Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Cinayətkardan hüquq professoruna qədər: Şon Hopvudun hekayəsi
29.11.2017 189


Hər şey 90-cı illərin sonunda, universitetdən qovulmuş 21 yaşlı gənc Şon Hopvud hərbi xidmətdən qayıtdıqdan sonra başlandı. O, gübrə eşələmək yox, asan pullar əldə etmək istəyirdi. Buna görə də yoldaşının bank soyğunu təklifini məmnuniyyətlə qəbul etdi. Tezliklə gözəl həyat sona çatdı və uzun həbsxana həyatı başlandı. Həbsxanada o, universitet kitabxanasında işləmək məcburiyyətində qaldı, bu da onun bütün taleyini həll etdi. Hopvud hüquq kitablarını öyrənməyə və məhkumlara hüquqi yardım göstərməyə başladı. Nəticədə o, bir çox peşəkar hüquqşünasın yalnız arzu edə biləcəyi nailiyyətlər əldə etdi. Bəlkə də bu səbəbdən onlar məhkumun azadlıqda heç bir universitet tərəfindən qəbul olunmayacağını, olunsa belə, cinayətkar keçmişi ilə vəkil lisenziyası almasının mümkün olmadığını düşünürdülər. Bununla belə Hopvud bütün çətinliklərə baxmayaraq, çoxlarının paxıllıq etdiyi bir karyera qurdu. CBS News telekanalına verdiyi müsahibədə o, müvəffəqiyyətinin sirrini paylaşıb.

Corctaun Universitetində cinayət hüququ üzrə dərs deyən Şon Hopvud yalnız elmi işləri və ABŞ Ali Məhkəməsində əldə etdiyi qələbələr ilə məşhur deyil. Onun tələbələri çox gözəl bilirlər ki, onların müəllimi silahlı soyğun ilə bağlı 11 il azadlıqdan məhrum olunub. Hopvud elə həbsxanadaca hüquq sahəsinə olan marağını kəşf etmiş, çətinliklərə baxmayaraq özünə əla karyera qurmuşdur.
 
Fermer-bank soyğunçusu
 
Onun 42 yaşı var, Nebraskanın ucqarlarında qarğıdalı tarlalarının və otlayan inəklərin əhatəsində dünyaya gəlib. O, qaydalara nifrət edən inadkar bir yeniyetmə kimi böyüyüb. Yaxşı idmançı, ancaq pis bir tələbə olan Hopvud basketbol nailiyyətləri sayəsində universitetdən qrant ala bilib, lakin bir semestrdən sonra təhsillə yox, əyləncə ilə maraqlandığı üçün ordan qovulub. Daha sonra isə hərbi dəniz qüvvələrində iki il xidmət edib, orada da içkiyə qurşanıb. Nebraskaya qayıdıb fermada özünə iş tapdıqdan sonra içkidən əlavə narkotiklərə də aludə olub.
“Mən gözəl həyat istəyirdim. Fermada gübrə eşələmək və valideynlərimin yanında yaşamaq buna daxil deyildi.

Pulsuz, narahat və kədərli 21 yaşlı Hopvud üçün heç bir şey qaydasında getmirdi. Bu zaman o, gecə klubunda birlikdə əyləndikləri bir yoldaşından bank soymaq təklifi alır. “Başqası belə bir təklif qarşısında ancaq gülər ya da yeni pivə sifariş edərdi, mən isə bunun əla fikir olduğunu dedim”, Hopvud deyir.
 
– Mənə elə gəlir ki, həmin gecə heç birimiz həqiqətən də buna gedəcəyimizi düşünmürdük, - Hopvud etiraf edir.
 
Ancaq təklif gənc və düşüncəsiz biri üçün cazibədar səslənirdi: rahat, qazanılmalı olmayan pullar. Ona görə də bir müddət sonra yoldaşlar plan hazırlamağa başladılar. Onlar polis olmayan və silahlı müqavimətə rast gəlməyəcəkləri kiçik şəhərlər seçdilər. “Biz mümkün qədər sürətli hərəkət etmək, qurbansız ötüşmək və bacardığımız qədər çox pul aparmaq istəyirdik. Beş dəfə elə belə də etdik”, - Hopvud xatırlıyır.
 
Hopvudu 1998-ci ilin iyul ayında – ilk cinayətdən 10 ay sonra tutdular. Hüquq-mühafizə orqanları onun maşınında qarət olunmuş sonuncu bankdan götürülmüş 100 000 ABŞ dolları və çoxlu sayda silah-sursat aşkar etdilər. 1999-cu ilin mayında Hopvud İllinois həbsxanasının kandarından addım atdı. Onun cəmi 23 yaşı var idi.
 
O, həmin illər haqqında danışmağı sevmir. Ailəsinin həbsxana həyatı haqqında təfərrüatları bilməsini istəmir və bu təcrübədə qiymətli heç bir şey olmadığını düşünür. Hüquq kitabxanasında tapdığı, amerikadakı hər bir federal həbsxana üçün məcburi olan iş istisna olmaqla...
 
Universitet əvəzinə məhkum kitabxanası
 
İlk yarımil ərzində o, kitablara heç əl vurmurdu: “onlar böyük, qalın və təhdid edici idi”. Hopvud ABŞ Ali Məhkəməsinə həbs müddətinin azaldılması ilə bağlı müraciət etmək qərarına gələndə hər şey dəyişdi. O, iki ay ərzində mütaliə etdi və müraciət hazırladı, ancaq nəticədə müvəffəqiyyət qazanmadı. Bununla belə Hopvud özündə hüquqşünaslığa böyük bir həvəs və bacarıq aşkar etdi. Hüquq onu cəzb etmişdi. “Hüquq mənim üçün böyük bir tapmaca kimi idi”, - hazırki professor deyir.
 
“Mən apellyasiya məhkəmələrinin praktikasını jurnal kimi, o üzdən-bu üzə, həzz alaraq oxuyurdum.”

Tezliklə Hopvud hüquqi məsələlərlə bağlı başqa məhkumlara kömək etməyə və onlar arasında nüfuz qazanmağa başladı. O, hüquqşünasların müştəriləri üçün 10-20 il həbslə nəticələnən səhvlərini aşkar edirdi.
 
Həqiqətən də öz biliklərini göstərmək şansı üç ildən sonra yarandı. O vaxt məhkum yoldaşı Con Fellers Hopvuddan narkotiklə bağlı hökmündən ölkənin Ali Məhkəməsinə şikayət hazırlamağı xahiş etdi. O, əvvəlcə imtina etdi, çünki Fellersin işi olduqca çətin idi. Ancaq yoldaşı təkid etdi və nəticədə Hopvud razılaşdı. Daha sonra o, bir neçə ay davam edən işə başladı, müvafiq normaları və presedentləri öyrəndi, müdafiənin və məhkəmənin səhvlərini aşkar etdi, nəticədə bütün arqumentlərini hüquqi bir dillə tərtib etdi.
 
– Ali Məhkəmə müraciətin yalnız çap maşını ilə yazılması səbəbi ilə məhkum tərəfindən tərtib olunduğunu düşünə bilərdi, - Hopvud deyir. – Düşünmürəm ki, 2003-cü ildə hüquq şirkətlərində Ali Məhkəməyə ünvanlanan sənədlər çap maşını ilə yazılırdı.
 
Məhkəmənin müraciətə baxması üçün doqquz hakimdən dördünün razılığı lazımdır. 2003-cü ildə Ali Məhkəməyə gələn 8000 müraciətdən yalnız 74-ü, içində Hopvudun yazdığı müraciət də olmaqla, qəbul olunub.
 
– Məhkumun özü üçün müraciət və ya şikayət yazması qeyri-adi deyil, lakin bu şikayətin məhkəmə tərəfindən qəbul olunması görülməmiş bir haldır, - ABŞ-ın keçmiş baş solisitoru, məşhur hüquqşünas Set Voksman belə deyir (bu – Ali Məhkəmədə ABŞ-ın icra hakimiyyətini təmsil edən şəxsdir). Bu səbəbdən də Fellersin işi ilə bağlı məhkəmədə çıxış etmək təklifi alan Voksmanın yeganə şərti var idi: məhkum Hopvud onun hüquqşünas komandasında olmalıdır. “Mənə maraqlı idi. - Voksman xatırlayır, - Demək olar inanılmaz idi ki, hüquq dünyası ilə bu qədər tanışlığı və təhsili olan bir şəxs xeyli dərəcədə qənaətbəxş bir şikayət yaza bilib”.
 
Nəticədə Voksman Fellersin işində qələbə qazandı. Müvəffəqiyyət qazanan şikayətin müəllifinin həbsxanada keçirməli olduğu 6 ili qalırdı və bütün bu müddət ərzində Voksman onun himayədarı oldu. Mühafizəçilərin məhkumları “əhəmiyyətsiz varlıqlar” adlandırdıqları, çoxlu sayda hüquqşünasın isə Hopvudun hüquq fakültələrinə qəbul olunmayacağını və heç bir vəkil qurumunun ona  lisenziya verməyəcəyini dedikləri bir vaxtda Voksmanın göstərdiyi dəstək onun üçün çox böyük rol oynadı. Hopvud hüquqşünas olmaq yolunda addımlayırdı və daha bir neçə işdə müvəffəqiyyət əldə etmişdi, buna baxmayaraq, azadlığa çıxdıqdan sonrakı perspektivi haqqında ciddi şübhələri var idi.
 
Necə keçmiş məhkum apellyasiya məhkəməsinin hakiminin köməkçisi oldu
 
Hopvud 2008-ci ildə azadlığa çıxdı. Həbsxananı heç vaxt İphone görməyən, internetdə oturmayan və kompüterdə işləməyi bacarmayan bir şəxs tərk edirdi. Ancaq hadisələrin axışı elə gətirdi ki, Hopvud Cackle Legal şirkətinin işçi axtarması haqqında elana rast gəldi. Bu şirkət ABŞ-da vəkillərə Ali Məhkəməyə şikayətlərin hazırlanması ilə bağlı xidmətlər təklif edən azsaylı qurumlardan biri idi. Hopvud şirkətə əyninə pis oturan paltar, Voksmanın natamam tövsiyəsi və 11 illik həbs keçmişi olan tərcümeyi-hal ilə yollandı.
 
Şirkətin direktoru Endi Kokl ilk əvvəl onun iki şikayətinin Ali Məhkəmə tərəfindən qəbul edilməsinə inanmadı. “Biz hər gün, bütün həftə ərzində vəkillərlə işləyirik, amma bu şikayətlər heç vaxt qəbul olunmur”, - Kokl izah edir. Buna baxmayaraq, məlumatı təsdiq etdikdən sonra Hopvudu sorğu-sualsız işə qəbul etdilər. O, bu şirkətdə üç il işləyərək yarımçıq qalan bakalavr təhsilini bitirməyə və həmkarlarını öz müvəffəqiyyətləri ilə heyran qoymağa nail oldu. Həmkarlarının köməyi ilə də o, Vaşinqton Universitetinin hüquq fakültəsinə qəbul oldu.
 
– Mən çox yaxşı oxuyurdum. Yəni ilk universitet təcrübəmdən sonra bu – yaxşı oxumaq mənim üçün yenilik idi, – Hopvud bölüşür.
 
O, o qədər yaxşı oxuyurdu ki, Kolumbiya əyaləti üzrə Apellyasiya Məhkəməsinin aparatında iş təklifi almışdı. Bu, öz əhəmiyyətinə görə ABŞ-da ikinci məhkəmə idi.
 
“Ümumilikdə nəzərə alsaq bu, çox təəcüblü idi: məhkum olunmuş soyğunçu çox əhəmiyyətli bir məhkəmənin çox mühafizəkar hakimi Cenis Rocers Braunla işləyəcəkdi” Ancaq Şon Hopvudun kim olduğunu və necə planlara sahib olduğunu bilən Set Voksmanı bu, heç təəcübləndirmirdi.

Artıq bir ildən sonra Hopvud Corctaun Universitetinin apellyasiya instansiyası ilə işləyən hüquq klinikasında çalışırdı. Özünü elə göstərmişdi ki, ona əldə edilməsi çox çətin olan hüquq professoru vəzifəsi təklif etdilər. “Belə yeri çox nadir hallarda həbsxana keçmişi olan şəxs tutur, - Corctaun Universiteti hüquq fakültəsinin dekanı, professor Stiven Qoldbatt deyir. – Ona görə də, mənim üçün Hopvudu işə götürmək unikal bir şans idi”.
 
Azadlıqda olduğu zaman Hopvud şəxsi həyatını da qaydaya saldı. Axrıncı siniflərdə birlikdə oxuduqları və Hopvuda aşiq olan Anna Mesner həbsxanada olduğu zaman Hopvudu tapıb ona məktub yollamışdı. Görüşlər və məktublaşmalar bir-birlərini yaxından tanımağa kömək etmişdi. Azadlığa çıxdıqda isə onların toyu oldu.

Hal-hazırda cütlüyün iki övladı var, Mesner isə hüquq sahəsini öyrənir.
 
İndi Hopvudun əsas maraq dairəsi cinayət mühakiməsi sahəsində islahatlardır. O, bir çox cinayətin sanksiyasının azaldılmasını, həbsxanalarda məhkumlara müəyyən peşələrin öyrədilməsini, onların narkomaniyadan müalicə olunmasını, o cümlədən psixoloji yardım almalarını istəyir.
 
– Həbsxanada fərdi inkişaf üçün yer yoxdur, - Hopvud deyir. – Biz insanları əzirik, sonra isə onları heç bir dəstək olmadan gerçək həyata atırıq. Burada isə yalnız möcüzəyə inanmaq qalır.
 
Öz müvəffəqiyyəti ilə bağlı suala isə Hopvud, - Bu, mənə dəstək olan və mənim üçün çox şeydən keçən insanlar sayəsində oldu. Fərq də, məhz elə bundadır.