Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
"1958-ci il Nyu-York konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının Təlimatı: Hakimlər üçün əl kitabı"nın təqdimatı keçirilib
28.10.2022 105
Oktyabrın 28-də “1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA) Təlimatı: Hakimlər üçün əl kitabı”nın təqdimatı keçirilib.
 
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyəsi və Vəkillər Kollegiyası ilə KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, deputatlar, vəkillər, elm xadimləri, ekspertlər və hüquqşünaslar iştirak ediblər.
 
Əvvəlcə Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirilib ki, Vəkillər Kollegiyası ilə BMT və onun ixtisaslaşdırılmış təşkilatları, xüsusilə də İnsan Hüquqları üzrə Ali Komissarlıq arasında uzun müddətli və səmərəli əməkdaşlıq var. Bu əməkdaşlıq çərçivəsində bir sıra dərs və metodik vəsaitlər çap olunub, regionlarda vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması ilə bağlı vətəndaşlara ödənişsiz hüquqi yardımlar göstərilib. Eyni zamanda 20-dən çox vəkil BMT və onun ixtisaslaşdırılmış orqanları ilə əməkdaşlıq çərçivəsində hakimlər, vəkillər, ədliyyə və prokrorluq orqanı əməkdaşları üçün təşkil olunan təlimlərdə təlimçi kimi fəaliyyət göstərirlər.
 
Sədr təqdimatı keçirilən vəsaitin hüquq ictimaiyyəti üçün əhəmiyyətindən danışaraq tədbirin ərsəyə gəlməsində xüsusi rolu olan BMT-nin İnsan Haqları Komissarlığının Azərbaycan Ofisinə, xüsusilə Komissarlığın milli müşaviri Kamran Bağırova, Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA-nın) təmsilçisi Deyvid Reyzenberqə, habelə təqdimatı keçirilən kitabın Azərbaycan dilində hazırlanmasında xüsusi əməyi keçmiş Vəkillər Kollegiyasının üzvləri Toğrul Quluzadə və Şahlar Məmmədova təşəkkürünü bildirib.
 
"Qeyd olunan kitabın bir neçə il əvvəl nəşr olunmasına baxmayaraq, hesab edirəm ki, onun ölkəmizdə məhz bu dövrdə işıq üzü görməsi xüsusilə əlamətdardır. Düzdür, ölkəmiz Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyasına 1996-cı ildə, Nyu-York Konvensiyasına 1999-cu ildə qoşulmuşdur, həmçinin təxminən eyni dövrdə “Beynəlxalq arbitraj haqqında” Qanun qəbul olunsa da, etiraf etmək lazımdır ki, qeyd olunan Arbitraja müraciət son illər daha da aktuallaşmışdır. Fikrimcə, bu aktuallaşmada ölkədə biznes mühitinin inkişafı, onun sağlamlaşdırılması mühüm rol oynayır", - deyə A.Bağırov qeyd edib.
 
Daha sonra tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes mübahisələrinin alternativ həll yolu kimi arbitrajın tətbiqi və təşviqinin əhəmiyyətinə toxunub, bu sahədə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib. Qeyd edib ki, arbitrajla bağlı beynəlxalq təcrübənin öyrənilməsi və təbliği məqsədilə nüfuzlu beynəlxalq arbitrların, təşkilatların və kommersiya arbitraj mərkəzlərinin nümayəndələrinin iştirakı ilə konfrans və seminarlar keçirilə bilər. O.Məmmədov bildirib ki, belə tədbirlərin təşkilinə KOBİA da öz dəstəyini göstərə bilər. Kommersiya hüququ sahəsində arbitraj üsulunun tətbiqi xarici investorların öz hüquqlarının qorunmasının əlavə qarantiya mexanizminə çevrilməklə onların ölkəyə investisiya etməsinin və bununla da kiçik və orta biznesin hərəkətliliyinin dahada artırılmasına xidmətin mümkündür.
 
"Mübahisələrin alternativ həlli ilə bağlı KOBİA qarşısında mühüm istiqamətlər durur. Abritaj qurumları yaradılarkən müvafiq dövlət dəstəyinin gösstərilməsi, zəruri hüquqi bazanın yaradılmasını vacibdir. Abritaj bütün dünyada xarici investorlar üçün mübahisələrin həllinə üstünlük verən metoda çevrilib. Güclü abritaj qanunun olması xarici investiyanın axışı üçün böyük imkan yaradır", - deyə KOBİA sədri vurğulayıb.
 
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova da çıxışında belə bir kitabın Azərbaycan dilinə tərcümə olunmasını yüksək qiymətləndirib. O, vəsaitin əhəmiyyətindən danışıb və nəşrin ərsəyə gəlməsində rolu olanlara təşəkkür edib.
 
Tədbirdə eyni zamanda çıxış edən Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA-nın) təmsilçisi Deyvid Reyzenberq həmin təşkilatın yaradılması tarixi və onun yaradılmasının əhəmiyyətindən beynəlxalq səviyyədə baş vermiş real kazuslardan istifadə etməklə danışmış, müasir dövrdə dünya ölkələrin böyük əksəriyyətinin (170 ölkənin) Nyu-York konvensiyasına qoşulmasının baş tutmuş olmasından lakin, hələ də bəzi ölkələrin qoşulmaması barədə məlumat vermişdir. O, həmçinin dövlətin beynəlxalq səviyyədə kommersiya fəaliyyətinə dəstəyinin ən önəmli nümunələrindən birinin də 1958-ci il konvensiyasına hələ 22 il bundan öncə qoşulmağın olduğunu bildirmişdir. O, həmçinin “Əl-Qərqani” işi üzrə arbitraj qərarının icrası haqqında təqdimatla da çıxış etmişdir.
 
Qeyd edək ki, Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabı xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha təfərrüatlı öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası (ICCA) tərəfindən nəşr olunub. Kitab 10-dan çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib. Kitabın Azərbaycan dilində tərcüməsi beynəlxalq təşkillatın əsas veb-saytında hər kəs üçün əl çatan olması üçün yerləşdirilmişdir.
 
Qeyd edək ki, ICCA-nın rəsmi veb-saytında bu kitab dünya ictimaiyyəti üçün müxtəlif dillərdə mövcuddur və artıq bu dillər sırasına hazırda azərbaycan dili də əlavə edilmişdir.  Kitabın elektron versiyası ilə buradan tanış ola bilərsiz.