Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Hansı daha əsasdır - tələbkarın tələbi, yoxsa məhkəmənin xərcləri? KM
04.09.2017 982


Hörmətli oxucularımızın diqqətinə KM Plenumunun 27.12.
2002-ci il tarixli məşhur qərarını təqdim etmək istərdik. Bu qərar məhkəmə çəkişməsi nəticəsində borcludan alınmalı olan pul vəsaiti kifayət etmədikdə məhkəmə məsrəflərinin və icra xərclərinin birinci növbədə ödənilməsi ilə bağlı Mülki Məcəllənin 440.4-cü və “İcra haqqında” qanunun 74.1-ci maddələri ilə bağlıdır.

Belə ki, hal-hazırda Mülki Məcəllənin 440.4-cü maddəsinə əsasən, borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.

Eyni zamanda “İcra haqqında” qanunun 74.1-ci maddəsinin əvvəlki redaktəsində Mülki Məcəllədə qeyd olunan formulirovkadan istifadə olunurdu: İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən tələbkarın tələblərinin təmin olunması üçün istifadə edilir.”

Məsələ ilə bağlı, KM-ə sorğu ilə müraciət edən Ali Məhkəmə hesab etmişdi ki, məsələnin bu cür qoyuluşu (borcun ödənilməsinin tələbkarın tələblərinin təmin olunmasına deyil, birinci növbədə məhkəmə, icra xərclərinin qarşılanmasına yönəldilməsi) tələbkarın müdafiə imkanlarının məhdudlaşdırılmasına, onun qanuni tələblərinin tam icra edilməməsinə, icra mərhələsində xüsusi və fərdi maraqlar arasında ziddiyətlərin yaranmasına səbəb olur, bu isə Konstitusiyanın 29-cu maddəsi ilə təmin olunmuş mülkiyyət hüququna ziddir.

KM-nin əsaslandırması:

1.
Ali Məhkəmənin haqlı olaraq qaldırığı problemə münasibətdə KM hesab etmişdir ki, həqiqətən qeyd olunan maddələr əvvəla insanların mülkiyyət hüququnun, habelə ədalətli məhkəmə hüququnun məhdudlaşdırılmasına səbəb olur. Belə ki, KM öz qərarında Avropa Məhkəməsinin “Xornsbin Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi 19.03.1997-ci il tarixli qərarından belə bir iqtibas gətirir: “iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...”

2.
KM hesab edir ki, MM-nin 440.4-cü maddəsində müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazlığı pozur.

3.
MPM-nin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən, məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Göründüyü kimi MM-nin 440.4-cü maddəsindən fərqli olaraq prosessual qanunvericilikdə iddiaçının tələblərinin ilk növbədə ödənilməsi müəyyənləşdirilmişdir.

Nəticə:

Hörmətli oxucular, beləliklə, artıq sizlərə yuxarıda qeyd olunanlara əsasən, KM-nin hansı qərar qəbul edəcəyi məlumdur. Bəli, KM MM-nin 440.4-cü maddəsi və “İcra haqqında” Qanununun 74.1-ci  maddəsində olan “...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir.” müddəaları qüvvədən düşmüş hesab etmişdir.

Qeyd:
Hörmətli gənc hüquqşünaslar, bir məsələni diqqətdən qaçırmayın - hazırda MM-nin yuxarıda adı çəkilən 440.4-cü maddəsinin qüvvədən düşməsinə baxmayaraq, həmin maddənin mətni Məcəllədə hələ də mövcuddur. Yalnız KM-nin bu qərarından məlumatlı olan hüquqşünaslar bilirlər ki, həmin işlək deyildir.

(c) AHİM