Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN MƏLUMATI - VƏKİLLİYƏ SƏNƏD VERƏNLƏRİN NƏZƏRİNƏ
23.12.2017 3418

 
Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş tərkibli iclası keçirilmişdir. İclasda Rəyasət Heyətinin üzvlərindən başqa, Vəkillərin İxtisas və İntizam komissiyalarının üzvləri də iştirak etmişlər.
 
İclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin cari fəaliyyəti ilə bağlı, xüsusilə vəkilliyə sənəd qəbulunun vəziyyəti, ötən həftə ərzində sədr tərəfindən hüquq məsləhətxanalarında keçirilmiş görüşlər və həmin görüşlərdə iştirak edən vəkillərin vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri barədə iclas işitirakçılarına məlumat vermişdir.
 
İclas ərzində bir sıra təşkilati, vəkillərin intizam, vəkilliyə qəbul imtahanlarına hazırlıq, habelə vaxtilə bütün imtahan mərəhələlərini keçmələrinə baxmayaraq, müxtəlif səbəblərdən vəkilliyə keçməmiş namizədlərin qəbulu məsələləri ilə bağlı qərarlar qəbul olunmuş, həmin namizədlərin andiçməsi keçirilmişdir.
 
Hazırda vəkilliyə sənəd qəbulu və imtahanın təşkili məsələlərinin aktuallığı nəzərə alınaraq, Rəyasət Heyəti tərəfindən aşağıdakı məsələlərə də münasibət bildirilmişdir.
 
Vəkilliyə qəbul üzrə yazılı test imtahanın tarixi barədə Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş ilkin razılığa əsasən, imtahanın ən geci 2018-ci ilin yanvar ayının sonunadək keçirilməsi nəzərdə tutulmuşdur. Gələcək aylarda isə vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsinin zəururiliyi xüsusi vurğulanmışdır.
 
Vəkillərin İxtisas Komissiyasının rəyinə əsasən, əvvəlki illərdən fərqli olaraq yazılı test imtahanı mərhələsində “Məntiq”ə dair suallardan istifadə olunmaması qərarlaşdırılmışdır.
 
Həmçinin, vəkilliyə sənəd vermək arzusunda olan, lakin 3 illik iş stajı tamam olmayan namizədlərin sənədlərinin qəbulunun, həmin namizədlərin ehtimal olunan iş stajlarının sənəd qəbulunun bitməsindən sonrakı 3 ay ərzində tamamlanacağı təqdirdə, həyata keçirilməsi qərara alınmışdır.
 
Eyni zamanda, qanunvericliyin mövqeyi qeyri-müəyyən olduğundan, fərdi sahibkar qismində vergi uçotuna duraraq hüquqi xidmətlər göstərən hüquqşünasların sahibkar qismində işlədiyi dövrün əmək stajı kimi hesablanıb-hesablanmaması məsələsinə aydınlıq gətirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müvafiq sorğunun ünvanlandırıldığı bildirilmişdir ki, yaxın günlərdə bunun nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
 
Bundan başqa, ötən dövr ərzində vəkillik fəaliyyətində müsbət mənada fərqlənmiş vəkillər təltif olunmuşlar.

VKRH