Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Ölkəmizə dair GRECO-nun Uyğunluq Hesabatının qısa icmalı – 2017 YENİ
05.07.2017 109


Bir müddət bundan əvvəl Avropa Şurasının nəzdində fəaliyyət göstərən Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) Azərbaycan üzrə 2014-cü ildə qəbul olunmuş 4-cü Raund Dəyərləndirmə Hesabatı (tam mətni yüklə) çərçivəsində verilmiş tövsiyələrin icra vəziyyəti barədə Uyğunluq Hesabatını (tam mətni yüklə) ictimailəşdirmişdir.
 
Qeyd olunmalıdır ki, 4-ci Raund Dəyərləndirmə Hesbatı “Parlament üzvlərinin, hakimlərin və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması” mövzularını əhatə edir. Adı çəkilən uyğunluq hesabatı finlandiyalı ekspert Jouko Huhtamaki və Gürcüstandan xanım Mariam Maisuradze tərəfindən hazırlanmışdır.
 
Beləliklə, 2014-cü ildə çıxmış ümumi hesbatda ölkəmizə mövzu üzrə qanunvericiliyimizdə 21 düzəlişin həyata keçirilməsi üzrə tövsiyələr təqdim olunmuşdur ki, onlardan ən əsaslarının bu günə icra vəziyyəti qısaca aşağıdakı kimidir:
 
TÖVSİYƏ 1: GRECO tövsiyə etmişdir ki, icra hakimiyyəti orqanları tərəfindən təqdim edilən və parlament daxilində sürətləndirilmiş qəbul prosesi ilə qəbul edilən qanun layihələri də daxil olmaqla qanun layihələrinin ictimai dinləmələri sistematik olaraq təşkil edilsin.
Hökumətin mövqeyi: Tövsiyənin icra vəziyyəti ilə bağlı Azərbaycan hökuməti bildirmişdir ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq, qanun lahiyəsi Parlamentin müvafiq Komitəsi tərəfindən qəbul edildikdən sonra, 3 gündən gec olmayaraq Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilir və digər bu kimi ictiamiləşdirmə ilə bağlı qanunvericilik mexanizmləri mövcuddur.
Nəticə: GRECO 1 saylı tövsiyənin qismən icra olunması qənaətinə gəlmişdir.
 
TÖVSİYƏ 4: GRECO tövsiyə etmişdir ki, i) millət vəkilləri üçün gəlir bəyannamələrinin forması tez bir zamanda müəyyənləşdirilsin və bəyannamələrin məxfiliyi millət vəkilləri və onların qohumlarının şəxsi həyatları və təhlükəsizliyi nəzərə alınma şərti ilə aradan qaldırılsın ii) Millət vəkilləri üçün maliyyə xarakterli məlumatların təqdim olunma mexanizmi işə düşməsi təmin edilsin (müstəqil nəzarət orqanı tərəfindən nəzarətin həyata keçirilməsi də daxil olmaqla), və bu tələblərə əməl edilmədiyi təqdirdə çəkindirici və proporsional cəza növlərinin tətbiqi və tətbiq edilmiş cəzanın əsaslandırılması barədə məlumatlar ictimaiyyətə təmin edilsin.
Hökumətin mövqeyi: Hökumət qeyd edir ki, yeni qəbul edilmiş Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planına uyğun olaraq Nazirlər Kabinetinə və Ədliyyə Nazirlyinə vəzifəli şəxslər üçün maliyyə bəyannamələrinin açıqlanmasına dair müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. GRECO-ya bununla bağlı yeniliklər olduğu zaman məlumat veriləcəkdir.
Nəticə: GRECO 4 saylı tövsiyənin icra olunmadığı qənaətinə gəlmişdir.
 
TÖVSİYƏ 5: GRECO tövsiyə edir ki, i) Məhkəmə-Hüquq Şurasının məqsədlərində/mandatında məhkəmə hakimiyyətinin müstəqiliyinin qorunması və gücləndirilməsi ilə bağlı müddəalar aydın şəkildə göstərilsin; və ii) Məhkəmə-Hüquq Şurasının rolu məhkəmə hakimiyyətinin tərkibində gücləndirilsin və bu xüsusilə onun üzvlərinin yarısından az olmayan hissəsinin birbaşa seçilmiş və ya həmkarları tərəfindən təyin edilən hakimlərdən ibarət olması və MHŞ-nın sədrinin hakim olan üzvlərdən seçilməsi yolu ilə təmin edilsin.
Hökumətin mövqeyi: Tövsiyənin (i) hissəsi ilə bağlı hökümət məlumat vermişdir ki, 2005-ci ildə Məhkəmə-Hüquq Şurası faktiki olaraq məhkəmə sistemini təmsil etməyə, tənzimləməyə və onun müstəqilliyinə təminat verməyə başlamışdır (MHŞ haqqında qanunun 11.0.7-ci maddəsi). MHŞ haqqında qanun bir neçə dəfə dəyişdirilmişdir: a) 21/12/2012-ci ildə məhkəmə müstəqilliyi haqqında tələblər daxil edilmişdir (vəzifələr üzrə 1-ci bölmə); b) 21/12/2012-ci ildə bu sahədə əlavə təhlükəsizlik tədbirləri tətbiq etmək və fəaliyyətləri üzərində uyğun olmayan bir təsir olması halında hakimə MHŞ-na rəsmi olaraq müraciət edə bilməsi haqqında); c) 24/02/2015-ci ildə MHŞ-na birinci instansiya məhkəməsinin fəaliyyətinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanı (burada Ədliyyə Nazirliyi nəzərdə tutulur) tərəfindən illik büdcəsinin müzakirəsi zamanı öz təkliflərini bildirmək hüququ verilmişdir; d) 28/10/2016-ci ildə MHŞ-na apellyasiya məhkəməsinin illik büdcə təkliflərini nəzərdən keçirmək hüququ verildi; e) 28/11/2016-ci ildə MHŞ-na məhkəmələrin müvafiq ərazi yurisdiksiyalarını müəyyənləşdirmək kimi xüsusi səlahiyyət verildi.
Nəticə: GRECO belə nəticəyə gəlir ki, 5 saylı tövsiyə qismən icra edilmişdir.
 
TÖVSİYƏ 6: GRECO tövsiyə edir ki, məhkəmə hakimiyyətinin müstəqilliyi aşağıdakılar vasitəsilə daha da gücləndirilməlidir i) bütün kateqoriyalardan olan hakimlərin və məhkəmə sədrlərinin təyin edilməsində Məhkəmə-Hüquq Şurasının rolunu artırmaqla; və ii) hakimlər üçün beş illik sınaq müddətini xeyli azaldaraq və aydın, obyektiv və şəffaf meyarlar əsasında hakim vəzifəsinə daimi təyinatlar irəli sürərək.
Hökumətin mövqeyi: Tövsiyənin i) bəndi ilə bağlı qeyd olunur ki, Məhkəmə-Hüquq Şurasının (MHŞ) rolunu artırmaq üçün qanunvericiliyə dəyişiklik edilmişdir. Bu dəyişikliklər nəticəsində, Azərbaycan Respublikasının Prezidenti Ali Məhkəmənin Sədri istisna olmaqla, bütün hakimləri yalnız Məhkəmə-Hüquq Şurasının təklifi ilə təyin edir. Tövsiyənin (ii) hissəsi ilə əlaqədar olaraq, səlahiyyətli orqanlar bildirir ki, 30/12/2014-cü ildə “Məhkəmələr və Hakimlər haqqında” Qanununa edilmiş dəyişikliklər nəticəsində hakimlər üçün sınaq müddəti beş ildən üç ilə qədər azaldılmışdır.
Nəticə: GRECO belə nəticəyə gəlir ki, 6 saylı tövsiyə qismən icra edilmişdir.
 
TÖVSİYƏ 11: GRECO tövsiyə etmişdir ki, Baş prokuror tərəfindən hakimlərin toxunulmazlığının qaldırılması barədə (cinayət başında tutulması halı istisna olmaqla) Məhkəmə Hüquq Şurasına edilmiş müraciətə baxılması müddətinin əhəmiyyətli dərəcədə azaldılması məqsədilə bu məsələ nəzərdən keçirilsin.
Hökumətin mövqeyi: Səlahiyyətli orqanlar bildirir ki, on gün əvəzinə müddətin yetmiş iki saata qədər azaldılmasını nəzərdə tutan müvafiq qanun layihəsi işlənib hazırlanmış və parlamentə təqdim edilmişdir. Bu layihə 29 noyabr 2016-cı ildə qəbul edilmişdir. Səlahiyyətli orqanlar zəmanət verir ki, qeyd edilən qanunun qüvvəyə minməsi üçün tələb olunan 56 gün müddəti ərzində imzalanma və dərc edilmə tələbləri formal formal xarakter daşıyır, çünki qeyd edilən qanunun təşəbbüskarı Prezidentin özüdür.
Nəticə: GRECO belə nəticəyə gəlir ki, 11 saylı tövsiyə tam icra edilmişdir.
 
TÖVSİYƏ 13: GRECO digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının prokurorluq orqanlarına təyin edilməsini daha obyektiv, şəffaf meyarlar və qaydaların təkmilləşdirilməsi və ictimaiyyətə açıq olmasını tövsiyə etmişdir.
Hökumətin mövqeyi: Hökumət qeyd edir ki, digər qurumların təcrübələrindən faydalanmaq məqsədi ilə digər hüquq-mühafizə orqanlarının əməkdaşları prokurorluq orqanlarına işə qəbul edilirlər. GRECO digər hüquq-mühafizə əməkdaşlarının prokurorluq orqanlarına işə qəbul edilməsinin təsdiq edilməsi haqqında 2015-ci ilin iyul ayında qəbul edilmiş qaydaları alqışlayır. Təcrübə səviyyəsinin, ümumi münasibət, dövlət qulluğuna qəbul zamanı işin icra olunması, habelə intizamın sistemli nəzərə alınmasını görməkdən məmnunluq ifadə olunur.
Nəticə: GRECO 13-cü tövsiyənin qənaətbəxş həyata keçirilməsi qənaətinə gəlir.

(c) AHİM