Vəkillər Kollegiyasının, Hakimlərin Seçki Komitəsinin üzvü, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, h.e.f.d. Anar Bağırov “Şərq Tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi” layihəsi çərçivəsində AŞ və AB-nin birgə təşkil etdikləri və cari ilin 14-15 fevral tarixləri arasında Fransanın Strasburq şəhərində keçirilən layihənin 2-ci təşkilati toplantısında iştirak etmişdir. Məlum olduğu kimi Anar Bağırov layihənin İşçi Qrupunun 2011-ci ilin 31 avqust - 02 sentyabr tarixlərində keçirilmiş 1-ci iclasında Azərbaycan üzrə eksperti seçilmişdir.
Tədbirdə Azərbaycan, Gürcüstan, Belarus, Ermənistan, Moldova, Ukraynadan, habelə Avropa Şurasını təmsil edən peşəkar hüquqşünaslardan ibarət heyət iştirak etmişdir.
Qeyd olunan yığıncaqda adıçəkilən ölkələrdə vəkillik fəaliyyətinin durumu ilə bağlı hazırlanmış hesabatın layihəsi müzakirə olunmuşdur. Çıxışlar zamanı Hesabat layihəsinin ölkəmizlə bağlı müddəalarına dair Azərbaycan təmsilçiləri tərəfindən müvafiq şərhlər verilmiş və layihə sənədinin təkmilləşdirilməsi mövzusu ətrafında müzakirələr aparılmışdır. Tədbir çərçivəsində Anar Bağırovun vəkilllərin rolu, vəkillik fəaliyyətinin etik standartları, habelə vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Hesabat layihəsində əks olunan məqamlara dair çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzuya dair suallar natiq tərəfindən ətraflı cavablandırılmışdır.
Görüşdə həmçinin Şərq tərəfdaşlığı ölkələrində vəkilliyin inkişaf perspektivləri, bu sahədə Avropa standartlarının tətbiqi ilə əlaqədar əsas maneələr və tövsiyələrə toxunulmuş, vəkillik peşəsinin vəziyyətinə dair iştirakçı olkələrin məruzələri dinlənilmişdir.
Tədbirdə Hakimlərin Seçki Komitəsinin üzvü, h.e.d. Fuad Cavadov və "Hüquq Maarifçiliyi Cəmiyyəti" İB-nin sədri İntiqam Əliyev iştirak etmişlər.
AHİM-nin mətbuat xidməti










