyin işi deyildir. Xuliqanlıq mövcudluğu mübahisə doğurmayan bir cinayət tərkibi kimi şüurumuza hopmuşdur və bu sahədə tezliklə radikal dəyişikliklər etməyin bəlkə də vaxtı çatmamışdır. Biz isə bu təklifin gec-tez qəbul ediləcəyi ümidi ilə məsələnin gündəmdə saxlanmasını zəruri hesab edirik.
Nəhayət xuliqanlıq cinayətləri ilə bağlı bir anlaşılmaz məsələyə də diqqət cəlb etmək istəyirik. Məlumdur ki, həyat və sağlamlıq əleyhinə cinayətlərdən olan qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlıqa az ağır zərər vurma kimi cinayətlər xuliqanlıq zəmnində də törədilir. Qanunverici belə əməllərin xuliqanlıq zəmnində törədilməsini ağırlaşdırıcı tövsifedici əlamət kimi qəbul etməklə qanunda müvafiq norma yaratmışdır (CM-nin 120.2.2. 126.2.4 və  127.2.3-cü maddələri). Amma bu da mübahisəsiz faktdır ki, xuliqanlıq zəmnində baş verən hadisə zamanı zərərçəkmişin sağlamlığına nəinki ağır, yaxud az ağır, həmçinin yüngül zərər də vurula bilər. Lakin hansı səbəbdənsə xuliqanlıq zəmnində zərərçəkmişin sağlamlığına yüngül zərər vurulması qanunda (CM-nin 128-ci maddəsi) ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərdə tutulmamışdır. Bunu məntiqə uyğun heab etmək olmaz və qanundaki bu anlaşılmazlıq tezliklə aradan qaldırılmalıdır.
Biz öz tərəfimizdən qəsdən sağlamlığa yüngül zərər vurmadan bəhs edən CM-in 128-ci maddəsi ilə müəyyən olunan normanın aşağıdakı kimi verilməsini  təklif edirik.
Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma.
128.1. Sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək fəaliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətdə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
128.2.    Eyni əməllər xuliqanlıq niyyəti ilə törədildikdə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(c) Azərbaycan Vəkili