Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Müzəffər Ağazadə: Məhkəmə çıxışlarının sual doğuran cəhətləri
21.08.2013 496



Respublikanın əməkdar hüquqşünası, Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri Müzəffər Ağazadənin “Azərbaycan vəkili” jurnalının ikinci sayında nəşr olunmuş məqaləsi
 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin bir neçə müdafıəçisi ola bilər. Bu norma cinayət hadisələrinin həm ibtidai araşdırma, həm də məhkəmə baxışı mərhələlərinə aiddir. Cinayət-prosessual qanunvericiliyə görə cinayət işlərinin məhkəmə baxışı zamanı cinayət prosesinin ittiham tərəfi də belə hüquqa malikdir. Yəni cinayət işlərinin məhkəmə baxışında müdafıə tərəfı kimi ittiham tərəfi də bir neçə dövlət ittihamçısı ilə təmsil oluna bilər. Belə hallar əsasən mürəkkəb və çoxepizodlu işlərin məhkəmə baxışı zamanı baş verir.       

Ölkə məhkəmələrinin təcrübəsində bir təqsirləndirilən şəxsin hüquqlarının bir neçə müdafiəçi (vəkil) tərəfindən müdafiə edilməsi, yaxud da bir məhkəmə prosesində bir neçə dövlət ittihamçısının iştirak etməsi nadir hadisə deyildir. Ümumiyyətlə, məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçılarının və eyni təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən müdafiəçilərin (vəkillərin) say tərkibinin birdən artıq olması özlüyündə elə də maraq kəsb etmir. Yalnız məhkəmə iclasının yekun mərhələsində, yəni məhkəmə çıxışları zamanı müəyyən problemlər yaranır. Bu problem isə ondan ibarətdir ki, məhkəmə çıxışlarında çoxtərkibli dövlət ittihamçısılarının, habelə eyni təqsirləndirilən şəxsin müdafiəçilərinin hamısımı iştirak etməlidir?

Məsələn, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılan bir cinayət işi üzrə bir təqsirləndirilən şəxsin dörd müdafiəçisi olmuşdur və onların hər biri ayrı-ayrılıqda məhkəmə çıxışlarında iştirak etmişlər. Bunun nə dərəcədə məntiqi və qanuni olduğunu məhkəmə iclasına sədrlik edən hakimdən soruşduqda, o bildirdi ki, əlbəttə işdə bir ittiham nitqi olduğu kimi eyni təqsirləndirilən şəxs barəsində bir müdafiə nitqinin olması daha məntiqidir. Bununla yanaşı hakim qeyd etdi ki, əvvəla, qanunda və müdafiə hüququ ilə bağlı ədəbiyyatda bu məsələ barədə konkret göstəriş yoxdur. Digər tərəfdən təqsirləndirilən şəxsin bütün vəkillərinə müdafiə çıxışlarının verilməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən onun müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilər.         

Eyni məsələ barədə fikir mübadiləsi apardığımız apellyasiya instansiyası məhkəmələrinin hakimləri də birmənalı fikir söyləyə bilmədilər. Onlardan bəziləri hesab etdi ki, doğrudan da bu məsələ ilə bağlı qanunvericiliyin özündə boşluq vardır. Digərləri bildirdilər ki, təcrübədə belə hallara rast gəlsələr də, məsələnin mahiyyətinə varmamışlar. Üçüncü qisim hakimlər isə sorğunu rus məsəli ilə "yola verdilər": (maslo kaşu ne portit).

Məhkəmə təcrübəsində suallar doğurduğundan, hətta problemlər yarandığından bu məsələ ilə dərindən maraqlanmağa dəyər. Bu yazıda həmin məsələyə aydınlıq gətirməyə çalışacağıq.       

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə görə cinayət prosesinin tərəfləri - çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçılarıdır. İttiham tərəfi dedikdə, birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror (məhkəmə prosesində dövlət ittihamçısı), habelə zərərçəkmiş şəxs, xüsusi ittihamçı və mülki iddiaçı, müdafiə tərəfi dedikdə isə birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun nümayəndəsi (vəkili) və mülki cavabdeh başa düşülür (CPM-nin 7, 84-93-cü maddələri). Biz bu yazıda ittiham tərəfi kimi yalnız dövlət ittihamçılarını, müdafiə tərəfi kimi isə yalnız müdafiəçiləri (vəkilləri) nəzərdə tutacağıq.

CPM-nin 32-ci maddəsinə görə Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara bərabər imkanlara malikdir.

Uzun illərin məhkəmə təcrübəsində eyni məhkəmə prosesində birdən artıq ittiham nitqi söylənməsi halına təsadüf edilmədiyimdən hesab edirik ki, eyni təqsirləndirilən şəxsin vəkillərinə ayrı-ayrılıqda müdafiə çıxışı verilməsi məhkəmə prosesi tərəflərinin CPM-nin 32-ci maddəsi ilə müəyyən edilən bərabər hüquqlara və imkanlara malik olması prinsipini pozur. Çünki məhkəmə çıxışlarında bir ittiham nitqinə cavab olaraq bir neçə müdafiə nitqi söylənilir.          

Bu məsələni araşdırarkən cinayət prosessual qanunvericilikdə maraqlı bir norma ilə rastlaşdıq. CPM-nin məhkəmə çıxışları və təqsirləndirilən şəxsin son sözündən bəhs edən XLIV fəslində, daha doğrusu 340.2-ci maddəsində deyilir:

Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə, işdə bir neçə zərərçəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı və onların nümayəndələri, təqsirləndirilən şəxs və onun müdafiəçisi, mülki cavabdeh və onun nümayəndəsi iştirak etdikdə, məhkəmə iclaslarında sədrlik edən öz çıxışlarının ardıcıllığını müəyyən etmək üçün onlara vaxt verir.

Diqqət yetirsək, görərik ki, bu norma dövlət ittihamının bir nəfər tərəfindən deyil, bir neçə nəfər tərəfindən müdafiə edilməsi hallarına aiddir. Maddənin məzmunundan belə çıxır ki, məhkəmə iclasında iştirak edən bütün dövlət ittihamçıları ayrı-ayrılıqda ittiham nitqi söyləmək hüququna malikdirlər. Belə olmasaydı, çıxış etmə ardıcıllığından bəhs edən 340.2-ci maddədə dövlət ittihamçılarını xatırlatmağa ümumiyyətlə ehtiyac yox idi. Çünki həm məntiqə, həm də CPM-nin 340.1-ci maddəsi ilə müəyyən edilən normaya görə dövlət ittihamçısı onsuz da məhkəmə çıxışları zamanı birinci çıxış etməlidir.     

Beləliklə aydın olur ki, birdən artıq dövlət ittihamçısının və eyni təqsirləndirilən şəxsin bir neçə müdafiəçisinin iştirak etdiyi məhkəmə proseslərində AR CPM-nin 32-ci maddəsi ilə müəyyən edilən tərəflərin bərabərliyi prinsipi heç də pozulmur. Çünki CPM-nin 340-cı maddəsi məhkəmə prosesində iştirak edən dövlət ittihamçılarının hamısına məhkəmə çıxışlarında iştirak etmək hüququ verdiyi kimi (hərçənd bu günə kimi respublikanın məhkəmə təcrübəsində buna təsadüf edilməmişdir) mövcud məhkəmə təcrübəsi də eyni təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən bütün vəkillərin ayrı-ayrılıqda müdafiə nitqi söyləmələrinə rəvac verir. Cinayət-prosessual qanunda bu prosedurları qadağan edən hər hansı norma yoxdur.

İndi görək haqqında söhbət gedən məsələ barəsində qanun norması və mövcud məhkəmə təcrübəsi nə dərəcədə məntiqi və əsaslıdır.

Məlumdur ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə verilən ittihamı təmsil etdiyi dövlətin adından müdafiə edir. O, öz çıxışında məhkəmə araşdırmasının nəticəsi kimi bir sıra məsələlər, o cümlədən cinayət hadisəsinin olub-olmaması, əməlin cinayət tərkibini yaradıb- yaratmaması, ittihamın sübuta yetib-yetməməsi, əməlin tövsifi, təqsirkara tətbiq edilməli cəzanın növü, həddi, miqdarı və bir çox başqa məsələlər barədə özünün daxili inamına əsaslanan mülahizələrini məhkəmənin diqqətinə çatdırır. İşin konkret hallarını təhlil edən dövlət ittihamçısı öz mülahizələrində müstəqil olduğu üçün ittihamdan tam və qismən imtina da edə bilər. Məntiqə görə məhkəmə çıxışlarında iştirak edən dövlət ittihamçılarının hər biri belə hüquqa malikdir.

Belə proseslərdə bir neçə ittiham nitqinin mövcudluğu məhkəmənin yekun qərar qəbul etməsi ilə bağlı həlli mümkün olmayan problemlər yaranmasına səbəb ola bilər. Bu, xüsusilə çoxepizodlu ittihamlarla bağlı çıxışlara aiddir. Eyni ittiham aktı üzrə bir neçə dövlət ittihamçısının məhkəmə çıxışlarında iştirak etməsi hallarında onlar biri digərindən fərqli fikirlər söyləyə bilərlər. Məsələn, nəzəri cəhətdən məhkəmə çıxışlarında iştirak edən dövlət ittihamçılarından biri ittihamın konkret epizodu üzrə təqsirləndirilən şəxsi təqsirli bildiyi halda, digər ittihamçı bu epizod üzrə ittihamın sübuta yetməməsi, əməlin cinayət tərkibi yaratmaması və sair əsaslarla ittihamdan imtina edə bilər. Cinayət—prosessual qanunvericilikdə ittihamçılardan hər hansı birinə baş ittihamçı statusu verilməsi nəzərdə tutulmadığından məhkəmənin həmin konkret epizod və ya maddə üzrə nə kimi mövqe tutacağı aydın deyildir. CPM-nin 43-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, cinayət təqibinə xitam verilməlidir. Əgər eyni prosesdə iştirak edən digər dövlət ittihamçısı ittihamda israrlıdırsa, onda necə olsun? Nəzərə almaq lazımdır ki, qanunun mənasına görə dövlət ittihamçısı işin məhkəmə baxışı zamanı ittihamdan tam və ya qismən imtina etdikdə, məhkəmə həmin andan etibarən hər hansı araşdırma aparmadan, dövlət ittihamçısının təklifınin əsaslı, qanuni olmasını müzakirə etmədən bu ittiham üzrə cinayət təqibinə xitam verməlidir.

Qeyd edildiyi kimi Azərbaycan Respublikasının bu vaxta qədərki məhkəmə təcrübəsində birdən artıq dövlət ittihamçısının iştirak etdiyi məhkəmə proseslərində bir neçə ittiham nitqi söyləməsi hallarına təsadüf edilməmişdir. Həmkarlarımın deməsinə görə, belə hala hüquqi ədəbiyyatda, hətta kinofilmlərdə də rast gəlməmişlər.

Konkret iş üzrə məhkəmə çıxışlarında bir neçə dövlət ittihamçısının iştirak etməsini təsəvvür etmək də çətindir. Çünki dövlət ittihamçısının ittiham nitqində dövlətin iradəsi ifadə olunur və burada iki fərqli mövqe ola bilməz. Məhkəmə prosesində bir neçə dövlət ittihamçısı olduqda, onlar öz aralarında dövlət ittihamçısının çıxışının mahiyyətini formalaşdırmalı və bu çıxış dövlət ittihamçılarından yalnız biri tərəindən həyata keçirilməlidir.

Bu fikir CPM-nin 340.2-ci maddəsi ilə müəyyən edilən dövlət ittihamçısı ilə bağlı norma ilə uzlaşmasa da, məntiqidir və mövcud məhkəmə təcrübəsində heç bir problem yaratmadan tətbiq olunur. Fikrimizcə, CPM-nin 340.2-ci maddəsi ilə müəyyən edilən norma məntiqə və məhkəmə təcrübəsinə zidd olduğu üçün qanundan çıxarılmalıdır.

Həmin maddənin birinci cümləsinin aşağıdakı məzmunda verilməsi daha məqsədəuyğundur:

İşdə bir neçə zərərçəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı və onların nümayəndələri, təqsirləndirilən şəxs və onun nümayəndəsi, mülki cavabdeh və onun nümayəndəsi iştirak etdikdə, məhkəmə iclasında sədrlik edən öz çıxışlarının ardıcıllığını müəyyən etmək üçün onlara vaxt verir.

Əslində CPM-nin 340.2-ci maddəsini qanunvericilikdə saxlamağa ümumiyyətlə ehtiyac yoxdur. Çünki məhkəmə prosesində çıxışların növbəliliyi və ardıcıllığı 340.1-ci maddəsində öz əksini tapmışdır.

Cinayət-prosessual qanunvericilikdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi olması hallarında onların hamısının məhkəmə çıxışlarında iştirakını nə qadağan edən, nə də təqdir edən norma yoxdur. "Qadağan edilməyibsə, icazəlidir" kimi məşhur deyimi əsas götürsək, mövcud məhkəmə təcrübəsinə haqq qazandırılmalıdır. Yəni eyni təqsirləndirilən şəxsin bütün müdafiəçilərinə müdafiə çıxışı verilməlidir. Lakin burada digər məşhur deyim də yada düşür: "İki hüquqşünas olan yerdə üç fikir olur". Yəni məhkəmə çıxışlarında iştirak edən eyni təqsirləndirilən şəxsin müdafiəçiləri ittihama fərqli mövqedən yanaşa bilərlər. Təqsirləndirilən şəxs müdafiəçilərin fərqli mövqelərindən yalnız biri ilə razılaşa bildiyindən burada onun müdafiə hüququnun pozulması halı da baş verir. Digər tərəfdən eyni şəxs barəsində bir ittiham nitqinin qarşısında iki və daha çox müdafiə çıxışı edilməsinə yol verilməsi CPM-nin 32-ci maddəsi ilə müəyyən edilən cinayət prosesi tərəflərinin bərabərliyi prinsipini də pozur.

Başqa ölkələrin qanunvericiliyində də eyni təqsirləndirilən şəxsin bütün müdafiəçilərinin məhkəmə çıxışlarında iştirak etməsi barədə məlumatımız yoxdur. Məsələn, ATƏT-in Bakı Ofisi Qanunun Aliliyi və İnsan hüquqları şöbəsinin əməkdaşı, uzun illər hakim işləmiş norveçli Rolf Merkol eyni təqsirləndirilən şəxs haqqında məhkəmə prosesində müdafiə tərəfinin bir neçə məhkəmə çıxışında iştirakını eşitdikdə, təəccübləndi və bildirdi ki, Norveçdə bir şəxs haqqında yalnız bir müdafiə nitqi olur.

Hesab edirik ki, təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi olması hallarında da müdafiə çıxışı bir dəfə olmalıdır. Müdafiə çıxışı digər müdafiəçi ilə (müdafıəçilərlə), həmçinin təqsirləndirilən şəxslə razılaşdırıldıqdan sonra müdafiəçilərdən yalnız biri çıxış etməlidir. Başqa sözlə desək, eyni şəxs haqqında bir neçə müdafiə nitqlərinin olması ilə razılaşmaq çətindir.

Eyni təqsirləndirilən şəxs haqqında bir neçə müdafiə nitqlərinə yol verilməsindən bəzən neqativ məqsədlər üçün də istifadə edilir. Müdafiə nitqlərinin çoxluğu məhkəmə iclaslarını pozmaq, yaxud uzatmaq üçün münbit şərait yaradır. Müdafiə çıxışı etməli olan vəkillər dövlət ittihamçısının ittiham nitqindən sonra xarici ölkələrə getmək, əmək qabiliyyətsizliyi vərəqəsi almaq və sair yollarla məhkəmə çıxışlarından yayınmaqla məhkəmə prosesini uzadırlar. Çox hallarda bu, təqsirləndirilən şəxsi müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmək məqsədi ilə edilir. Çünki AR Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə cinayətlərin təsnifatlarından asılı olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti müəyyən edilmişdir. Həm də bu müddət cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək, başqa sözlə desək, hökmdən şikayət və ya protest verildiyi hallarda iş üzrə apellyasiya qərarı qəbul edildiyi anadək hesablanır (CM-nin 75.2-ci maddəsi). Məhkəmə iclasını qanuni əsas olmadan süni surətdə uzatmaqla müdafiəçilər bəzən təqsirləndirilən şəxsin cinayət məsuliyətindən və cəzadan azad olunmasına nail olurlar (CM-nin 75.2-ci maddəsinin nə qədər məntiqə uyğun olması başqa söhbətin mövzusudur).

Beləliklə də aydın olur ki, cinayət-prosessual qanunvericilikdə söhbət gedən məsələləri nizamlayan məntiqi norma yoxdur. Hesab edirik ki, bu məsələ qanunvericiliyə, yaxud AR Ali Məhkəməsi Plenumunun «Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 1994-cü il 2 dekabr tarixli qərarına əlavələr etməklə nizama salına bilər. Hüquqşünasların, xüsusilə də hakimlərin, dövlət ittihamçılarının və müdafiəçilərin bu məsələyə münasibəti bizim üçün maraqlı olardı.

P.S. Bu yazıdan sonra Abşeron rayon məhkəməsində baxılan və ictimai rezonans doğuran bir iş üzrə müdafiə tərəfinin mövqeyi toxunulan problemin aktuallığını daha da artırır. Təqsirləndirilən şəxs N.Yaqublunun hüquqlarını həmin məhkəmə iclasında 3 müdafiəçi müdafiə etmiş və prosesdə dövlət ittihamçısının bir ittiham nitqinə qarşı üç müdafiə nitqi söylənmişdi. Mətbuatda gedən məlumata görə müdafiə nitqlərində müdafiəçilərdən biri təqsirləndirilən şəxsə bəraət verilməsini, digəri onun təqsirli bilinməsi, lakin şərti olaraq məhkum edilməsini, üçüncüsü isə işin əlavə ibtidai araşdırma aparılması üçün qaytarılmasını (mövcud cinayət-prosessual qanuna zidd olsa da) xahiş etmişlər. Belə vəziyyətdə müdafiə tərəfinin mövqeyini necə başa düşməli?