Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Hirst Birləşmiş Krallığa qarşı və ya AİHM-nin “Axilles dabanı”
14.11.2017 402


Oxucuların diqqətinə AİHM-nin qərarlarının icrası haqqında Məhkəmənin presedent praktikasına istinadən təzəlikcə beynəlxalq mətbuatda işıq üzü görmüş rusiyalı hüquqşünas Serqey Qolubokun məqaləsini təqdim edirik.

Avropa Şurası prinsipial məqsədi insan hüquqları və əsas azadlıqlarının təmin edilməsi və həyata keçirilməsi olan beynəlxalq bir təşkilatdır. Şuranın baş tacı isə Avropa İnsan Hüquqları Konvensiyası ilə təsis olunmuş, şəxslərin Konvensiya ilə müəyyən olunmuş hüquqlarının pozulması halları barədə müvafiq dövlətlərə qarşı iddia qaldıra bildikləri Avropa İnsan Hüquqları Məhkəməsidir. Avropa Məhkəməsi şəxsin Konvensiya ilə qorunan hüquqlarının pozulması faktı ilə bağlı dövlətin məsuliyyətinin olub-olmamasını müəyyən edir. Məhkəmənin qərarlarının lazımi qaydada icra edilməməsi və bu səbəbdən dəqiq müəyyən olunmuş sanksiya mexanizminin olmaması bütün Avropada məlum olan haldır.
 
Məhkəmənin qərarlarının qəti, icrasının isə məcburi xarakterli olmasına baxmayaraq, dövlətlərin bu qərarlara tam tabe olduqlarını demək olmaz. Əslində, heç bir beynəlxalq məhkəmənin qərarlarının icrasını təmin edəcək mexanizmlər və ya metodlar olmur. Bu məhkəmələrin mühakimə səlahiyyəti dövlətlərin razılığı ilə şərtlənmişdir.
 
Məhkəmənin qərarları Konvensiyanın müəyyən maddəsinin pozulması halının mövcudluğunu təsdiq edir və bir çox halda dövlət tərəfindən şəxsə pul kompensasiyasının ödənilməsini nəzərdə tutur. Lakin ödənişin edilməsi hələ Məhkəmənin qərarının tam icrası hesab olunmamalıdır.
 
Bu effekliliyə nail olmağın iki mərhələsi var: birincisi, müraciət edən şəxs işi udmuşsa, hüquq pozuntularının nəticələrinin aradan qaldırılmasını təmin etmək lazımdır (fərdi tədbirlər). İkincisi isə, eyni hüquq pozuntularının yenidən təkrarlanmasının qarşısını almaq üçün geniş tədbirlər görülməlidir (ümumi tədbirlər).
 
“Fərdi tədbirlər” beynəlxalq öhdəliklər əsasında icra olunur: məsuliyyət daşıyan dövlət hüquqları pozulmuş şəxsin hüquqlarının bərpa edilməsini təmin edir. Bu, çox zaman, hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətin bərpası kimi qəbul olunmaqdadır. Məsələn, ədalətli məhkəmə araşdərması hüququnun bərpa olunması üçün ən əlverişli metod şəxsin ilkin instansiyaya yenidən müraciət etməsinin təmin olunması olar.
 
“Ümumi tədbirlər” bənzər hüquq pozuntularının qarşısının alınması baxımından əhəmiyyətlidir. Lakin bunu təmin etmək vəzifəsi yerli orqanların və son nəticədə yerli məhkəmələrin üzərinə düşür. Yerli orqan və məhkəmələrin təkrarən insan hüquqlarını pozduğu və Məhkəmənin göstərişlərinə əməl etmədiyi təqdirdə, Məhkəmənin qərarlarında eyni şeyi dəfələrlə təkrar etməsi mənasızlaşır.
 
Bu problemin həlli üçün Avropa Şurasının Nazirlər Komitəsinin tədbirlər görməsinə ehtiyac olduğuna baxmayaraq, Komitə bu məsələdə açıq-aşkar tərəddüd nümayiş etdirir. Komitə cavabdeh dövlətlərin Məhkəmənin qərarlarını icra etməsinə nəzarət etməli olan, dövlətlərin nümayəndələrindən ibarət olan siyasi bir qurumdur. Qərarların icrasına nəzarət zamanı Komitə cavabdeh dövlətin gördüyü tədbirlərin yetərli olub-olmamasını müəyyən etməlidir. Buna baxmayaraq, bir çox dövlət digər dövlətlərin qərarların icrası ilə bağlı laqeyd münasibətlərinə qarşılıqlı mənafelər baxımından göz yumurlar.
 
Komitənin hərəkətsizliyinə “Çeçen işləri” ilə bağlı Məhkəmənin onlarla qərarının icra edilməməsi və cavabdehlərin məsuliyyətə cəlb olunmamasını nümunə göstərmək olar. Bu işlərdə hərbi münaqişə dövründə bir çox dinc insana zor tətbiq edilməsi nəticəsində onların itkin düşməsi halları aşkarlanmışdır. İcra mexanizminin mövcud olmaması Məhkəməni yalnız pul kompensasiyası paylayan qurum halına çevirmişdir. Məhkəmənin öz fikrinə görə də pul kompensasiyası itkin düşmə halları ilə bağlı qənaətbəxş mexanizm deyil və ola da bilməz. Bu kimi hallarda yalnız işlərin səmərəli istintaqı pozulmuş hüquqların bərpası üçün əvəzedilməz fərdi tədbirdir.
 
2011-ci ilin fevralında Birləşmiş Krallığın Nümayəndələr Palatası “hörmətsizlik, borcu ödəməkdən yayınma və həbs qətimkan tədbiri çərçivəsində həbs edilmiş şəxslərdən başqa heç bir azadlıqdan məhruç olunmuş şəxsin səs vermək hüququnun olmaması” ideyasını dəstəkləmişdir. Bu hərəkət Böyük Palatanın “Hirst Birləşmiş Krallığa qarşı” işi üzrə çıxardığı qərarda müəyyən edilmiş öhdəliklərin tamamilə rədd edilməsi idi. Sözügedən işdə Məhkəmə Birləşmiş Krallıqda məhbusların səs vermək hüququnun tamamilə məhdudlaşdırılmasını Konvensiyanın pozuntusu kimi qiymətləndirmişdi.
 
2010-cu ildən Nazirlər Komitəsi pozuntularla bağlı Məhkəmənin qərarlarının icra prosedurunda yaxından iştirak etmək və prosesə nəzarət etmək vəzifəsini yerinə yetirməkdədir. Komitə çıxarılmış qərarların icrasına etinasız yanaşan dövlət haqqında Məhkəməyə rəy bildirməsi ilə bağlı müraciət etmək hüququna malikdir. Komitə bu güclü silahdan indiyə qədər istifadə etməmişdir. İstənilən halda bu prosedurun həyata keçirilməsi cavabdeh dövlətin Məhkəmədə yenidən mühakimə olunmasına və barəsində qərar çıxarılmasına səbəb olsa belə, Avropa Şurasının qərarın icrasını təmin edəcək daha bir mexanizmi mövcud deyil.