Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
“Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa keçirildi - FOTO
03.03.2022 2200

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə 3 mart 2022-ci il tarixində, “Excelsior” mehmanxanasında “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib.

E-huquq.az xəbər verir ki, tədbir Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kollegiyanın rəhbərliyi və 50-dən çox qadın vəkilin iştirakı ilə baş tutub.

Dəyirmi masanın əsas məqsədi qadın vəkillərin cəmiyyətdə rolu, həssas qrupların hüquqi yardıma çatımlılığı, məişət zorakılığı qurbanlarının müdafiəsində qadın vəkillərin rolu, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsində qadın vəkillərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması və qeyd edilən sahələrdə Kollegiya və Komitənin əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova tədbirin təşkili üçün Kollegiyanın rəhbərliyinə öz təşəkkürünü bildirmiş, tədbir iştirakçılarına Komitəyə daxil olan sorğularla bağlı işlərdə qadın vəkillərin fəaliyyətinin önəmindən, bu sahədə uğurlu dövlət siyasətindən, ölkə Prezidenti və Birinci Vitse-prezidentin qeyd edilən sahələrə xüsusi diqqətindən, o cümlədən məişət zorakılığı və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsində Kollegiya ilə birgə fəaliyyətin davam etdirilməsindən bəhs etmişdir. Bundan əlavə, B.Muradova “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan qadınlarının təltif edilməsi haqqında”, o cümlədən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamlarının və bu sahədə fəaliyyətin səmərəli təşkilinə töhfə verən bir sıra digər sənədləri xüsusi qeyd edib.

Daha sonra Kollegiyanın sədri Anar Bağırov tədbirin Azərbaycan vəkilliyi üçün əhəmiyyətini vurğulayaraq vəkillikdə gender balansının təmin edilməsinin vacibliyindən, bu sahədə görülmüş layihələrdən, qadın vəkillərin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasının zərurətindən, Komitə tərəfindən Kollegiyaya daxil olan sorğuların xüsusi həssaslıqla araşdırılmasından danışıb, o cümlədən qadınlar arasında vəkilliyə marağın çoxalmasını və son 4 ildə qadın vəkillərin sayının 3 dəfə artmasını qeyd edib. Bundan başqa, A.Bağırov əlavə edib ki, 10 dekabr 2019-cu il tarixində Komitə, Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair imzalanmış Memorandumun icrası çərçivəsində məişət zorakılığının qurbanlarına əvəzsiz hüquqi yardımın göstərilməsi ötən bu dövrdə də Kollegiya tərəfindən təmin edilib.

Tədbirdə Vəkillər Kollegiyasının üzvləri qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı çətinliklər və onların həlli yolları, müasir dövrdə qadın vəkillərin İKT-dən istifadəsi, o cümlədən qadın vəkillərin təşkilatlanması və birgə fəaliyyəti mövzusunda təqdimatla çıxış etmişdirlər və aktiv müzakirələrdə iştirak ediblər.

Sonda tədbir iştirakçılarına Şuşa şəhərində anadan olmuş türk dünyasının ilk qadın vəkili olan Sürəyya Ağaoğlunun xatirələrinə həsr olunmuş və Azərbaycanda dərc edilmiş “Bir ömür belə keçdi” adlı kitab hədiyyə edilib.