Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Aleksandr Konovalov Rusiyaya qarşı - YENİ
25.12.2017 658


İşin halları:
Şikayətçi barəsində çıxarılmış xüsusi amansızlıqla qəsdən adam öldürməyə dair hökm üzrə 12 il müddətinə azadlıqdan məhrum edilmiş, hal-hazırda həbsdə olan 1971-ci il təvəllüdlü, Rusiya vətəndaşı Aleksandr Viktoroviç Konovalovdur.
Məhkəmə şikayətçinin polis tərəfindən tutulduğu zaman məruz qaldığı, cinayəti etiraf etməsi ilə nəticələnmiş işgəncə halları ilə bağlı iddiaları üzrə işə baxır.
Konovalov 17 iyun 2006-cı ildə səhər saatlarında universitet tələbəsinin yoxa çıxması ilə bağlı polis tərəfindən saxlanılmışdır. O, sərbəst buraxılmış, lakin həmin günün axşamı polis şöbəsinin yaxınlığında yoldan keçənləri söydüyü üçün yenidən saxlanılmışdır. Polis protokollarına görə, saxlandığı zaman Konovalovun üzərində heç bir xəsarət izi olmamışdır. O, xırda xuliqanlıq səbəbi ilə 19 iyun tarixinədək inzibati qaydada həbs edilmişdir.
Konovalov daha sonra növbəti 14 saat ərzində sorğu-sual edildiyi digər polis şöbəsinə aparılmışdır. Bu sorğu nəticəsində o, axtarılan tələbəni boğduğunu etiraf etmiş və meyitin gizlədildiyi yeri bildirmişdir. Növbəti günlər ərzində şikayətçi etiraflarını iki dəfə də təkrarlamışdır.
Şikayətçi rəsmi olaraq 20 iyun tarixində gecə yarıdan sonra şübhəli şəxs qismində həbs edilmiş və tibbi müayinədən keçmişdir. Tibbi müayinə şikayətçinin bədəninin bütün nahiyələrində çoxlu sayda qançır və sıyrıq aşkar etmişdir. Konovalov bildirmişdir ki, zədələr polisin ona işgəncə tətbiq etməsi – yumruqla vurması, rezin dəyənəklə döyməsi və elektrik cərəyanı verməsi nəticəsində əmələ gəlmişdir.
Şikayətçinin bu iddiaları əsassız olması səbəbi ilə yerli istintaq orqanlarının müvafiq olaraq 21 və 29 sentyabr tarixli qərarları ilə rədd edilmişdir. İlkin qərarında müstəntiq şikayətçinin polis şöbəsindən kənarda üçüncü şəxslər tərəfindən döyülməsi versiyasını irəli sürmüşdür.
2006-cı ilin oktyabr ayında yerli məhkəmələr ibtidai istintaq zamanı cinayəti etiraf etməsinə əsaslanaraq Konovalov barəsində xüsusi amansızlıqla qəsdən adam öldürmək cinayəti ilə bağlı hökm çıxarmışlar. Məhkəmə araşdırması dövründə şikayətçi təqsirsiz olduğunu, ibtidai istintaq zamanı cinayəti təzyiq altında etiraf etdiyini, həmin ifadələrin etibarsız olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmələr onun arqumentlərini əsassız hesab etmiş, şikayətçiyə qarşı işgəncə tətbiq edilməsi faktı ilə bağlı ibtidai istintaq zamanı araşdırma aparıldığını və şikayətçinin iddialarının təmin edilmədiyini qeyd etmişdir.
Konovalov polis nəzarəti altında olduğu zaman işgəncəyə məruz qalması və sözügedən istintaq dövrünün effektiv olmaması səbəbi ilə 3-cü, bundan əlavə faktiki olaraq həbsə alındığı 17 iyun tarixi, səhər saatlarından, şübhəli şəxs qismində rəsmi olaraq həbsə alındığı 20 iyun tarixinə qədərki periodda qanunsuz saxlanılması səbəbi ilə 5-ci, eləcə də işgəncəyə məruz qalması səbəbi ilə cinayətin etirafına dair ifadəsinə əsaslanaraq məhkum edilməsi səbəbi ilə 6-cı maddənin tələblərinin pozulduğunu bildirmişdir.
 
Məhkəmənin əsaslandırması və gəldiyi nəticə:
Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması iddiası ilə bağlı
Fərdin tamamilə və ya əksər hissədə dövlət orqanlarının müstəsna nəzarəti altında olduğu zaman, məsələn, polis nəzarətində aldığı xəsarətlərin məhz nəzarət altında olduğu müddətdə əmələ gəldiyini hesab etmək doğru olar. Belə olan halda, qurban tərəfindən irəli sürülən versiyanı təkzib edən və ya şübhə altına alan yetərli və əsaslı dəlillərin təqdim edilməsi Dövlətin öhdəliyinə düşür. Belə dəlillərin mövcud olmaması Məhkəmənin Dövlətin əleyhinə mülahizələrə və nəticələrə gəlməsinə səbəb olur. Bu danılmaz faktdır ki, tutulan şəxslər əlverişsiz şəraitdədir və Dövlət onları qorumağa borcludur.
Məhkəmə müəyyən etmişdir ki, şikayətçinin davamlı olaraq – xüsusilə, 17 iyun 2006-cı il saat 21:00-da faktiki həbsi (bu zaman onun üzərində heç bir xəsarət izinə rast gəlinməmişdir) və 20 iyun 2006-cı il tarixində tibbi müayinədən keçdiyi zaman (bu zaman şikayətçinin bədənində çoxlu sayda xəsarət olduğu aşkarlanmışdır) aralığında polis nəzarəti altında olması barədə mübahisə yoxdur. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən xəsarətlər küt alətin zərbələri nəticəsində meydana gəlmişdir. Məhkəmə belə qənaətə gəlir ki, bu xəsarətlər polis tərəfindən şikayətçiyə vurulmuş zərbələr nəticəsində əmələ gələ bilərdi.
                  
Bu amillər hadisələrin inkişafı barədə iddiaların şikayətçinin lehinə qəbul edilməsi və şikayətçinin işgəncəyə məruz qalması ilə bağlı iddialarının əsaslı olmasını hesab etmək üçün yetərlidir. Dövlət bununla bağlı effektiv rəsmi istintaq aparmaq öhdəliyini yerinə yetirməmişdir.
Bundan başqa Məhkəmə müəyyən etmişdir ki, şikayətçinin işgəncəyə məruz qalması ilə bağlı müraciətləri yerli istintaq orqanları tərəfindən araşdırılmamışdır. Müstəntiqlər bir neçə sorğu ilə istintaqı yekunlaşdırmışlar, halbuki Rusiya qanunvericiliyinə görə cinayət törədilməsi ehtimalı olan məsələlərlə bağlı istintaq orqanı lazımi materialları toplamalı və cinayət işi açmalıdır.
Məhkəmə qeyd edir ki, 3-cü maddənin tələblərinə uyğun olaraq işgəncə faktı ilə bağlı əsaslı müraciətlərə baxan istintaq orqanı bir neçə sorğu ilə kifayətlənməli deyil, hərtərəfli araşdırma aparmalı idi. Bundan əlavə, rəsmi orqanlar tərəfindən bütün aspektləri ilə ortaya qoyulmuş istintaq araşdırması aparılmalı və cinayət işinin prosedur qaydalarına riayət edilməli idi.
Hazırki işlə bağlı Məhkəmənin səmərəli istintaq araşdırmasının aparılmadığı qənaətinə gəlməməsi üçün heç bir əsas yoxdur. Müəyyən olunmuşdur ki, rəsmi orqanlar şikayətçinin işgəncəyə məruz qalması ilə bağlı əsaslı müraciətləri haqqında 3-cü maddənin tələblərinə uyğun, effektli və səmərəli istintaq araşdırması aparmamışlar.
Dövlət şikayətçinin xəsarətlərinin polisin hərəkətləri nəticəsində meydana gəlməməsi ilə bağlı istintaqın irəli sürdüyü versiyanı dəstəkləmişdir. Məhkəmə qeyd edir ki, istintaq polis əməkdaşlarının izahatları əsasında belə nəticəyə gəlmişdir. Xəsarətlərin polisdən başqa üçüncü şəxslər tərəfindən yetirilməsinə dair izahlar heç bir dəlillə əsaslandırılmamışdır və şikayətçinin polis nəzarəti altına alındığı zaman heç bir xəsarətinin olmaması ilə bağlı müstəntiqin rəyi ilə ziddiyyət təşkil etməkdədir.
Məhkəmə belə qənaətə gəlir ki, Dövlət şikayətçinin iddialarını təkzib edə biləcək sübutlar gətirə bilməmişdir. Şikayətçinin tibbi aktla bağlı dəlilini də nəzərə alaraq belə hesab etmək olar ki, iddialar əsaslıdır.
Məhkəmə polisin hərəkətlərini qeyri-insani və ləyaqəti alçaldan rəftar olaraq qiymətləndirir və müəyyən edir ki, Konvensiyanın 3-cü maddəsi prosessual və maddi baxımdan pozulmuşdur.
 
Konvensiyanın 5-ci maddəsinin tələblərinin pozulması iddiası ilə bağlı
Məhkəmə qeyd edir ki, şikayətçinin 19 iyun 2006-cı il saat 10:40-a qədər saxlanıldığı Severnıy polis şöbəsindən İ-ni öldürdüyünü etiraf etdiyi və meyitin yerini açıqladığı Sovetskiy polis şöbəsinə aparılması faktı Dövlət tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, Dövlət şikayətçinin 20 iyun 2006-cı il saat 12:50-də həbs edilməsi faktına da etiraz etməmişdir. Bu fakt şikayətçinin aldığı xəsarətlərin polis nəzarəti altında olduğu zaman meydana gəldiyini göstərməkdədir.
Belə olan halda Məhkəmə sözügedən 14 saat ərzində şikayətçinin sərbəst buraxıldığı və Sovetskiy polis şöbəsinə könüllü surətdə getdiyi barədə Dövlətin iddiaları ilə razılaşmır. Bu səbədən şikayətçinin rəsmi qaydada tutulmadığı zaman ərzində saxlanılması qanunsuz olmuşdur.
Yuxarıda sadalanan xüsuslar Konvensiyanın 5-ci maddəsinin pozulduğu qənaətinə gəlmək üçün yetərlidir.
 
Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması iddiası ilə bağlı
Məhkəmə bir daha vurğulayır ki, şikayətçinin 3-cü maddənin tələblərinin pozulması ilə vermiş olduğu təqsirinin etirafına dair ifadəsi bütün cinayət prosesini avtomatik olaraq ədalətsiz hesab etməyə səbəb olur. Belə ki, həmin ifadənin sübut kimi dəyəri, eləcə də təqsirləndirilən şəxs barədə hökm çıxarılması zamanı əsas dəlil kimi nəzərə alınması tamamilə qanunsuz olmuşdur.
Məhkəmə müəyyən etmişdir ki, şikayətçi polis nəzarəti altında olduğu zaman qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmışdır. O, 19 iyun 2006-cı il tarixində təqsirini etiraf edən ifadə vermiş, növbəti iki gün ərzində də həmin ifadəni təkrarlamışdır. Bu ifadələr ona qarşı irəli sürülən ittihamın başlıca əsası olmuşdur. Yerli məhkəmə həmin ifadələri sübut qismində qiymətləndirmiş, şikayətçini təqsirli hesab edərkən və onun barəsində hökm çıxararkən bu sübuta əsaslanmışdır. Yerli məhkəmə müvafiq tibbi rəyə və digər dəlillərə qiymət verməmiş, şikayətçinin təqsirinin etirafına dair ifadələrini sübutlar siyahısından çıxarmamış və ədalətli məhkəmə araşdırmasına nail olmamışdır. Əksinə, məhkəmə 3-cü maddənin tələblərinə uyğun olmayan istintaq qərarlarına əsaslanmış, bunun nəticəsində sübutların şübhəliliyini və hansı şəraitdə əldə olunduğunu nəzərə almamışdır.
Belə olan halda, Məhkəmə şikayətçinin təqsirinin etirafına dair ifadələrinin könüllü surətdə verilməsi ilə bağlı Dövlətin arqumentləri ilə razılaşmır. Məhkəmə belə qənaətə gəlir ki, şikayətçinin təzyiq altında verdiyi ifadələrin cinayət prosesinin nəticəsinə hansı dərəcədə təsir etməsindən asılı olmayaraq, onların sübut kimi qiymətləndirilməsi şikayətçinin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
Yuxarıda sadalananları nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırki iş üzrə Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulmuşdur.

(c) AİHM