Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
“Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlanıb
18.08.2022 2122
 Məlum olduğu kimi, 2018-ci ilin əvvəllərindən başlayaraq, bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus vasitəsilə hər həftə Bakıdakı vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilir.
 
O cümlədən, Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi (HYTM) tərəfindən bu işlər mərkəzləşdirilmiş qaydada daha geniş formatda həyata keçirilir.
 
Ümumilikdə isə, bu aksiyalar çərçivəsində, 25 850-dən çox aztəminatlı şəxslərə ödənişsiz hüquq yardım xidmətləri göstərilmişdir.
 
Bununla yanaşı, Vəkillər Kollegiyası ilə çoxsaylı dövlət və qeyri-dövlət, o cümlədən beynəlxalq təşkilatlar arasında sözügedən sahədə səmərəli əməkdaşlıq qurulmuş və görülən işlər çərçivəsində BMT İnkişaf Proqramı ilə birlikdə regionlarda həssas qruplar və aztəminatlı vətəndaşlar üçün çoxsaylı layihələr icra edilmişdir.
 
Regionlarda həyata keçirilən ödənişsiz hüquqi yardım fəaliyyətlərində çalışan şəxslərə kömək etmək üçün metodik vəsaitə olan zərurət nəzərə alınaraq, BMT İnkişaf Proqramının əsas təşəbbüsü ilə “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlanmışdır.
 
Azərbaycan dilində nəşr olunan bu Bələdçinin 18 avqust 2022-ci il tarixində təqdimatı keçirilmiş və hüquqşünasların istifadəsinə verilmişdir.
 
Təqdimat mərasimində Bakıda fəaliyyət göstərən Vəkil Bürolarından savayı, Gəncə və Şəki regional Vəkil Büroları, Quba rayon Vəkil Bürosu da daxil olmaqla, müxtəlif regionlardan vəkillər iştirak etmişdir.
 
Eyni zamanda, tədbirdə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov təqdimatla çıxış edərək, Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti formalaşandan bu günə qədər Kollegiya tərəfindən həyata keçirilən ödənişsiz hüquqi yardımlar haqqında tədbir iştirakçılarına ümumi məlumat vermişdir.
 
Bələdçi sosial hüquqlar üzrə hüquqi yardımın mahiyyətinə uyğun olaraq nəzəri və praktik hissələrdən ibarət hazırlanıb. Bələdçinin nəzəri hissəsində sosial hüquqların hüquqi əsasları, onların inzibati qaydada və məhkəmə müdafiəsi, məhkəmə sistemi, məhkəməyə qədər məcburi ilkin mediasiya ilə bağlı materiallar verilib.
 
Praktik hissəsində isə, inzibati orqanlara və məhkəmələrə ərizə və şikayətlərin formaları və nümunələri verilib. Burada inzibati orqanlara ərizə və şikayətlərin, mülki və inzibati məhkəmələrə iddia ərizələrinin forma və nümunələri, apellyasiya və kassasiya məhkəmələrinə şikayətlərin formaları əksini tapıb.

Bələdçini bu keçid vasitəsilə əldə edə bilərsiniz.