Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Haaqadakı təhlükəsizlik boşluqları yeni intihar hallarına yol aça bilərmi?
06.12.2017 215


Holland polisi Bosniya xorvat generalı Slobodan Pralyakın məhkəmə zalında intiharı ilə bağlı istintaqa başlayıb. BMT-nin müharibə cinayətləri üzrə Haaqa Məhkəməsində istintaq aparan heyət digər məhbusların da Pralyak kimi özlərini zəhərləyə biləcəyi ehtimalına qarşı təhlükəsizlik sahəsindəki boşluqları aradan qaldırmağa çalışırlar. Qeyd edək ki, Pralyak keçən həftə sianid içərək intihar etmişdir.
 
Bütün dünyaya canlı yayımlanan məhkəmə prosesi zamanı baş vermiş intihar hadisəsi məhkəmənin çox məşhur təhlükəsizlik tədbirlərinə lağ edilməsinə səbəb olmuşdur.

Holland polisinin rəsmi olaaq istintaq başlamasından əlavə, Tribunalın göstərişi ilə 72 yaşlı Pralyakın, ölümünə səbəb olmuş, tərkibində potasium sianid zəhəri olan şüşəni necə əldə etməsi məsələsi araşdırılır.
 
İstintaq ən çox diqqəti cəlb edən nöqsanın – Pralyakın yaxınlığında ona müdaxilə edə biləcək heç bir mühafizəçinin olmamasının səbəbinin araşdırılması ilə başlayacaq.
 
Haaqa Tribunalının əksər proseslərində təqsirləndirilən şəxsin arxasında göy formalı mühafizəçi dayanır. Keçən ay çılğınlığı ilə məşhur Bosniya serb generalı Ratko Mladiçə Srebrenisa soyqırımını törətməsi ilə bağlı hökm oxunarkən onun yanında iki mühafizəçi dayanmışdı.
 
Pralyak və digər dörd təqsirləndirilən şəxsə Bosniya müharibəsində müsəlmanlara qarşı törətdikləri cinayətlərlə bağlı hökm oxunarkən isə onun yanında heç bir mühafizəçi yox idi.
 
Ayın sonunda son məhkəmə prosesini keçirən tribunalda təqsirləndirilən şəxslərin sırasının sonunda iki mühafizəçinin olmasına baxmayaraq, onlardan heç biri Pralyakın iri əllərində tutduğu şüşəni görə bilməmişdilər.
 
20 il azadlıqdan məhrum etmə cəzasının qüvvədə qaldığını eşidən saqqallı hərbi diktator “Slobodan Pralyak müharibə cinayətkarı deyil, mən sizin qərarınızı hörmətsizliklə rədd edirəm” deyərək şüşənin içindəki mayeni içmişdir.
 
Pralyak səndələmiş, gözləri ağarmış, öz kreslosuna düşmüş və “Mən zəhər içdim” demişdir, yalnız bundan sonra hakimlər baş verənlərə reaksiya vermişdilər.
 
Media ilə ünsiyyətləri qadağan olduğu üçün adı çəkilməyən xorvat rəsmisi qeyd etmişdir ki, “Adətən təqsirləndirilən şəxsin arxasında iki mühafizəçi dayanır … bu dəfə isə yox idi. Xorvat mətbuatı belə hesab edir ki, Tribunalın son iş günü olması ilə əlaqədar qaydalar yumşaldılmışdı.”
 
Müstəntiqlər təqsirləndirilən şəxslərinin məhkəmə kompleksinə girərkən və çıxarkən üst-başlarının axtarılması və X-ray cihazından keçməsinə baxmayaraq, Pralyakın zəhəri hansı yolla içəri keçirməsi məsələsini də araşdırırlar. Sianidin çox cüzi dozasının təhlükəliliyini nəzərə alsaq, Pralyak zəhəri ancaq özü üçün istifadə etdiyinə görə rəsmilərin bəxti gətirmişdir.
 
Rəsmi orqanların narahat olduqları digər bir məsələ, gələn ay işə davam edəcək Tribunalda işlərinə baxılması planlaşdırılan başqa məhkumların da belə radikal addım ata biləcəkləri ehtimalıdır.
 
İntihar hadisələri Haaqa Tribunalını uzun müddət müşayiət etmişdir. Bosniya, Xorvatiya və Kosovo müharibələrində törədilən dəhşətli cinayətlər səbəbi ilə Məhkəmə tərəfindən çıxarılan ağır hökmlər nəticəsində kifayət qədər intihar hadisəsi baş vermişdir.
 
Daha öncə iki serb məhkum Məhkəmənin Holland sahilində yerləşən Şeveningen həbsxanasının kameralarında özlərini asmışlar. Serbiyanın keçmiş prezidenti və Haaqanın ən yüksək statuslu təqsirləndirilən şəxsi Slobodan Miloşeviç öz kamerasına antibiotik keçirə bilmiş və bununla da üç il davam edən məhkəmə prosesinin sonlarında, 2006-cı ildə ürək çatışmazlığından vəfat etmişdir.
 
Haaqanın qalaya bənzəyən məhkəmə binasına gələn qonaqlar X-ray cihazı ilə yoxlanılırlar və içəri içki buraxılmır. Məhkəmənin hakimləri ictimaiyyət tərəfindən narazılığa səbəb ola biləcəyi üçün daha ətraflı yoxlamalar müəyyən etmirlər.
 
“Binanın təhlükəsizlik tədbirləri hava limanı kimidir, çox da ciddi deyil”, London Universitetinin slavyan və şərqi avropa elmləri institutunun doktoru Erik Qordi deyir. “Təhlükəsizlik tədbirləri, üst axtarışları daha ciddi olsaydı, hər kəs şikayət edərdi.”
 
Bəziləri belə hesab edir ki, bu intihar hadisəsi Məhkəmənin bu günədək həbsə yolladığı onlarla məhkum barəsində çıxarılmış, beynəlxalq hüquqda presedent kimi qəbul olunmuş və etnik təmizləmə, kütləvi zorakılıq və Sarayevo mühasirəsinin təqsirkarlarını məhkum etmiş qərarlarına ləkə olacaq.
 
Əvvəllər teatr direktoru, 90-cı illərin əvvəllərində isə Bosniyanın xorvat qüvvəllərinin lideri olan Pralyak qədim Mostar şəhərinin bombardman edilməsi və məhbuslarla davranışına görə məhkum edilmişdi. Buna baxmayaraq, Xorvatiyanın baş naziri Andrey Plenkoviç bu qərarı “dərin mənəvi ədalətsizlik” adlandırmışdır. Çoxları belə hesab edir ki, Avropa İttifaqı ölkələrindən birinin başçısının bu açıqlaması müharibə cinayətkarını dəstəkləyən ilk açıqlamadır. “Bu intihar tribunal haqqındakı ictimai fikri daha da möhkəmlədəcək,” Haaqa məhkəmə proseslərinin materiallarını toplayan Sense xəbər agentliyinin nümayəndəsi Mina Vidakoviç belə deyir. “Serbiya və Xorvatiyada təsir dairələri və media qurbanlardan daha çox məhkum barədə narahatdırlar.”
 
Bəziləri isə məhkəmənin reputasiyasının davam gətirəcəyini düşünürlər. “Mən hesab etmirəm ki, bu qəribə və anormal hadisə Məhkəmənin nailiyyətlərini kölgələyəcək,” Balkanlar üzrə ekspert Tim Cuda deyir. “Məhkəmənin nailiyyətləri onun uğursuzluqlarından çox daha böyükdür.”

(c) press