Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Nə qazırdın, nə tapdın - AİHM
01.12.2017 192


Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edən, Mersin şəhərində yerləşən “Özmurat İnşaat Elektrik Nakliyat Temizlik San. ve Tic. Ltd. Şti” adlı inşaat şirkətidir. Şikayət şirkətin aldığı lisenziya ilə müəyyən edilən sahədən kənarda mədənçilik fəaliyyəti göstərdiyi üçün tətbiq olunan inzibati cərimə ilə bağlıdır. Şirkət cəriməni ödəyə bilməmiş və mədənçilik fəaliyyəti göstərdiyi torpaq sahəsi 2008-ci ildə müsadirə edilmişdir.

Şikayətçi şirkət 2006-cı ilin yanvar ayında təftiş olunmuş, aldığı lisenziya sahəsindən kənarda əhəmiyyətli miqdarda qumun işlənməsi səbəbi ilə 132 250 Türk lirəsi (həmin tarix üçün 82 000 avro) həcmində cərimə edilmişdir. Bundan sonra şirkət Tarsus Məhkəməsinə müraciət edərək cərimənin ləğv edilməsini xahiş etmiş və təftiş aktını hazırlayan məmurlardan bəziləri barədə qəsb etmə ilə bağlı cinayət işinin getdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Şirkət məhkəmədən cərimə ilə nəticələnən təftiş aktının əsaslılığının müəyyənləşdirilməsi məqsədi ilə işin baxışa təyin edilməsini, mədəndə yerli baxış keçirilməsini və şahidlərin dinlənilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə təftiş aktına əsaslanaraq şirkətin müraciətini rədd etmişdir. Bundan əlavə, məhkəmə heç bir səbəb göstərmədən proses təyin edilməsi tələbini də rədd etmişdir. Şirkətin bu qərara etirazı da nəticəsiz olmuşdur.

Şirkət 6-cı maddəyə əsasən (ədalətli məhkəmə araşdırması hüququ) işin məhkəmədə baxılması ilə bağlı prosedurlarda ədalətsizliyə yol verilməsinə dair şikayət etmişdir. Şikayətçi bildirmişdir ki, yerli məhkəmə heç bir məhkəmə prosesi keçirmədən və tərəflərdən və şahidlərdən birbaşa olaraq sübutlar əldə etmədən inzibati cərimədən verilmiş şikayəti rədd etmişdir.
 
Məhkəmənin əsaslandırması:

Şifahi və açıq məhkəmə araşdırması 6-cı maddənin fundamental prinsiplərindən biridir. Əsasən də cinayət işlərində bu prinsip çox əhəmiyyətlidir, çünki şikayətçinin işinə “baxılması”, bundan əlavə müdafiəsi ilə bağlı sübutlar təqdim etmək, ona qarşı irəli sürülən sübutlarla tanış olmaq, şahidləri dindirmək imkanının təmin olunması cinayət prosesində zəruridir.

Bununla belə, məhkəmə prosesinin keçirilməsi öhdəliyi mütləq deyil. “Ənənəvi” cinayət işi olmayan hallarda maddənin bu tələbi mütləqiyyətini itirir, müəyyən işdən asılı olmağa başlayır.

Mülki işlərlə müqayisə aparan Məhkəmə belə hesab edir ki, prosesin keçirilməsi konkret işin hallarından və təbiətindən, məhkəmə tərəfindən işə qiymət verilərkən faktların və qanunvericiliyin iş materialları əsasında adekvat olaraq nəzərə alına bilməsindən asılıdır. Bəzi hallarda (faktların təkzibedilməz olması, sübutların şifahi təqdim olunmasının zəruri olmaması, şahidlərin dindirilməsinə ehtiyac olmaması və s.) məhkəmə prosesinin keçirilməsinə, mühakimənin səmərəliliyi və qənaət prinsipi baxımından ehtiyac olmur.

Hazırki işlə bağlı araşdırma nəticəsində müəyyən olunmuşdur ki, şikayətçiyə tətbiq olunan cərimə inzibati xarakter daşıyır və “ənənəvi” cinayət işləri kateqoriyasına daxil deyil. Buna baxmayaraq, Məhkəmə hesab edir ki, cərimənin məbləği və digər hallar da nəzərə alınarsa, sözügedən iş 6-cı maddə çərçivəsində “cinayət” işi kimi qəbul oluna bilər.

Məhkəmə işin faktiki hallarını, mahiyyətini və təbiətini qiymətləndirərək belə qənaətə gəlir ki, şikayətçinin proses təyin edilməsi, yerli baxış aparılması və təftiş aktı ilə bağlı şahidlərin dindirilməsi tələbi əsaslı və qanuni olmuşdur. Belə ki, aktı tərtib edən bəzi məmurlar barəsində cinayət işinin mövcudluğu şikayətçinin bu tələbini əsaslandırmaq üçün yetərlidir.

Bundan əlavə, Məhkəmə müəyyən etmişdir ki, şikayətçinin tələbləri yerli məhkəmə tərəfindən heç bir əsas göstərilmədən rədd edilmişdir. Yerli məhkəmənin əsaslandığı yeganə xüsusat sözügedən təftiş aktı olmuşdur ki, həmin aktın özlüyündə əsaslı və qanuni olması mübahisənin predmeti təşkil etmişdir. Yerli məhkəmə şikayətçinin cərimələnməsi ilə nəticələnən təftiş aktını araşdırmamış, tərəflərin fikirlərini öyrənməmiş, ekspert rəyi tələb etməmiş və aktı tərtib edən məmurlar barəsində cinayət işi açılması faktını nəzərə almamışdır.

Məhkəmə Dövlətin aktın xəritələr, planlar və texniki vasitələr ilə əldə olunmuş obyektiv məlumatlarla tərtib olunması ilə bağlı arqumenti ilə razılaşmır və belə hesab edir ki, aktın əsaslılığı sözügedən işdə yerli məhkəmə tərəfindən mütləq araşdırılmalı olan bir məsələdir.
 
Məhkəmənin gəldiyi nəticə:

Yerli məhkəmənin qərarı ədalətli mühakimə aparılmadan, şikayətçi və şahidlər tərəfindən təqdim oluna biləcək zəruri dəlillər nəzərə alınmadan qəbul olunmuşdur.
Beləliklə, Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulmuşdur. 

(c) AİHM