Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
İcra işlərinin sayı 800 mini ötmüşdür - qısa statistika
22.11.2017 2388


22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun mətbuatda çıxmış məqaləsindən statistik iqtibasları oxucuların diqqətinə təqdim edirik. Qeyd olunmalıdır ki, ölkəmizdə bu bayram ədliyyə işçiləri tərəfindən artıq 18 ildir ki qeyd olunmaqdadır.

1. Nazirlik tərəfindən ötən bir ildə 1.300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanmış, 2.600-dən çox layihə hüquqi ekspertizadan keçirilmiş, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və huquqiaktlar.gov.az elektron reyestrlərinə 5.100 sənəd daxil edilmiş, həmin bazalara vətəndaşlar tərəfindən başçəkmələrin sayı artaraq 740 mini ötmüşdür.

2. Notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3.7 milyondan artıq olmuşdur ki, bunun da 92%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür.

3. Qeydiyyat orqanlarında 337 mindən artıq vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 150 min, nikahın sayı isə 65 min təşkil etmişdir.

4. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4100-dən artıqdır, KİV-lərin sayı isə 5200-ə çatmışdır.
 
5. Nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə vətəndaşların qəbuluna, "Qaynar xətt" əlaqə mərkəzinə edilən müraciətlərə diqqət yetirilmiş, bu zaman hər bir vətəndaş diqqətlə dinlənilərək, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülmüşdür.

6. Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət" çərçivəsində 18 milyondan artıq müraciətə baxılmasına nail olunmuşdur. Təqdim edilmiş sənədlərin 40%-dən çoxu ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür.

7. Ötən bir ildə icra işlərinin sayı 30% artaraq 800 mini ötmüş, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilmişdir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4.000 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 2.700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilmiş, 337 nəfər barəsində cinayət işi başlanmışdır.

8. Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 586 cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.

9. Məhkəmə ekspertizalarını həyata keçirən Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş işlərin sayı 35 minə çatmış, ekspertlər 790.000-ə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,4 faizini həll etmişlər.

10. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək 67 mindən çox bələdiyyə aktı yoxlanılmış, qanunsuz qərarların ləğvinə nail olunmuş, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış minlərlə torpaq sahəsi geri qaytarılmışdır.

11. Bu gün ədliyyə sistemində çalışan işçilərin demək olar ki, hər ikisindən birini gənclər təşkil edir. Ədliyyə orqanlarına qulluğa qəbul mütəmadi xarakter daşıyır və son illər şəffaf seçimlər əsasında 2.300-ə yaxın gənc ədliyyənin müxtəlif sahələrinə işə qəbul olunmuşdur. Ötən bir ildə isə 640 nəfər ədliyyə orqanlarına işə qəbul edilmişdir ki, onların da böyük əksəriyyətini gənclər təşkil edir.

12. Cari ildə aparılmış seçimlər nəticəsində 400 nəfər Penitensiar xidmətə işə qəbul edilmişdir. Bu günlərdə daha 52 nəfər Penitensiar və tibb xidmətlərinə təyinat almışlar. Hazırda Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbulla bağlı müsabiqədən keçmiş 75 nəfər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilmişlər.

13. İxtisaslı kadrlara ehtiyac nəzərə alınaraq təhsil müəssisələri ilə səmərəli əlaqələr qurulmuş, o cümlədən Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır. Bu il daha 25 nəfər seçilərək Ryazan Hüquq və İdarəçilik Akademiyasına təhsil almaq üçün göndərilmişdir. Onlar sentyabr ayından tədrisə başlamışlar.

14. Ötən ay 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərmiş, nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar xidmət tərəfindən tutulmuş, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilmişdir. Eyni zamanda, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunmuş, fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

15. Məhkəmə hakimiyyətində hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülmüş, birinci instansiya və apellyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilmiş, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilmişdir.

16. Ötən ayın sonlarında isə Avropa Şurası tərəfindən Azərbaycanın təqdim etdiyi "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" layihəsinin "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsində qalib gələrək ən mütərəqqi layihədən biri kimi mükafata layiq görülməsi dövlətimizin başçısının siyasi iradəsi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarına verilən növbəti qiymətdir.

17. Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması ilə bağlı nazirlikdə yaradılmış xüsusi Komissiya tərəfindən fəaliyyəti dövründə 8.700-dən çox məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş, məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilmişdir.

(c) justice.gov.az