Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Messencerə görə heç işdən çıxararlar və ya ağıl ağıldan üstündür - AİHM
25.09.2017 479


Oxucularımızın diqqətinə HELP-nin Azərbaycan hakimləri üzrə əlaqləndiricisi Zülfiqar Babayev və Vəkillər Kollegiyasının üzvü Aqil Layıcovun AİHM-nin presedent praktikasına dair birgə hazırladıqları maraqlı məlumatı təqdim edirik. Qərarın əslini oxumaq üçün.

Bogdan Mihai Barbulescu (Rumıniya vətəndaşı) (Barbulescu və ya İşçi və ya Ərizəçi) adlı bir şəxs özəl şirkətlərin birində satışa cavabdeh mühəndis vəzifəsində işləyən zaman, iş vaxtı korporativ e-maildən (e-mail və ya Yahoo Messenger) ailə üzvləri və nişanlısı ilə danışmaq üçün istifadə edir. İşçi əvvəlcə e-maildən yalnız işgüzar məqsədlərlə istifadə etdiyini bəyan etsə də, işəgötürən onun qardaşı və nişanlısı ilə 45 səhifəlik yazışmasını ona təqdim edir. Bundan sonra işəgötürən “şirkətin iş yerində internetdən istifadə qaydalarını” pozduğuna görə onunla əmək münasibətlərinə xitam verir.  

Bununla razılaşmayan Barbulescu, onun “yazışma və şəxsi həyatına hörmət hüququ”nun pozulduğunu iddia edərək, Rumıniyanın yerli məhkəmələrində işdən qovulmasını mübahisələndirmək qərarına gəlir. O, Avropa Konvensiyasının 8-ci maddəsinə dayanaraq, şəxsi yazışmaların "şəxsi həyatının" parçası olması iddiası ilə yerli məhkəmələrdə iddia qaldırır. Lakin onun iddiası yerli məhkəmələr tərəfindən təmin edilmir. Məhkəmə belə qərara gəlir ki, işəgötürən işçilərin iş vaxtı yazışmalarını izləmək hüququna malikdir. Bundan başqa, işəgötürən işçiləri işdə internetdən şəxsi məqsədlərlə istifadənin qadağan olunmasını ağlabatan dərəcədə bildirmişdir. Beləlikə, qərar Barbulescunun əleyhinə çıxarılır.

Sonradan iş Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) önünə gəlir. Barbulescu iddia edir ki, onun əmək münasibətlərinə xitam verilməsi şəxsi həyatına müdaxilə nəticəsində əldə edilən sübuta əsaslanmış və yerli məhkəmələr Ərizəçinin Konvensiyada əks olunan hüquqlarını müdafiə edə bilməmişdir.

AİHM 12 yanvar 2016-cı il tarixli qərarı ilə Ərizəçinin iddiasını rədd edir. Burada AİHM bir neçə məqama toxunur:
1. Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi öz qərarlarında buna əsaslanırlar ki, işəgötürən işçinin e-mailini sonuncunun e-maildən yalnız işgüzar məqsədlərlə istifadə etdiyini iddia etdikdən sonra və buna əmin olmaq məqsədilə yoxlamışdır;
2. Yerli məhkəmələr öz qərarlarında şəxsi yazışmaların məzmununa xüsusi əhəmiyyət verməmişlər, yəni yazışmaların məzmunu yerli məhkəmələrin qərarlarına xüsusi təsir göstərməmişdir;
3. Ərizəçi Yahoo Messenger hesabından niyə şəxsi məqsədlərlə istifadə etdiyini inandırıcı şəkildə izah edə bilməmişdir;
4. Sonda AİHM vurğulayır ki, işçinin yalnız Yahoo Messenger hesabı yoxlanmışdır, onun kompüterində olan digər fayllara və məlumatlara müdaxilə olunmamışdır.

Yəni işəgötürənin müdaxiləsi məhdud və mütənasib olmuşdur.

Beləliklə, AİHM-nin fikrincə hökümət şəxsi həyata müdaxilə edərkən ədalətli balansı gözləmiş, tarazlıq təmin edilmişdir.

AİHM-nin qərarı ilə razılaşmayan Ərizəçi 06 iyun 2016-cı il tarixində işin Böyük Palatada baxılmasını tələb edib. Qeyd olunmalıdır ki, Böyük Palata yalnız xüsusi əhəmiyyət kəsb edən vacib işlərə baxır. Böyük Palata işi qəbul etmiş və 05 sentyabr 2017-ci il tarixində qərarını açıqlayaraq Ərizəçinin 8-ci maddə ilə qorunan hüquqlarına müdaxilə olunduğu qənaətinə gəlmişdir.

Böyük Palata öz qərarında aşağıdakı məqamlara əsaslanmışdır:

1. Ərizəçi işə başlamazdan öncə onun yazışmalarının monitorinq olunacağına dair xəbərdarlıq almamış və yetərincə iltizamlanmamışdı, həmçinin işəgötürənin yazışmaların məzmununa müdaxilə etmək imkanı barədə məlumatlandırılmamışdı. Bundan başqa hansı hədd və ölçü daxilində monitorinqin aparılması bəlli deyildi;
2. Yerli məhkəmələr monitorinqin nəticələrinin ciddiliyini və sonrakı intizam tənbehini nəzərə almayıblar. Bu baxımdan Palata vurğulayır ki, Ərizəçiyə ən sərt inzibati tənbeh, yəni əmək münasibətlərinə xitam, verilmişdir;
3. Yerli məhkəmələr müdaxilənin qanuni səbəblərini yetərincə əsaslandırmayıblar;
4. Yerli məhkəmələr işəgötürənin məqsədlərinə nail olmaq üçün işçilərin şəxsi həyatına daha az müdaxilə edən vasitələrin olub-olmamasını müəyyən etməyiblər.

Beləliklə, Böyük Palata qərara gəldi ki, hökümət Ərizəçinin “şəxsi həyata və ailə həyatına hörmət hüququ”nu mütənasib şəkildə qorunmasını təmin etməmiş və ədalətli balansı qorumamışdır. Bununla da Ərizəçinin Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən hüquqları pozulmuşdur.

(c) Aqil Layıc və Zülfiqar Babayev