Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Paris Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib
22.04.2021 6660
 Ölkəmizə səfər edən Paris Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Yasin Yakuti və media sahəsində geniş əlaqələrə malik olan digər vəkil Elis Arfi birbaşa əlaqələrinin qurulması, eləcə də gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasını ziyarət edib.
 
Qonaqları qəbul edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətən müharibəsi, 44 günlük əks-hücum əməliyyatı və şanlı qələbədən bəhs edib, o cümlədən qeyd edib ki, Vəkillər Kollegiyası müharibə zamanı və sonrası – 2 dəfə hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətlərini 230 beynəlxalq təşkilata ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən müharibə cinayətlərinə, ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırmışdır.
 
Daha sonra, A.Bağırov Vəkillər Kollegiyası tərəfindən son 3 il ərzində görülmüş işlərdən danışıb, o cümlədən beynəlxalq sahədəki fəaliyyət və əməkdaşlıqlardan bəhs edib.
 
Görüş zamanı Y.Yakuti isə bildirib ki, rəsmi Parisin qərəzli olması, bunun əks-nəticə verərək Fransanın bölgədəki nüfuzuna zərbə vurması və beynəlxalq hüquq normalarına hörmət edilməməsinə görə, onlar bir qrup fransız vəkil ilə birlikdə Fransa hökumətinə petisiya ünvanlayıblar. Həmçinin, əlavə edib ki, onlar Fransanı istədiyi mövqeni deyil, məhz beynəlxalq hüquqa əsaslanan mövqe tutmağa dəvət ediblər. O cümlədən, hökuməti Azərbaycan ərazilərinin işğalı zamanı onun mədəni dəyərlərinə dəymiş zərərin qiymətləndirilməsi üçün UNESCO-nun missiyasının Azərbaycana göndərilməsini dəstəkləməyə çağırıblar.
 
Bundan əlavə, Rəyasət Heyətinin yeni seçilmiş üzvü Y.Yakuti hər iki Vəkillər Kollegiyaları arasında zəif əlaqələrin olmasını və əməkdaşlığın uzun illər gücləndirilməməsini təəssüf hiss ilə qeyd edib və bundan sonra güclü və sağlam münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb, həmçinin birgə səfərlərin və layihələrin həyata keçirilməsindən şad olacaqlarını bildirib.
 
Görüşdə, eyni zamanda, Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov, Strazburqda fransızca təhsil almış vəkil həmkarımız Famil Məmmədov və Xarici İşlər Nazirliyinin əməkdaşı Eldar Məmmədov da iştirak edib, birgə geniş müzakirələr aparılıb, irəli sürülən fikirlər və nəzərdə tutulmuş işlər üzrə mütəmadi əlaqə saxlanılaraq onların icrası qərara alınıb.