Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Etik qaydaların pozuntusu vəkilin gələcəkdə peşəyə buraxılmasına mane ola bilərmi? – AİHM (YENİ)
12.07.2017 561


Bu günlərdə Avropa Məhkəməsi Litvada fəaliyyət göstərən 2 nəfər hüquqşünasın vəkillik fəaliyyətinə qadağan qoyulması ilə bağlı maraqlı bir iş barəsində öz 2 qərarını elan etmişdir. Ərizəçilər cənab Yankauskas və xanım Lekaviçienedir.

Birinci ərizəçi cənab Yankauskas 1972-ci doğumlu litvalı hüquqşünasdır. Əvvəllər müstəntiq işləyən ərizəçinin rüşvət alma ittihamı ilə məhkumluğu olmuşdur. Sonradan cəzasını çəkdikdən və dolayısilə məhkumluğu aradan qalxdıqdan sonra o, öz ərizələrini Litva Vəkillər Kollegiyasına üzv olmaq məqsədilə Kollegiyaya təqdim etmiş və stajor kimi fəaliyyətə buraxılmışdır. Lakin o, ərizəsini verərkən özünün məkhumluğu barədə sənəd qəbulu komissiyasına məlumat verməmişdir. Bu məlumat Kollegiyaya məlum olduqdan sonra Vəkillərin Şərəf Məhkəməsinin qərarına əsasən, Yankauskas vəkillikdən xaric edilmişdir. Şərəf Məhkəməsi hesab etmişdir ki, qeyd olunan məlumatı gizlətməklə qəbul komissiyası onun peşə nüfuzu barədə yanıldılmış, dolayısilə bu, onun yüksək mənəviyyata sahibi olmadığını təsdiq etmişdir. Yerli məhkəmələr də ərizəçi barədə eyni mövqeyi nümayiş etdirmişdir.

Digər ərizəçi – xanım Lekaviçiene də 1942-ci il doğumlu Litva vətəndaşıdır. O, Litva Vəkillər Kollegiyasının sabiq üzvü idi. 2003-cü ildə o, barəsində aparılan cinayət işi ilə bağlı vəkillikdən xaric edilmişdir. 2004-cü ildə o, 30-dan çox epizod üzrə saxtakarlıq ittihamı əsasında məhkəmə qaydasında məhkum edilmişdir. O, dövlət xətti ilə həyata keçirilən ödənişsiz hüquqi yardım mexanizmi əsasında vətəndaşlara hüquqi yardım göstərmişdir. 2007-ci ildə məhkumluğu bitdiyindən ərizəçi Kollegiyaya üzvlüyə bərpa olunmaq məqsədi ilə ərizəsini qəbul komissiyasına təqdim etmişdir. Cinayət hadisəsinin üstündən çox vaxt keçmədiyini, habelə ərizəçinin yüksək mənəviyyat sahibi olmadığını nəzərə alaraq Kollegiya onu üzvlüyə qəbul etməkdən imtina etmişdir. Yerli məhkəmələr də ərizəçi barədə eyni mövqeyi nümayiş etdirmişdir.

Ərizəçilər Konvensiyanın 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət edilməsi hüququ) ilə təsbit olunmuş hüquqlarının (peşəyə çıxış) pozuntusu iddiası ilə 2009-cu ildə Avropa Məhkəməsinə müraciət etmişdir.

Avropa Məhkəməsi öz qərarında hesab edir ki, ərizəçilərin kollegiyaya üzvlükdən xaric edilmələri 8-ci maddə ilə təsbit edilən hüquqları ilə əlaqəlidir. Bununla belə pozuntunun baş verməsi üçün Kollegiya tərəfindən verilən qərar “qanuna əsaslanmalı”, “demokratik cəmiyyətdə ehtiyacdan doğan zərurət” olmalı idi. Litva milli məhkəmələri və Vəkillər Kollegiyasının ərizəçilərin xaric edilməsi ilə bağlı qərarları qanuni əsaslı idi və əsaslar vəkillər haqqında qanunvericilikdə və vəkillərin etik davranış qaydalarında əks olunmuşdu. “Demokratik cəmiyyətdə ehtiyacdan doğan zərurət”lə bağlı Məhkəmə hesab edir ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadığından onların davranış standartları yüksəkdir. Bu, hətta AŞ Nazirlər Komitəsinin R(2000)21 saylı Tövsiyəsində xüsusi vurğulanır.

Xanım Lekaviçiene tərəfindən sistematik olaraq hüquqi yardım adı altında saxtakarlığın edilməsi isə yüksək vəkil adı ilə bir araya sığmır və milli məhkəmələrin bu baxımdan verdiyi qərar əsaslıdır. Eyni zamanda Məhkəmə hesab edir ki, məhkumluq müddətinin keçməsi şəxsin özündə hələ də yüksək mənəvi dəyərləri bərpa etməsi anlamına gəlməməlidir.

Yankauskas işi ilə bağlı Məhkəmə qeyd edir ki, peşəyə daxil olmaqla bağlı öz ərizəsini Kollegiyaya təqdim edən zaman, o, məhkumluq barədə məlumatın qəbul komissiyasına əvvəlcədən verilməli olduğunu da bilirdi.

Qeyd olunanları nəzərə alaraq Avropa Məhkəməsi Konvensiyanın 8-ci maddəsinin pozulmadığı qənaətinə gəlmişdir.

(c) AHİM