Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Anar Bağırov: "Hər kəs vicdanla davranmalıdır, vəkillər üçün isə bu, beynəlxalq standartdır"
03.07.2021 4889
 "Milli Məclisin komitələrinin birgə iclasında vəkillərin iştirakı ilə keçirilmiş dinləmələrdən sonra dünənki Milli Məclisin iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında ikinci oxunuşda müzakirəyə çıxarılmış qanun layihəsini müsbət qiymətləndirirəm".
 
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
 
O qeyd edib ki, həqiqətən də prosesdə iştirak edən şəxs dəfələrlə bilə-bilə əsassız vəsatət verərək prosesi uzatmaqla məşğul olmamalıdır: "Birinci dəfə bunu etdikdə xəbərdarlıqdan sonra təkrarən həmin vəsatəti verdiyi halda sanksiyaya məruz qala bilər. Beynəlxalq təcrübədə bu cür misallar az deyil (Moldova, Ukrayna, ABŞ və s.). Hər kəs vicdanla davranmalıdır (ingilis dilində - good faith, BMT-nin vəkillərin rolu üzrə əsas prinsipləri, maddə 20, məhz vicdanlı davranış vəkilin hər-hansı məsuliyyətini istisna edir. Basic Principles on the Role of Lawyers. Adopted by the Eighth United Nations Congress on the Prevention of Crime and the Treatment of Offenders, Havana, Cuba27 August to 7 September 1990). Göründüyü kimi, vəkillər üçün bu bir beynəlxalq standartdır. Vəkillər qanunumuza əsasən həmçinin öz peşə borcunu şərəflə və vicdanla yerinə yetirməyə dair and içir".
 
Hakimlərə gəldikdə isə sədr vurğulayıb ki, cinayət qanunumuza görə bilə-bilə ədalətsiz qərar qəbul edən hakim maliyyə sanksiyasından birmənalı ağır olan cinayət məsuliyyətinə cəlb edilir.
 
Anar Bağırov vəkillərə də müraciət edib: "Bir daha hər kəsdən başqa şəxslər barədə təhqiredici, aşağılayıcı status və şərhlərdən çəkinməyi xahiş edirəm. Son günlər bu cür xoşagəlməz şərhləri görəndə çox təəssüflənirəm. Hər kəsin fikrinə hörmətlə yanaşmaq elementar mədəniyyət göstəricisidir".
 
Anar Bağırov həmçinin onu da qeyd edib ki, çox əhəmiyyətli sayılan mülki işlər üzrə bütün məhkəmə instansiyalarında dövlət hesabına hüquqi yardım göstərilməsi problemi yaxın zamanda öz müsbət həllini tapacaq.
 
Qeyd edək ki, əvvəlki redaksiyada dəyişiklik məhkəmənin açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə etməsini nəzərdə tuturdu. Yeni dəyişiklikdə isə məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və şikayətlər verərək işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkilləri 500 manatadək cərimə edə biləcək.