Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Vəkillər işə nə qədər vaxt sərf edirlər?
24.11.2017 523

Vəkillərin uzun iş günü haqqında söhbətlərlə heç kimi təəcübləndirmək mümkün deyil. Lakin müştərinin ödəniş etdiyi iş üçün gündə nə qədər vaxt sərf olunur? Kanada şirkəti Clio bu suala cavab axtarıb və müştərinin vəkilin gördüyü işin həqiqətən də neçə saatı üçün pul ödədiyini hesablayıb. “Legal Trend 2017”nin hesabatında analitiklər vəkillərin qalan vaxtlarında nə işlə məşğul olduqları və müştərilərin hansı amillərə diqqət yetirdikləri barədə də araşdırma aparıblar.

Müştəri nəyin “pulunu verir”?

Müştərilərin problemləri ilə bağlı işlərə vəkillərin ümumi iş vaxtının yalnız 29 faizi sərf olunur. Bu qənaətə gələn Clio şirkətinin sorğusunda müxtəlif həcmli amerikan hüquq şirkətləri də daxil olmaqla, 60 000 istifadəçi iştirak edib.

Əldə olunan məlumatları analiz edən Clio müəyyən edib ki, vəkillər 8 saatlıq iş günün ancaq 2,3 saatını müştərilərin işlərinə sərf edirlər. Bundan əlavə məlum olub ki, müştərilərin 86%-i həqiqətən göstərilən hüquqi xidmətin əvəzini ödəyirlər. Belə nəticəyə gəlmək olar ki, vəkil gündəlik işinin ancaq 1,6 saatının əvəzində ödəniş alır.

Vaxt hara gedir?

Müştərilərin işlərinə iş günün 29%-ni sərf edirlərsə, onda qalan müddət ərzində vəkillər nə ilə məşğuldurlar? Təxminən 3000 peşəkar vəkildən toplanan məlumatlara görə, günün 48%-i inzibati işlərə - fəaliyyətin lisenziyalaşdırılması, təhsilin artırılması, ofis işinin idarə olunması, hesabatların aparılması və s. sərf olunur.

Günün 1/3-i biznes məsələlərinə - yeni müştərilərin axtarışına sərf edilir və bu, vəkillərin çox vaxtını və gücünü alır. Buna baxmayaraq, bu fəaliyyət vəkillərin xoşuna gəlir. Sorğuda iştirak edənlərin 41%-i bildirib ki, mümkün olsaydı, bu işlə daha çox məşğul olardılar.
Mütəxəssislər vəkillərin işinin səmərəliliyinin hansı səbəbdən aşağı olmasını da müəyyən ediblər. Nəticə çox sadədir: əsas problem - əməyin düzgün təşkil edilməməsidir.

Vəkillərin əksər hissəsi bildirib ki, onlar işdən çox tez-tez yayınmalı olurlar. Vəkillərin 25%-i qeyd edib ki, kənar işlər üçün gün ərzində 10 dəfədən çox yayınmalı olurlar, daha 30% üçün isə bu rəqəm 6-10 arasıdır. Sorğuda iştirak edənlərin 2/3-dən çoxu razılaşıb ki, onların praktiki olaraq heç nəyə vaxtları çatmır, 28%-i isə etiraf edir ki, vaxtın düzgün bölüşdürülməsi və möhlət tarixləri ilə bağlı çətinliklər yaşayırlar.

Rusiyalı vəkillər belə hesab edirlər ki, bu problemi vəkilin özü tərəfindən düzgün hazırlanmış qrafik həll edə bilər. Düzgün tərtib edilmiş qrafik işin keyfiyyətinə təsir etmədən vaxtında təhvil verilməsinə, məsələləri səmərəli planlaşdırmağa kömək edər və son nəticədə əlavə tədris üçün də vaxt qalar.
 
“Məqsəd” işin effektliliyini artırır.

Araşdırmanın nəticələri göstərir ki, öz əməkdaşları üçün “billing” hədəfləri təyin edən şirkətlər daha effektli işləyirlər. Bununla belə, sorğuda iştirak edənlərin ancaq 54%-i il ərzində neçə saat üçün ödəniş edildiyi barədə məlumat verə bilir, 40%-i saatbaşı işlər üçün stabil qiymət təyin edir, 50%-i isə saatbaşı ödənişin məbləğini müəyyən edərkən büdcəsini nəzərə alır.

Vəkilin göstərdiyi hüquqi xidmətin əvəzinin ödənilməsi üçün tipik üsul iş üçün saatbaşı ödəniş olaraq qalır. “Flat fee” olaraq adlandırılan sabit məbləğin ödənilməsi üsulu isə daha az – 16% işdə müşahidə olunur. Bu üsul xarakterik işlərdə - yol nəqliyyat hadisəsi, miqrasiya, cinayət işində müdafiəçilik ilə bağlı daha çox istifadə olunur.

Hesabatda ABŞ-ın ən böyük 10 şəhərində vəkillərə iş üçün ödənilən orta saatbaşı məbləğlər də dərc olunub. Belə ki, bu məbləğ Nyu-Yorkda $344, Los-Ancelesdə $323, Çikaqoda $312, Mayamidə $310, Vaşinqtonda $304 təşkil edir.

Müştərinin mövqeyi: vəkili necə seçirlər?

Mütəxəssislər təkcə vəkilləri deyil, o cümlədən onların müştərilərini də sorğuya cəlb ediblər. Müştərilər vəkili necə seçdikləri ilə bağlı fikirlərini bölüşüblər. Məlum olub ki, zənglərə və poçta sürətli reaksiya müştərilərin 67%-i üçün əhəmiyyətlidir. Müştərilərin 64%-i pulsuz ilkin məsləhətə, 47%-i iş üçün sabit məbləğin təyin olunmasına, 28%-i vəkillə kredit kartı vasitəsilə hesablaşmağa, 27%-i vəkillə mesaj vasitəsilə əlaqə saxlamağa üstünlük verirlər. Sorğuda iştirak edən şəxslərin 19%-i üçün hüquq şirkətinin saytının görünüşü önəmlidir.

Müştərilərin 62%-i vəkil axtarışı zamanı yaxın dostuna və ya ailə üzvünə, 37%-i isə axtarış sisteminə müraciət etməyə üstünlük verir. Müştərilər 31%-i digər bir vəkilin tövsiyəsinə uyğun hərəkət edir.

Araşdırma zamanı gənc müştərilərin müəyyən ümumi xüsusiyyətlərə malik olduqları müşahidə olunmuşdur. Onların 19%-i vəkillə elektron poçt və ya messencer vasitəsilə əlaqə saxlamaq istəyir, 30%-i hüquqi sənədləri elektron formada əldə etməyə üstünlük verir, 18%-i ödənişi onlayn, 24%-i isə kredit kartı vasitəsilə həyata keçirməyə hazırdırlar. 

(c) pravo.ru