Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
İsa və Məryəm reklamlarına görə geyim firmasının cərimələnməsi ifadə azadlığının pozuntusudur?! - AİHM
02.02.2018 630

İşin halları

Şikayətçi Vilnüs şəhərində yerləşən Sekmadienis Ltd şirkətidir. Şirkət 2012-ci ilin sentyabr və oktyabr ayları ərzində şəhərin müxtəlif yerlərində və özünün veb-saytında bəzi reklam şəkilləri yayımlamışdır. Həmin şəkillərdə başlarında işıqlı halqalar olan kişi və qadın təsvir olunmuş, kişi cins şalvar və döymələrlə, qadın isə ağ paltar və əlində kiçik kürəciklərlə əks olunmuşdur. Reklamlar “İsa, nə gözəl şalvardır!”, “Əziz Məryəm, nə gözəl paltardır!” və “İsa və Məryəm, nə gözəl geyinmisiniz!” başlıqları ilə yerləşdirilmişdir.
Reklamlara görə bir neçə şəxs İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət İdarəsinə (bundan sonra – İHMDİ) müraciət etmişdir. İHMDİ reklam mütəxəssislərində ibarət müstəqil, özünüidarə orqanı olan Litva Reklam Agentliyindən məsələ ilə bağlı rəy verilməsini xahiş etmişdir. Agentlik rəyində “dinə bağlı insanların hər zaman dini simvollara və obrazlara qarşı həssas olduqlarını” və sözügedən reklamların Reklam Qaydaları haqqında Qanunun tələblərini pozduğunu qeyd etmişdir.
İHMDİ həmin rəyi və şikayətləri Dövlət Qeyri-qida məhsullaru inspektorluğuna göndərmiş, İnspektorluq öz növbəsində reklamların dini simvollara qarşı hörmətsizlik edildiyini, bu simvollardan uyğunsuz istifadə olunduğunu və bu hərəkətlərin Reklam haqqında Qanunu poza biləcəyi qənaətinə gəlmişdir.
İHMDİ daha sonra roman-katolik kilsəsinin ərazi üzrə səlahiyyətli orqanı olan Litva Yepiskoplar Birliyinə rəy verməsi üçün müraciət etmişdir. Birlik öz rəyində bildirmişdir ki, dini simvolların mənasının, xüsusilə də kommersiya məqsədləri üçün, qəsdən dəyişdirilərək alçaldılması və təhrif edilməsi ictimai-mənəvi dəyərlərə ziddir, Birlik daha sonra reklamlarla bağlı yüzlərlə şəxsin şikayət etdiyini İHMDİ-yə bildirmişdir. 
Şikayətçi şirkət İHMDİ-yə bildirmişdir ki, “İsa” və “Məryəm” adları gündəlik litva dilində sıxlıqla istifadə edilən və təsirli adlardan olduğu üçün reklamda istifadə olunmuşdur. Şirkət onu da qeyd etmişdir ki, dövlət dininin mövcud olmadığı Litvada müəyyən bir qrupun – katoliklərin maraqları bütün cəmiyyətin maraqları ilə bərabər tutula bilməz. Buna baxmayaraq, İHMDİ 2013-cü ilin mart ayında sözügedən reklamların ictimai-mənəvi dəyərlərə və Reklam haqqında Qanuna zidd olduğu qənaətinə gəlmiş, şikayətçi şirkət 2000 Litva litaisi (təqribən 580 avro) məbləğində cərimə edilmişdir. İHMDİ qeyd etmişdir ki, İsa və Məryəmin mübahisəli reklamlardakı uyğunsuz təsvirləri xristian inancının mənəvi dəyərlərinə qeyri-ciddi münasibət aşılayır və dindar insanın prinsiplərinə uyğun olmayan həyat tərzi nümayiş etdirir. Bundan əlavə İHMDİ bildirmişdir ki, dinə hörmət şübhəsiz mənəvi dəyərdir, odur ki, dinə hörmətsizlik mənəvi dəyərlərin pozulması deməkdir.
Şirkətin yerli inzibati məhkəməyə şikayəti rədd edilmiş, Ali İnzibati Məhkəmənin gəldiyi nəticə də eyni olmuşdur. Sonuncunun mövqeyinə əsasən, dini simvollar fərdlərin və cəmiyyətin mənəvi dəyərləri arasında mühüm yer tutur və həmin simvolların yanlış istifadəsi hamılıqla qəbul edilmiş mənəvi və etik normalarla ziddiyyət təşkil edir.
 
Yekun qərarın sonrasında Ali İnzibati Məhkəmənin sədri məhkəməyə müraciət edərək işə yenidən baxılmasını xahiş etmiş, şikayətçi şirkətin fikrini ifadə etmək azadlığının qanunsuz və mütənasib olmayan məhdudiyyətə məruz qaldığını qeyd etmişdir.
Buna baxmayaraq, məhkəmə işi yenidən araşdırmaqdan imtina etmişdir.
 
Məhkəmənin qərarı:

Şikayətçinin cərimələnməsinin onun fikrini ifadə etmək azadlığının məhdudlaşdırılması olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Şikayətçi şirkətin yayımladığı reklamların Reklam haqqında Qanunda nəzərdə tutulmuş “ictimai-mənəvi dəyərlərə zidd olan reklam” başlığı altında qiymətləndirilməsi ehtimalını nəzərə almalı olduğuna dair Məhkəmənin bəzi şübhələri mövcud olmuşdur. Bu şübhə sözügedən qanunun daha sonra dəyişikliyə məruz qalması, həmin dəyişikliklərin dini simvollarla bağlı daha sərt qadağaları nəzərdə tutması ilə qüvvətlənmişdir. Tətbiq olunmuş məhdudiyyətin qanuni maraqlar güdməsi, xristian inancının mənəvi dəyərlərini qoruması və inanclı şəxslərin hüquqları müdafiə etməsi arqumentləri Məhkəmə tərəfindən qəbul edilmişdir.
Məhkəmə yerli orqanların hazırki işlə bağlı təqdir çərçivəsinin geniş olduğu, bunun reklamların kommersiya məqsədləri ilə bağlı olması qənaətinə gəlmişdir. Reklamların açıq təhqir və ya incidici xarakter daşımaması, dini əsaslara nifrət aşılamamasına əsaslanan Məhkəmə hesab etmişdir ki, yerli məhkəmələr və digər orqanlar həmin reklamların ictimai-mənəvi dəyərlərə zidd olmasını əsaslı və dolğun şəkildə sübut elməli idi.
Buna baxmayaraq Məhkəmə müəyyən etmişdir ki, həmin orqanlar tərəfindən irəli sürülmüş arqumentlər bəsit və əsassız olmuş, reklamlarda əks olunmuş dini simvolların təhqiramiz olmasının səbəbini açıqlaya bilməmişdir. Şikayətçi reklamlarda istifadə olunan dilin dini dəyərlərə yönəlmədiyini, gündəlik Litva dilində istifadə olunan ifadələr olduğunu bildirmiş, lakin yerli orqanlar bu məsələyə də münasibət bildirməmişlər.
İHMDİ “reklamların dindar insanın prinsiplərinə zidd olan həyat tərzi aşıladığını”  qeyd etmiş, buna baxmayaraq, həmin “həyat tərzinin” nədən ibarət olduğunu, reklamların onu necə aşıladığını, o cümlədən dindar insanın prinsiplərinə zidd olan həyat tərzinin aşılanmasının ictimai-mənəvi dəyərlərə necə və nə üçün zidd olduğunu açıqlamamışdır. Məhkəmənin qeyd etmək istədiyi digər bir məsələ isə yerli orqanların araşdırmaları zamanı yalnız roman-katolik kilsəsinin rəyinə müraciət edilməsi olmuşdur. Belə ki, bu xüsus yerli Konstitusiya Məhkəməsi və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin formalaşdırmış olduğu prinsiplərə zidd olmuşdur.
Son olaraq Məhkəmə fikri ifadə etmək azadlığının sərhədlərinin təhqiramiz, şok edici və ya narahat edici fikirlərə qədər uzandığını qeyd etmiş, 100 nəfərin şikayətinin yerli orqanlar tərəfindən cərimə tətbiq olunması üçün yetərli əsas olmadığı qənaətinə gəlmişdir. Hətta reklamlar, Litva Hökümətinin irəli sürdüyü kimi, böyük çoxluğun maraqlarına toxunmuş olsaydı belə, Məhkəmənin gəldiyi qənaətə əsasən Konvensiyanın müddəaları əsasında azlığın hüquqları çoxluğun hüquqlarından asılı hala salına bilməz.
 
Bunları nəzərə alaraq, Məhkəmə yerli orqanların ictimai-mənəvi dəyərlərin və inanclı insanların hüquqlarının müdafiəsi və şikayətçi şirkətin fikri ifadə etmək azadlığı arasında ədalətli mütənasibliyi qoruya bilməməsi səbəbi ilə 10-cu maddənin pozulduğu qərarına gəlmişdir.

(c) AİHM