Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Vətəndaşlara hüquqi xidmət, qanunlarımızın keşiyində durmaq missiyası Vəkillər Kollegiyası bu sahədə uğurlu fəaliyyətini daha da gücləndirəcəkdir
28.12.2021 439
 28 dekabr-Vəkillərin Peşə Bayramı Günüdür
 
Ulu öndər Heydər Əliyevin imzası ilə 1999-cu il 28 dekabr tarixində qəbul olunmuş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu milli vəkilliyin inkişaf tarixinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Yeni nəsil vəkillərin mütləq əksəriyyətinin həyat yollarının bu şərəfli tarixə təsadüf etməsi özlüyündə rəmzi məna daşıyır, çünki çox da uzun zaman keçmədən onlar qısa müddət ərzində Azərbaycan vəkilliyində fundamental dəyişikliklərin və demək olar ki, inkişaf etmiş dünya ölkələrinin vəkilliyi ilə rəqabət apara biləcək institutun formalaşmasının şahidi olmuş oldular. Mübaliğəsiz, bu gün biz Azərbaycan vəkilliyinin intibah dönəmi barədə fikirlər səsləndiririksə, bu tərəqqidə Vəkillər Kollegiyasının hər bir üzvünün öz töhfəsi var.
 
Bununla bərabər qeyd olunmalıdır ki, bu gün də ölkəmizdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı mütərəqqi islahatlar aparılır, xüsusilə vəkillərin sayının artırılması, vəkillərə olan etimadın gücləndirilməsi, habelə son nəticədə vəkilliyin nüfuzunun artırılması üçün işlər görülür. Bu dəyişikliklər hadisələrin təsadüfi axarının nəticəsi olmamaqla, artıq ölkəmizdə neçə illərdir ki, aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına dəstək, hətta onun bir parçası kimi qiymətləndirilməlidir. Təbii ki, vəkillik də məhkəmə hüquq sisteminin mühüm qollarından biri olmaqla, bu sistemin sağlam bütövlüyünün təmin edilməsində xüsusi yerə malikdir ki, bu mənada vəkillik sahəsində aparılan islahatlar hüquq sisteminin digər qollarında aparılan islahatlarla üzvi şəkildə səsləşməlidir.
 
Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş dövlət, milli fəaliyyət proqramlarının hamısında Azərbaycan vəkilliyi unudulmayıb və çoxsaylı faydalı tövsiyələr verilib. Misal olaraq, 2004-cü ildə qəbul olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramını, 2007-ci ildə qəbul olunmuş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı, 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını, 2018-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı və bu islahatların apogeyi qismində isə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03.04.2019-cu il tarixli Fərmanı göstərə bilərik. Bu sənədlərdə vəkillik institutunun təkmilləşdirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, vəkillik institutunun müstəqilliyinin təmin edilməsi, bölgələrdə peşəkar vəkillərin sayının artırılması, habelə elektronlaşma məsələləri məxsusi  şəkildə vurğulanmışdır.
 
Bundan başqa, xüsusi diqqət yetirilməli məsələ ondan ibarətdir ki, milli vəkilliyin sürətli inkişaf mərhələsi daha çox dövlət başçımızın yuxarıda adlarını çəkdiyimiz 2018 və 2019-cu illərdə imzaladığı Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam və Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanın qəbulundan sonrakı dövrü əhatə edir.
 
Son dövrlər bir sıra ədəbiyyatlarda və fərqli-fərqli ölkələrin hüquq praktikasında vəkilliyə “palliativ (müvəqqəti sakitləşdirici) hüquq” və ya “vəkillərin peşəkar fəaliyyəti ədalət mühakiməsinin məqsəd və vəzifələrinin həyata keçirilməsinə yönəlməyib” kimi təəssüf doğuran fikirlər səsləndirilməkdədir. Halbuki "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı məhz bu cümlə ilə başlayır: "...ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır." Öz mahiyyəti etibarilə vəkillik hüquq sisteminə bərabərlik gətirir. Sadə misal olaraq bunu göstərmək olar – vəkillərdən fərqli olaraq məhkəmə çəkişməsinin digər tərəfinin təmsilçiləri arasında haradasa iyerarxik münasibətlər olsa da, vəkillər arasında belə bir iyerarxiya mövcud deyil. Bu, peşənin təbiətinin ortaya qoyduğu təbii bərabərlikdir ki, hüquq cameəsi arasında bu peşənin daşıyıcılarının sayının çoxluğu ölkədə hüquqa olan münasibətə, bu sahədə fikir dəyişkənliyinə səbəb olur. Qeyd olunanlar baxımından Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında yuxarda vəkilliklə bağlı bildirilən fikirlər təsadüfi deyildir.
 
Söylənənlərin məntiqi davamı kimi, bu gün ölkəmizdə tezliklə qəbul olunması gözlənilən “Pulsuz hüquqi yardım haqqında” Qanunadək Vəkillər Kollegiyasının göstərdiyi “pro bono” hüquqi yardım fəaliyyəti haqqında danışılmalıdır. Bu yardım növünə qısa tarixi oçerk vermək yerinə düşərdi. Tarixi qədim olsa da, əslində "pro bono" ifadəsi cəmiyyətimizin qulağı üçün yenidir. Bu söz latın mənşəli olmaqla "pro bono publico - ictimaiyyətin mənafeyi naminə" kimi tərcümə olunur. Mənası isə qeyri-kommersiya məqsədli təşkilat tərəfindən əvəzsiz olaraq, xeyriyyə niyyəti ilə peşəkar (professional) köməklik göstərilməsi deməkdir.Könüllü və xeyriyyə məqsədilə göstərilməsinə baxmayaraq "pro bono" xidmətin fərqləndirici xüsusiyyəti onun peşəkar şəkildə göstərilməli olmasıdır."Pro bono" fəaliyyətin istənilən sahədə göstərilə bilinməsinə baxmayaraq bu anlayışdan istifadə vəkillik sahəsi ilə daha çox bağlıdır ki, bunun da bir sıra səbəbləri var. Hüquq sisteminin təkmilləşməsi və insan hüquqlarının müdafiəsində məhkəmələrin rolunun artması ilə insanların peşəkar hüquqi yardıma ehtiyacı daha da artmaqdadır. Bununla belə, məhkəmələrə müraciət edilməsi, habelə məhkəməyə qədər hərəkətlərin məsrəfli olması səbəbilə sosial təminatı zəif olan əhali qrupu üçün belə müdafiə çox vaxt əlçatan olmur. Problemlərinin həllini tapa bilməyən insanlar isə adətən öz hüquqlarının müdafiəsindən imtina etməli olurlar. Bu isə öz növbəsində insanların ədalət mühakiməsinə olan inamını sarsıtmaqla onları öz konstitusion hüquqlarını həyata keçirmək imkanından məhrum etmiş olur. Belə olan halda dövlətlər öz orqanları və ödənişsiz hüquqi yardım institutunun təşkili vasitəsilə insanların bu hüquqlarına çatımlılığına şərait yaradılmasına çalışır. Lakin bu institut hər zaman lazımi qaydada işlək ola bilmir.Vətəndaş cəmiyyətinin mühüm institutlarından biri olaraq cəmiyyət qarşısında öz məsuliyyətini anlayan təsisat kimi vəkilliyin təmsilçiləri gün ərzində ölkə üzrə insanlara çoxsaylı hüquqi məsləhətələr verir, sənədlər tərtib edir, məhkəmələrdə ayrı-ayrı insan kateqoriyalarını “pro bono” əsaslarla təmsil edir və təşəkkürdən savayı bunun qarşılığında heç nə almırlar. Bu fəaliyyət dövlət orqanlarının nəzərinə o qədər  olmasa da əslində cəmiyyət üçün ən zəruri fəaliyyət hesab oluna bilər.Əksər, xüsusilə gənc vəkillər “pro bono” sistemində özlərinin təcrübi vərdişlərinin təkmilləşdirilməsini, digərləri ehtiyacı olan şəxslərə köməklik göstərərək dünyamızı daha yaxşı etmək ehtiyacını görürlər. Eyni zamanda, könüllülük əsasında olmasına baxmayaraq, maraqlısı odur ki, çox az vəkil “pro bono” fəaliyyətdən yayınır. Zənnimizcə, bu deyilənlər vəkillərimizin yüksək peşəkarlıq səviyyəsinə malik olmaları ilə bərabər onların əsl müdafiəçi ideallarına sadiqliyinin təzahürüdür.
 
Bütün deyilənlərlə bərabər hesab edirik ki, ötən dövr ərzində Azərbaycan vəkilliyində görülmüş işlər barədə müxtəsər şəkildə məlumat verilməlidir.
 
Belə ki, ötən dövr ərzində Vəkillər Kollegiyasının fəaliyyətini nizamlayan 20-dən çox tənzimləyici qaydalar qəbul olunmuşdur. Bura “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, “Elektron vəkil kabinetindən istifadəyə dair”, “Vəkil kabinetinin yaradılmasına dair”, “Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” qaydalar, “Vəkil orderi və order markası haqqında” Əsasnamə, “Vəkillərin sığorta bank hesabı və həmin hesaba daxil olan vəsaitdən istifadə qaydaları” qəbul olunmuş və "Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə təlimat" və sair sənədlər daxildir ki, bu sənədlər Vəkillər Kollegiyasının internet səhifəsində işıqlandırılmışdır.
 
Digər tərəfdən, vəkilliyə qəbul sahəsində də əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Məlum olduğu kimi, 2018-ci ildən etibarən ölkəmizdə nümayəndəlik institutu ləğv olundu və məhkəmə işləri üzərində vəkilliyin qismən monopoliyası təmin edildi. İnkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsi nəzərə alınarsa, ölkəmizdə nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliyi bəlkə də gecikmiş addım kimi qiymətləndirə bilərik. Beləliklə, 2018-ci ildən başlayaraq Kollegiya tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlərin görülməsinə başlanılmışdır. Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14 il ərzində) vəkillərin sayı 600 nəfər artaraq 931 nəfər olmuş, lakin 2018-2021-ci il aralığında (4 il ərzində) isə vəkillərin sayı təqribən 2120-yə çatmışdır. Belə ki, gənc vəkillərin sayı artaraq vəkillik xeyli cavanlaşmışdır. Eyni qaydada, həm xanım vəkillərin sayı, həm də regionlardakı vəkillərin sayı da dəfələrlə artmışdır. Bundan başqa, 4 il əvvəl vəkil qurumlarının sayı 39 olsa da, hazırda bu rəqəm artaraq 110-dan çox olmuş və onların bir çoxu yenilənmiş, əsaslı şəkildə təmir edilmişdir. Lakin unutmaq olmaz ki, Azərbaycanda hüquqşünas məzunların sayı digər ölkələrdən dəfələrlə azdır.
 
Dövlət hesabına hüquqi yardım fəaliyyətinə gəldikdə qeyd olunmalıdır ki, əvvəlki illərdən fərqli olaraq  2020-ci ildə Vəkillər Kollegiyasının vəzifələri sırasına yeni fəaliyyət əlavə olundu. Məlum olduğu kimi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərman ilə 2020-ci ildən etibarən dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq İcra hakimiyyətinə deyil, birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Vəkilliyin inkişafı barədə əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli Sərəncamına əsasən, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən haqq 3 dəfə qaldırılaraq 6 manat olmuşdur. Son 4 il ərzində həm paytaxt, həm də regionlarda 30 mindən çox iş üzrə aztəminatlı şəxslərə Kollegiya tərəfindən pulsuz hüquqi yardım xidmətləri göstərilmişdir.
 
Beynəlxalq əməkdaşlıqla bağlı məsələlərə də Kollegiya tərəfindən xüsusi diqqət ayrılmaqdadır. Əvvəlki illərdə beynəlxalq əməkdaşlığın zəif olmasına baxmayaraq, 2018-ci ildən artıq vəziyyət dəyişməyə başladı. Fəaliyyətini ictimaiyyətə açıq və şəffaflıq üzərində quran Vəkillər Kollegiyası bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı.
 
Bu dövr ərzində BMT-nin ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan Hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı və Beynəlxalq Qırmızı Xaç Təşkilatı ilə əməkdaşlıq münasibətləri davam etdirilərək möhkəmləndirilmiş, Almaniya-Azərbaycan Ticarət Palatası və çoxsaylı beynəlxalq təşkilatların iştirakı ilə müxtəlif tarixlərdə keçirilmiş yerli tədbirlərdə iştirak edilmişdir.
 
2018-2021-ci illərdə Kollegiyanın rəhbərliyi və üzvləri Çin, Polşa, Rusiya, Türkiyə, Avstriya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və bir sıra digər ölkələrdə keçirilən hüquq konfranslarında iştirak etmiş, Azərbaycan vəkilliyini təmsil etmişlər.
 
Ötən dövrdə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının(CCBE), Almaniya Federal Vəkillər Palatasının, Qazaxıstan Vəkillər Kollegiyasının, Vəkillər Kollegiyası Hüquqşünaslarının Beynəlxalq Assosiasiyasının (UIA), Asiya və Sakit Okeanı Ölkələrinin Hüquq Assosiasiyasının (LAWASIA), Belarusun, Rusiyanın  təşkil etdiyi onlayn konfranslarda iştirak edilmişdir. Xüsusilə cari ildə CCBE ilə birgə “Əsas insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası” mövzusunda vəkillər üçün vebinar keçirilmiş və növbəti dövrdə də CCBE ilə vəkillər üçün analoji təlimlərin keçirilməsi planlaşdırılmışdır.
 
Eyni zamanda, ötən dövrdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyasına (UIA) və Asiya və Sakit Okenaı hövzəsi ölkələrinin hüquq cəmiyyətlərinin birliyinə (LAWASIA) üzv seçilmişdir.
 
Həmçinin, vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (CCBE, ICJ) qurulmuş səmərəli əməkdaşlıq münasibətləri çərçivəsində və təklifləri əsasında “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməklə həmin sənədlər beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilmişdir.
 
2019-cu ildə Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə Bakıda silsilə olaraq keçirilmiş beynəlxalq tədbirlərdə 20-dən çox ölkənin vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla, 200-dən çox xarici iştirakçı, o cümlədən Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının rəhbərləri və nümayəndələri, digər dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri və hüquq ictimaiyyətinin təmsilçiləri iştirak etmişdir.
 
Qeyd olunanlar sırasında gənc hüquqşünasların vəkilliyə marağının artırılması da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Vəkillər Kollegiyası ilə ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, Vəkillər Kollegiyasının dəstəyi ilə birgə layihələr, konfranslar, dəyirmi masalar, seminarlar, müzakirələr, məhkəmə müsabiqələri, yay və qış hüquq məktəbləri keçirilir, o cümlədən ELSA üzvləri müraciət edərək vəkil qurumlarında istənilən zaman təcrübə keçirlər. Bundan başqa, 2 il ard-arda Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin həm Azərbaycanda keçirilməsi üçün, həm də qaliblərin ABŞ-dakı raundlarda iştirakı üçün maddi dəstək göstərilmişdir.Həmçinin, Vyanada keçirilmiş 26-cı Beynəlxalq Kommersiya Arbitraj Müsabiqəsində (26th Willem C. Vis Moot) Azərbaycanı təmsil edən komandanın səfər xərcləri qarşılanmışdır.  Bunlarla yanaşı, universitetlərin daxili tədbirləri zamanı, o cümlədən ayrı-ayrı gənclərə müxtəlif sahələrdə dəstək hər zaman göstərilir. Bu mənada Vəkillər Kollegiyasının bu il Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası ilə bağlanmış əməkdaşlıq sazişləri uğurlu təşəbbüs kimi qiymətləndirilə bilər və yaxın zamanda bənzər sazişlər ADA Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası ilə də imzalanacaqdır.
 
Qeyd olunmalıdır ki, vəkillikdə innovasiyaların tətbiqi məsələsi hər zaman xüsusi həssaslıqla yanaşılan məsələlərdən biridir. Vətəndaşların hüquqi yardıma əlçatanlğını təmin etmək üçün, Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılmışdır. Həmçinin, hər bir vəkil üçün elektron kabinet istifadəyə verilmiş, Kollegiyanın rəsmi sənədləri və vəkillərə aid sənədlər həmin bölmədə yerləşdirilmişdir. Bundan başqa, Vəkillər "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya olunaraq hər bir vəkil üçün yaradılmış “şəxsi kabinet” vasitəsilə məhkəmələrə iddialarını elektron qaydada göndərə, işlər barədə sms və e-poçt vasitəsilə məlumatlandırıla və məhkəmə sənədlərini elektron qaydada əldə edə bilirlər.
 
2020-ci ildə pandemiya səbəbilə, karantin rejimi nəzərə alınmaqla "LegalAid" elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilmişdir. Həmçinin, vəkil sorğularının elektron formada əldə olunması üzrə müvafiq qurumlar ilə hazırda işlər davam etdirilməkdədir. Bundan başqa, ötən dövrdə “Davamlı tədris üzrə” elektron platformalar vəkillərin istifadəsinə təqdim olunmuşdur və yaxın gələcəkdə “Elektron vəkil orderi” platforması da istifadəyə veriləcəkdir.
 
Nəzərə çatdırmaq istərdim ki, bu günlərdə Azərbaycan vəkillərinin peşə bayramı olan 28 dekabr - Vəkil Günü ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 17-də Muzey Mərkəzində “Dünya vəkil cübbələri və atributları” sərgisi açılmışdır. Qeyd olunan sərgi 29 dekabr tarixinədək ziyarətçilərin üzünə açıq olacaqdır.
 
Yuxarıda qeyd olunanlardan başqa vurğulamaq lazımdır ki, ötən il dövlət baçısı cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kollegiyanın bir qrup üzvləri “Tərəqqi” medalı ilə də təltif edilmişlər. Bu, dövlətin vəkilliyə verdiyi əhəmiyyət kimi də qiymətləndirilməlidir.
 
Təbii ki, qeyd olunanlar vəkillik sahəsində son dövrlər görülmüş işlərin kiçik bir hissəsini əhatə etməsinə baxmayaraq, Vəkillər Kollegiyası öz missiyasına sadiq qalmaqla insanlarımıza xidmət, qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.
 
Beləliklə, bu gün ölkəmizdə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları hüququn bir çox sahələrini əhatə edib. Qeyd olunan sahədə bu qədər mütərəqqi islahatlar fonunda vəkillik institutunun da hüququn digər sahələri ilə həmahəng inkişafının təmin edilməsi zəruridir. Eyni zamanda, vəkilliyin müstəqil təsisat olmasını və onun nüfuzunun artırılması vəzifəsinin bizim üzərimizə düşdüyünü nəzərə alaraq, bizim yerimizə kiminsə gəlib vəkillikdə islahatlar aparmasını gözləmək düzgün olmazdı. Əgər bu gün peşəmizin inkişafında, Konstitusiyamız ilə üzərimizə qoyulan vəzifələrimizin, xüsusilə vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin edilməsində maraqlıyıqsa, o zaman biz peşəkar bilik və vərdişlərimizin daim inkişaf etdirilməsinə çalışmalı, aparılan müsbət işlərə öz əməli töhfəmizi verməliyik.
 
Anar BAĞIROV,

Vəkillər Kollegiysının sədri, Məhkəmə-hüquq şurasının üzvü,

hüquq üzrə fəlsəfə doktoru.