Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsait artırılmalıdır
19.04.2021 217
Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən hüquqi yardıma görə ən aşağı pillədə dayanır. Bu barədə Avropa Şurasının Ədliyyə Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) sonuncu hesabatında qeyd olunub. Hesabata əsasən, Avropa ölkələrində prokurorluq xidmətlərinə görə maliyyələşmə orta hesabla bir nəfərə görə 11.7 avro təşkil edir. Azərbaycanda isə bu rəqəm 3.4 avrodur. Yəni, təxminən 3 dəfə fərq var. Məhkəmələrə görə adambaşına ayrılan vəsait isə Avropada 40.7 avro təşkil etdiyi halda, ölkəmizdə 5.1 avrodur və təxminən 8 dəfə aşağıdır. Hüquqi yardıma görə isə bir nəfərə ayrılan vəsait isə 0.1 avro olmaqla Avropa göstəricilərindən 26 dəfə fərqlənir. Belə ki, Avropa ölkələrində bu məbləğ 2.6 avrodur.
 
Bəs bu kəskin fərqin səbəbi nədir və aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
 
Mövzu ilə bağlı CEPEJ prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qurbanov e-huquq.az-a açıqlamasında dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaitin artırılmalı olduğunu deyib. Onun fikrincə, bu, vəkillərin pulsuz hüquqi yardım çərçivəsində olan işlərə marağının artmasına səbəb ola bilər.
 
"Hüquqi yardımın keyfiyyətinə təsir edən amillərdən biri də bu sahəyə ayrılan maliyyədir. Aparılan islahatlar nəticəsində Azərbaycanda hüquqi yardıma görə ayrılan vəsait müəyyən qədər artırılıb. Hazırda bu sahədə müsbət dinamika müşahidə olunur, artım var. Amma müqayisələr onu göstərir ki, bu məbləğ daha da artırılmalıdır. Artım davam etməlidir ki, vəkillər pulsuz hüquqi yardıma daha ürəklə yanaşsınlar. Yəni, ödənilən vəsait onlar üçün cəlbedici olsun və pulsuz hüquqi yardım çərçivəsində işlər olduqda daha həvəslə yanaşsınlar", - deyə R.Qurbanov bildirib.
 
Məbləğin nə qədər artıla biləcəyinə gəlincə isə, R.Qurbanov qeyd edib ki, bununla bağlı müvafiq müqayisələr, təhlillər aparılmalıdır: "Mən məbləğin nə qədər artıla biləcəyi barədə fikir söyləməkdə çətinlik çəkirəm. Bu, ümumi dövlət büdcəsi, iqtisadi inkişaf, ümumdaxili məhsul, orta aylıq əməkhaqqı və digər məqamlarla bağlı olan məsələdir. Ona görə də iqtisadçıların bu məsələ ilə bağlı müqayisələr aparması, öz fikirlərini söyləməsi lazımdır. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında digər ölkələrin hüquqi yardıma ayırdığı vəsaitlə həmin vəsaitin ümumdaxili məhsula nisbəti də verilib. Ona əsasən, müəyyən təhlil aparılsa, çox asanlıqla müəyyən etmək olar ki, bizdə bu məbləğ nə qədər olmalıdır. Biz hesabatda qonşu ölkələrin də statistikasını qeyd etmişik. Səhv etmirəmsə, Gürcüstan hüquqi yardıma bizdən daha çox pul ayırır. Ümumiyyətlə, bu sahədə müqayisəni postsovet ölkələri, baltikyanı ölkələrlə aparmaq lazımdır. Düzdür, indi onlar Avropa İttifaqının üzvləri olsa da, eyni müstəqillik yolunu keçiblər. Biz hesabatda ümumdaxili məhsula görə müqayisə aparmışıq. Bu gün hüquqi yardıma görə ən çox vəsait ayıran ölkələr Lüksemburq, Lixtenşteyn, İsveçrədir. Amma müqayisəyə baxsaq, ümumdaxili məhsulu çox olmayan ölkələr prokurorluq orqanlarına daha çox pul ayırırlar. Onlar problemi başqa cür həll edə bilmirlər, ona görə hüquq-mühafizə orqanlarını gücləndirirlər".
 
Milli Məclisin İnsan hüquqları komitəsinin sərdi, deputat Zahid Oruc da dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaitin artırılmasının tərəfdarı olduğunu bildirib. Deputat bu vəsaitin bir neçə dəfə artırıla biləcəyi qənaətindədir.
 
"İnsan hüquqları komitəsi olaraq bizdə bununla bağlı ayrıca müraciətlər mövcuddur. Əslində məhkəmə-hüquq sistemində islahatlarla bağlı cənab Prezidentin 2017-ci ilin aprelində imzaladığı Sərəncamda bu məsələlərə də ümumən toxunulub. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında da həmin müddəalar yer alıb. Mən İnsan hüquqları komitəsinin sədri kimi parlamentin bu sessiyasının başlanğıcında işlər planına yenə də vəkillərlə görüşü daxil etmişəm. Biz bu məsələnin gündəmdə saxlamağın tərəfdarıyıq. Dövlət strukturları ilə bunu birgə müzakirə edərək çözüm yollarının tapılmasında iştiraka hazırıq. Bununla bağlı qanun layihələri əslində mövcuddur. Sadəcə bir sıra normativ aktlarda dəyişikliklər edilə bilər. O cümlədən büdcə ilə bağlı vəsaitlərin daxili strukturunda dəyişiklərlə bu məsələlərin hamısı çözülə bilər. Mənə elə gəlir ki, dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaiti bir neçə dəfə artırmaq üçün münbit zəmin var. Əgər Qərb ölkələrindən misallar gətiririksə, bu zaman başa düşməliyik ki, orada təminat tamam fərqli rəqəmlərdən ibarətdir. Belə olan halda biz bu rəqəmlərin dəyişməli olduğunu mütləq nəzərə almalıyıq. Hüquqi dövlət quruculuğunun tərkib hissəsi qeyd etdiyimiz sahədə, xüsusilə də ədalət mühakiməsi prosesinin həyata keçirilməsində təminatlı qaydada iştirakdır. Biz nümayəndəlik institutunu ləğv etdik, əvəzində vəkillərin sayının artırılmalı olduğunu söylədik. Bu sahədə bir sıra vacib tədbirlər məhz maliyyə əsaslarının genişləndirilməsini tələb edir. Ona görə də dövlətin imkanları çərçivəsində bu vəsaitin bir neçə dəfə artırılması realdır. Yoxsa kiçik bir rəqəmlə situasiya dəyişməyəcək”, - deyə deputat qeyd edib.
 
Z.Oruc onu da qeyd edib ki, Anar Bağırovun Vəkillər Kollegiyasına rəhbərlik etməsindən sonra bu sahədə kommunikasiyalılıq artıb, problemlərin aktual qoyuluşu, vəkilliyə qəbulun şəffaf şəkildə həyata keçirilməsi təmin olunub:" Eyni zamanda ölkəmizdə vəkillərin sayının artmasında mübət tendensiyalar müşahidə olunub. Bölgələrdə vəkil çatışmazlığı və hüquqi yardımla bağlı problemin həlli üçün müvafiq addımlar atılıb. Vəkillik sisteminə kənar müdaxilənin qarşısı alınıb. Bütün bunlar böyük irəliləyişdir. Bundan başqa, Vəkillər Kollegiyasına ayrılmış vəsaitin mühüm bir hissəsinin geri qaytarılması da sübut edir ki, burada maliyyə sisteminin idarəçiliyində yüksək dərəcədə qənaətlilik və səmərəlilik var".
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə e-huquq.az-a açıqlamasında deyib ki, məhkəmə-hüquq sisteminə daxil olan digər sahələrlə müqayisədə hüquqi yardıma görə ayrılan vəsaitin dəfələrlə az olması yolverilməzdir. Onun sözlərinə görə, bu kəskin fərq aradan qaldırılmalıdır: "Hazırda Azərbaycanda əhali sayına görə adambaşına düşən hüquqi yardıma görə ayrılan vəsait Avropa standartlarından xeyli aşağıdır. Yaxşı olardı ki, yaxın zamanda bu məbləğ artırılsın və həmin fərq aradan qaldırılsın və ya heç olmasa, azalsın. Bu vəsait məhkəmə-hüquq sisteminə daxil olan digər sahələrlə müqayisədə də aşağıdır. Digər ölkələrdə müqayisə etsək, məhkəmə-hüquq sektorları üzrə fərq 3-8 dəfə arasındadır. Dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaitin məbləğində isə 10 dəfədən çox fərq var. Hesab edirəm ki, heç olmasa digər sektorlarda olduğu kimi, fərqin 3-8 dəfə olması daha yaxşı olardı. Yəni belə kəskin fərq olmamalıdır. Əks halda, bu cür fərqin mövcudluğu məhkəmə-hüquq sistemində xərclərin mütənasib bölünməməsi haqqında fikir yaradır. Bu da hər bir halda yolverilməzdir. Biz bununla bağlı məsələ qaldırmışıq. Bu məsələ müzakirə olunmalıdır və aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar qəbul olunmalıdır. Təbii ki, birinci növbədə Maliyyə Nazirliyi, Nazirlər Kabineti bu problemin həlli üçün çalışmalıdırlar".